Cəmiyyət

Azərbaycanda ekoloji əkinçilik necə olmalıdır?

11 Fevral 2014 16:05
0 Şərh     Baxış: 6 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ekoloji əkinin məhsuldarlığını artırmaq və ziyanvericilərlə mübarizə yollarından biri də növbəli əkin sistemidir. Bitkiçilikdə növbəli əkin torpağın məhsuldarlığını artırmaq, keyfiyyətli məhsul əldə etmək məqsədilə eyni tarlada fərqli növ bitkilərin növbə ilə yetişdirilməsidir. Müxtəlif növ birkilərin yetişdirilməsi plan və proqram əsasında seçilir. Əkin növbəliliyi gözlənmədikdə torpaq mənşəli xəstəliklər artır, torpaqdakı üzvi maddələrin miqdarı daim azalır və mineral elementlərin tarazlığı pozulur. 

Müasir əkinçilikdə sintetik kimyəvi maddələrin istifadəsi geniş yayılıb. Bunun əsas səbəbi daha yüksək məhsuldarlıq əldə etməkdir. Ancaq bu sahədə kimyəvi maddələrin istifadəsi həddindən artıq, məsələyə elmi yanaşma isə aşağı səviyyədədir. Bu da torpaqları, yeraltı və yerüstü suları çirkləndirməkdə və ekoloji tarazlığı pozmaqdadır. Tərkibindəki mikroorqanizmlər, böcək və soxulcanlarla canlı bir ekosistem yaradan torpaqdakı tarazlığın kimyəvi maddələr və erroziya ilə pozulması getdikcə onun məhsuldarlığını aşağı salır. Bütün canlıların istifadəsinə verilən və insan üçün ən önəmli istehsal qaynaqlarından biri olan torpaq, təəssüf ki, öz əlimizlə dinamik canlılığını və bu canlılar hesabına əldə edilən məhsuldarlığını itirməkdə, adətən, yarıölmüş bir yığın halına gəlməkdədir.

Digər tərəfdən hormon, kimyəvi dərman və gübrə vasitəsilə istehsal edilən məhsullar insan sağlamlığı üçün də təhlükəli həddə gəlmişdir. Dünya Səhiyyə Təşkilatı (DST) inkişaf etməkdə olan ölkələrdə hər il təqribən 500 min insanın kənd təsərrüfatı məhsullarından zəhərləndiyini və beş min insanın həyatını itirdiyini bildirmişdir. Kimyəvi dərman və gübrələrin zəhərlənmə kimi qısamüddətli təsiri ilə yanaşı, xərçəng yaradan, genetik dəyişməyə səbəb olan, teratogen (ana bətnində uşağın anormallığına səbəb olan) və allergik təsiri də müşahidə olunmaqdadır. Xüsusilə üzvi xlorlu kənd təsərrüfatı dərmanlarının istifadəsi bir çox canlı növünün getdikcə məhv olmasına gətirb çıxarır. Bununla yanaşı, yüksəkdozalı azot və azot birləşmələri insanlarda tənəffüs yolu və uşaq xəstəliklərinə səbəb olmaqdadır. Aparılan araşdırmalar sənayeləşmiş ölkələrdəki əkinçilərin rahat həyat şərtlərinin olmasına baxmayaraq, bəzi xərçəng növlərinə tutulmaq riskinin daha yüksək olduğunu göstərmişdir. Böcəklərlə mübarizə dərmanları və kimyəvi gübrələrlə daim təmasda olan əkinçilərin beyin, mədə, prostat, birləşdirici toxumalar xərçənginə və leykoz xəstəliklərinə tutulma riski daha çoxdur.

Kənd təsərrüfatında bu proses 1960-70-ci illərdən başlamışdır. Sintetik kimyəvi dərman və gübrələrin istehsalı və xüsusilə, Qərbdə sadəcə, məhsuldarlığı artırmağa hədəflənməsi kənd təsərrüfatında mənfi istiqamətdə dəyişikliyi sürətləndirmişdir. Daha sonra bu sistem dərhal bütün dünyaya yayılmışdır. Bununla bərabər, ilk mənfi təsirlər də yenə bu vasitələrdən əvvəldən daha sıx istifadə olunan inkişaf etmiş ölkələrdə üzə çıxmışdır.

Ekoloji əkin, həqiqətən, ekolojidirmi?

"Ekoloji əkin" və ya "bioloji əkin" adı verilən bu metodun müxtəlif növləri var. Sadə şəkildə desək, ekoloji əkin süni gübrə və kənd təsərrüfatı dərmanlarından yararlanmadan bitki və heyvan məhsulları istehsal etməkdir. Ekoloji əkinin məqsədi torpağı, su qaynaqlarını və havanı çirkləndirmədən birki, heyvan və insan sağlamlığını qorumaqdır.

Dünyada insan müdaxiləsi olmadan da çox geniş sahələrdə ot və ağaclar yetişməkdədir. Hətta bir çox meşə ərazisi kənd təsərrüfatı torpaqlarından daha məhsuldardır. Çünki orada Yaradanın qurduğu ekoloji tarazlıq pozulmamış, soxulcanlar, böcəklər və torpaq mikroorqanizmləri onlara verilən vəzifələri yerinə yetirir, adətən, bitkilərə xidmət göstərirlər. Məsələn, torpaqdakı mikroorqanizmlər aşağıdakı vəzifələri yerinə yetirir: atmosfer azotunu fiksə etmək, üzvi tullantılar və qalıqları parçalamaq, torpaq mənşəli patogenləri sıxmaq, bitki qida maddələrinin faydalılığını artırmaq və çevrilməsini təmin etmək, pestisidlər də daxil olmaqla toksik birləşmələri məhv etmək, antibiotikləri, bioaktiv maddələri və bitkilərin ala biləcəyi bəsit üzvi molekullar istehsal etmək, ağır metal ionlarının qarşısını alaraq bitkilər tərəfindən daha az mənimsənilməsini təmin etmək, həll olmayan qida qaynaqlarını parçalanan hala gətirmək, polisaxarit istehsal edərək torpağın aqreqasiyasını artırmaq.

Soxulcanlar və torpaqda yaşayan böcəklər isə torpağın qarışdırılması, havalandırılması və aqreqasiyasını yerinə yetirirlər. Torpağa verilən dərman və gübrələr, həm mikroorqanizmlərə, həm də soxulcan və böcəklərə zərər verməkdə, onların məhv olub azalmasında və beləcə, vəzifələrini yerinə yetirə bilməməsinə yol açmaqdadır. Bu da torpağın məhsuldarlığının aşağı düşməsi deməkdir. Ekoloji əkin anlayışında bu xətadan geri dönmək üçün torpağa sintetik gübrə yerinə heyvan gübrəsi, bitki qalıqları, dəniz yosunu, yaşıl gübrə kimi üzvi maddələr verərək, torpağın bioloji aktivliyinin artmasına və bu sahədə məhsuladarlığının qorunmasına çalışmaq lazımdır. Bunlarla yanaşı, ehtiyac duyulduqda torpağa təbii fosfat, kalium, kalsium, kirəc, maqnezium suxurları ilə mis, dəmir, manqan, molibden, sink, bor kimi mikro qida maddələri və tərkibində kükürd olan maddələr də verilməlidir.

Ekoloji əkin dedikdə lazım olan önəmli məsələlərdən biri də xəstəlik və ziyanvericilərə qarşı kimyəvi dərmanlardan istifadə edilməməsidir. Bunun əvəzinə xəstəliklərin meydana gəlməsinin qarşısı əvvəldən görülmüş tədbirlərlə alınır. Buna baxmayaraq, bir xəstəlik və ya ziyanlı təsirə məruz qalınırsa, bunların qarşısını bioloji mübarizə və ya üzvi mənşəli dərmanlarla almaq lazımdır. Ekoloji əkində mübarizə metodları aşağıdakılardan ibarətdir: ziyanvericilərin qarşısının alınması, sağlam bitki yetişdirmək, əraziyə uyğun bitkilərin seçilməsi, torpağa düzgün qulluq, gübrələnməsi və sulanması, gəncləşdirmə və budama aparılması, dözümlü növlərin seçilməsi, şum, əkin və biçin vaxtının təyin edilməsi, alaq otlarından təmizlənməsi, böcəklərə tələ qurulması və ziyanvericilərə qarşı digər canlılardan istifadə edilməsi. Ziyanverici və xəstəliklərlə mübarizədə bunlarla yanaşı, ekoloji tarazlığın pozulmasına gətirib çıxartmayan bal mumu, daş duz, kükürd, bordo qarışığı, natrium silikat, natrium bikarbonat, kalium sabunu, bitki və heyvan yağları ilə parafin yağından da istifadə edilə bilər.

Ekoloji əkinin məhsuldarlığını artırmaq və ziyanvericilərlə mübarizə yollarından biri də növbəli əkin sistemidir. Bitkiçilikdə növbəli əkin torpağın məhsuldarlığını artırmaq, keyfiyyətli məhsul əldə etmək məqsədilə eyni tarlada fərqli növ bitkilərin növbə ilə yetişdirilməsidir. Müxtəlif növ birkilərin yetişdirilməsi plan və proqram əsasında seçilir. Əkin növbəliliyi gözlənmədikdə torpaq mənşəli xəstəliklər artır, torpaqdakı üzvi maddələrin miqdarı daim azalır və mineral elementlərin tarazlığı pozulur. Bir tarlaya hər il yonca əkilərsə, azot çatışmazlığı, şəkər çuğunduru əkilərsə, kalium çatışmazlığı meydana çıxar. Bundan əlavə, eyni ailəyə mənsub bitki növləri eyni xəstəlik və ziyanvericilərə qarşı həssas olur. Məsələn, fusarium lobya və yaşıl noxud da daxil olmaqla bir çox tərəvəz növünə ciddi zərər verən bir xəstəlikdir. Eyni tarlaya iki-üç il bu bitkilər əkilməzsə, bu xəstəlik sıradan çıxır. Növbəli əkin sistemində sıra ilə əkilən bitkilərin ardıcıllığında kök dərinliyi, torpağa verdiyi üzvi maddə miqdarı, həssas olduğu xəstəlik və torpaqdan qaldırdığı qida maddəsinin müxtəlifliyi kimi xüsusiyyətlər diqqətə alınır.

Ekoloji əkin fərqlidirmi?

Ekoloji əkin kimyəvi gübrə və dərman vasitəsilə alınan məhsullarla müqayisədə qida dəyəri daha yüksək olan məhsul əldə etmək məqsədi daşımır. Ekoloji məhsulların istifadəçilərə məsləhət görülməsinin əsas səbəbi sağlamlıq, xüsusən də, uşaqların sağlamlığıdır. ABŞ-da 0-2 yaş uşaq yeməklərinin ekoloji təmiz məhsullardan hazırlanmasının məcburi hala gətirilməsi diqqətəlayiqdir. Ənənəvi üsullarla istehsal edilən məhsullardakı dərman qalıqları böyüklər üçün zərərli olmaqla bərabər, bunların uşaqlar üzərindəki təsirinin daha böyük olduğu müəyyən edilmişdir. Ekoloji təmiz məhsulların məsləhət görülməsinin digər səbəbləri arasında bu məhsulların ətrafa və heyvanlara ziyan vermədən istehsal edilməsi, dad və iy baxımından insana daha xoş təsir bağışlaması çox önəmlidir.

Daha çox işçi qüvvəsi tələb edən ekoloji əkinçilikdə vahid sahədən daha az məhsuldarlıq əldə edilir, başlıcası isə bu məhsullar bahadır. Buna baxmayaraq, ekoloji təmiz məhsul istehsalı sürətlə artmaqdadır. Hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində kənd təsərrüfatı məhsullarının 2 %-i ekoloji təmiz olduğu halda, bu göstərici ABŞ-da 0,2 %, Avropa Birliyi ölkələrində isə 10 %-ə qədərdir. Ekoloji təmiz məhsul istehsal edənlər, əsasən, kiçik ailə təsərrüfatlarıdır. Bu məşğuliyyət həm bitki, həm heyvandarlıq, həm də ekoloji əkin şərtlərinə uyğundur. Ekoloji əkinin tətbiqini genişləndirmək üçün ekoloji istehsalın standartlarının müəyyən edilməsi, rəsmi nəzarət və sertifikasiya sistemi ilə dövlət zəmanətini göstərən yarlıq sisteminin tətbiq edilməsi, araşdırma, təhsil və marketinq mövzularında maddi kömək göstərilməsi lazımdır.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.