"Məsih" sözünün mənası nədir? Niyə xristianlar Həzrət İsaya (ə) məsih deyirlər?
Milli.Az islam.az-a istinadən bildirir ki, Bu sözün ərəb dilindən tərcüməsi "məsh edilmiş, üzərinə əl sürtülmüş" deməkdir. İbrani (qədim yəhudi) dilindəki "meşşiax" (alnına yağ sürtülmüş, nişan qoyulmuş) kəlməsindən qaynaqlandığı ehtimal edilir. Qədim ənənəyə görə, padşahlığa gətirilən şəxsin alnına ətirli zeytun yağı sürtərdilər. Bu sözü yəhudi dilindəki "maşiyax" (xilaskar) kəlməsinin ərəbləşdirilmiş variantı da hesab edirlər.
Başqa bir nəzəriyyəyə görə, İsa Peyğəmbər (ə) əlini xəstələrin bədəninə çəkməklə onları sağaltdığı üçün o həzrətə "məsih", yəni "məsh edən, əlini sürtən, sığallayan" ləqəbi verilmişdi.
"Məsih" sözünün ərəb dilində "səyahət edən, gəzən" mənası verdiyini də bildirirlər. Bu da Həzrət İsa Peyğəmbərin (ə) daimi yaşayış yeri olmadan şəhərdən-şəhərə gəzərək öz təlimini yayması ilə əlaqələndirilir.
Milli.Az