Cəmiyyət

Rənglərin həyatımıza təsiri...

2 May 2013 15:10
0 Şərh     Baxış: 4 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bizi əhatə edən hər bir şeyin rəngi var. Rənglər həyatımıza, əhvalımıza, sağlamlığımıza təsir edir. Rənglərin mənasını bilməklə bacarıqlarımızı, xasiyyətimizin müsbət cəhətlərini inkişaf etdirə, mənfi keyfiyyətlərimizi isə aradan qaldıra bilərik.

Rənglərin mənaları fərqli olduğu kimi, onların insana təsiri də fərqlidir. İsti rənglər (qırmızı, narıncı və sarı) fəallığı az olan, laqeyd adamlara enerji verir. Mavi, tünd sürməyi, bənövşəyi isə fəal adamların rəngidir. Rəssam Fuad Qasımovun sözlərinə görə, qırmızı rəng qan və alovu xatırladır. Bu rəng qələbə, sevinc, gözəllik, sevgi mənalarını verir. Lakin qırmızı rəngin verdiyi mənalar fərqlidir. Bu rəng həm də qisas, müharibə, rəqabət mənasını verir: "Bu rəng hələ qədim zamanlardan aqressiyanı xarakterizə edir. Hesab olunur ki, qırmızı ehtiras rəngidir. Bu rəng cəsarətli, hökmlü, tez coşan insanların rəngidir. Qırmızı rəngə üstünlük verən insanlar həm də diqqət mərkəzində olmağı sevirlər. Qırmızı rəng qadının özünə inamını artırır".

Bu rəngi sevməyən insanlar yalnızlığa meyllidirlər. Eləcə də qırmızı rəng fiziki güc və hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval-ruhiyyə yaradır. Qırmızı rəng kişi rəngi hesab edilir. Bu, həyat rəngidir. Qırmızı ilə ağ rəngin ahəngi təmizlik və harmoniya assosiasiyası yaradır. Lakin qırmızı təzyiqi yüksəldir, qan dövranını sürətləndirir.

"Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir", - deyən hzəmsöhbətimizin sözlərinə görə, bu rəng həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirlə əlaqəlidir, insanda həyəcan hissi yaradır. Bu, rəng qammasında nüfuzlu spektrdir. Ona görə də hökumət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqətin rəngə deyil, obyektin forma və məzmununa yönləndirilməsi nəzərdə tutulur. Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin, tərz çox sadə də ola bilər.

Rəssam qeyd edib ki, ağ rəng optimizm və saflıq mənasını verir. Ədalət, inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir: "Ağ rəngdən bacarıqla istifadə etsəniz, siz insanlara hər istədiyinizi - əlçatmaz olduğunuzu və ya hissiyyatlı və günahsız olduğunuzu - hiss etdirə bilərsiniz. Ağ rəng daha çox qara rənglə uyğun gəlir".

İsti rənglərdən olan narıncı rəng əzm, azadlıq və optimizm rəmzidir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər. Hindistanda narıncı rəng mədəniyyət dəlili və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, ilham və yeni ideyalarla dolu insanlardır. Bu cür insanlar ünsiyyətcil, optimizm və ruh yüksəkliyi ilə zəngindir.

Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng insana ümid verir. Bu rəng həm də liderliyə işarə edir.

Çəhrayı rəngə üstünlük verənlər isə həssas və pozitiv olub öz sevgilərini parlaq şəkildə ifadə edirlər. Bundan başqa, onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.

Sevilən rənglərdən biri də mavidir. Mavi səma və ya dəniz ilə assosiasiya olunur və insana yaxşı təsir edir. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir. Mavi rəng etibar, təmkin və hörmət rəngidir. Bu rəngi sevənlər yaxşı dost olur.

Boz rəngi sevənlər isə kütlədən seçilmək istəmirlər. Onlar diqqət cəlb etməyi xoşlamırlar: "Belə ki, insan boz geyinərkən görünməz olmasını arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığını və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır".

Sakitləşdirici rəng olan yaşıl həyat haqqında təsəvvürlə bağlıdır, yenilənmə və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır: "Əgər siz yaşıl rəngi sevirsinizsə, demək məntiqli, emosional, fəaliyyətdə olan birisiniz. Siz özünüzlə fəxr edirsiniz və analizə meyilli insansınız. Yaşıl rəng sizin cazibənizi və şəxsiyyətinizin maqiyasını ətrafa yayır".

F.Qasımovun sözlərinə görə, rənglərin qarışığı fərqli mənalar verir. Eləcə də elə rənglər var ki, onları uyğunluşdurmaq olmaz. Məsələn, bənövşəyi və narıncı rəngin vəhdəti intihar haqqında fikirlərə, ümidsizliyə səbəb olur. Bu rənglərin sintezi vəziyyətin çıxılmaz olduğuna işarə edir. Qara fonda ağ hərflərlə yazılar da insana pis təsir edir. Rənglərin bu cür işlənilməsi insanda mənfi emosiyalar yaradır.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.