Cəmiyyət

Meyvələrdən üç meyvə var

25 Aprel 2013 02:30
0 Şərh     Baxış: 11 642
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qədim zamanlardan bəri insanların əsas qida mənbəyi meyvələr olub.

Almanın faydaları

Həkim-terapevt Şəlalə Abbasovanın sözlərinə görə, immuniteti gücləndirmək və orqanizmin zülal, karbohidrat, kalsium, dəmir, fosfor, kalium, natrium, B1, B2, B3, B6, C, E vitaminlərinə olan tələbatını ödəmək üçün bolluca meyvə yemək vacibdir. Sadalananlar isə alma, nar, heyva, tut, albalı və sair kimi meyvələrin tərkibində mövcuddur:

"Bir çoxlarının ən çox istifadə etdiyi meyvə almadır. Onun enerji dəyəri 100 qramda 54 kaloridir. Bu enerji mənbəyi meyvənin tərkibində olan şəkərdən ibarətdir. İdmanla məşğul olanlar üçün xüsusi dəyəri olan alma aktiv fiziki hərəkətlərin yerinə yetirilməsinə zəmin yaradır. Belə ki, idmandan öncə qəbul edildikdə enerji verir. İdman zamanı yeyildiyi zaman orqanizmi müxtəlif mineral və vitaminlərlə təmin edir. Fiziki hərəkətlərin sonunda qəbul edildikdə isə 85% su ehtiyacını qarşılayaraq bədəndə olan toksiki maddələrin atılmasını asanlaşdırır. Alma daimi istifadə edildikdə mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır. Orqanizmi bağırsaq xərçəngindən qoruyur.

Mərkəzi və Şimali Avropa ölkələrində almanın az istifadə edilməsi nəticəsində qalın bağırsaq xərçəngi xəstəliyinin artdığı müşahidə edilib. Meyvə, tərəvəz, salat, paxlalı bitkiləri və təbii taxıl məhsullarını az istehlak edən Şimali Amerikada bu xəstəliyin nisbəti daha yüksəkdir. Almanın içindəki antioksidantlar siqaret çəkənlərdə xərçəng riskini azaldır. Alma qanda xolesterolun miqdarını azaltma qabiliyyətinə də malikdir. Belə ki, orqanizmə daxil olan yağlı heyvani qidalardan əmələ gələn xolesterolun bir hissəsi almanın təsiri ilə bağırsaqdan qana sorulmur və ifrazatla bədəndən xaric olunur".

Bir çox dərdin dərmanı

Həkim deyir ki, C vitamini ilə zəngin olan heyvada kalsium və dəmir digər meyvələrlə müqayisədə daha çoxdur. Heyvadan tənəffüs sistemi, mədənin xora xəstəliyinin müalicəsində istifadə etmək olar. İştahaçıcı qabiliyyəti olan bu meyvə böyrək və sidik kanalında olan problemləri aradan qaldırır. Hamilə qadınların heyva suyundan içməsi doğumu asanlaşdırır. Əsasən bişirilərək istifadə edilməsi və ya suyunun sıxılaraq içilməsi məsləhətdir. Çünki onun bribaşa mədəyə qəbulu həzmsizliyə səbəb olur və bağırsağın işini çətinləşdirir. Hipertoniyadan əziyyət çəkənlərin heyvadan istifadə etməsi tövsiyə edilmir.

Ərik orqanizmi gücləndirir

Ş.Abbasova bildirib ki, ərik yüksək miqdarda şəkər, nişasta, zülal, üzvi maddələr, vitaminlər, turşular, təbii və qeyri-üzvi maddələrlə zəngin bir meyvədir. Onun tərkibindəki A vitamini orqanizmi gücləndirir, sümükləri və dişləri möhkəmləndirir. 100 q təzə ərikdə 66 kalori, 17.8 q karbohidrat, 299 mq kalium, 17 mq fosfor, 2 mq natrium, 18 mq kalium, 0.5 mq dəmir var. B1, B2, B3, B6, C, E vitamini ilə zəngin olan ərik bağırsaqların fəaliyyətini da artırır. Bu meyvə qaraciyər, ürək, böyrək xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Ərik beynin nizamlı işini təmin edir, stresi azaldır. Qan istehsalını artıraraq, qan azlığını aradan qaldırır. Mədə və onikibarmaq bağırsağın fəaliyyətini tənzimləyir. Böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır. Ərik qurusundan müntəzəm istifadə cinsi gücü artırır. Xərçəngə qarşı qoruyucu bir təsirə malik olan bu meyvə ürək əzələlərini qüvvətləndirir və ürəyin fəaliyyətini gücləndirir.

Nar - cavanlıq eliksiri

Terapevtin dediyinə görə, nar şirəsindən müntəzəm istifadə mədə şirəsinin kimyəvi tərkibini gücləndirir. Orqanizmin müqavimətini artıran nar iltihab əleyhinə olan antiseptik meyvədir. Ondan öd kisəsi və böyrək xəstəliklərinin müalicəsində istifadə olunur. Hamiləlikdə dölün inkişafında və uşağın sağlamlığı üçün müstəsna rolu var. İspaniyalı mütəxəssislərin apardıqları araşdırmada maraqlı faktlar ortaya çıxıb. Belə ki, iki qrup insan arasında aparılan təcrübə nəticəsində narın nə qədər faydalı olduğu müəyyən edilib. Birinci qrupda olanlara nar suyu içirilib, ikincilərə isə verilməyib. Nar suyu içənlərdə immunitetin artdığı, beyin, qaraciyər və böyrək hüceyrələrinin zədələnmədən sonra funksiyalarının bərpa edildiyi müşahidə olunub. Vitaminlə zəngin olan narın tərkibində olan antioksidantlar insanda qocalmanı gecikdirir. Ancaq mədə-bağırsaq xəstəliklərində nar suyundan çox istifadə etmək məsləhət deyil.

Hüceyrələri xərçəngə meyllilikdən qoruyur

Albalının orqanizmə əsas faydalarından biri tərkibində olan antioksidantlar sayəsində hüceyrələri xərçəngə meyllilikdən qorumasıdır. Bu meyvə xolesterolu və qan şəkərini salmağa kömək edir. Bədəndən turşu və duzların atılmasını da təmin edir. Revmatizmdə xeyirli olan albalı şirəsi oynaq kirəclərində və damar sərtliyinin müalicəsində istifadə edilə bilər:

"Qəbizliyin qarşısını alan albalı şirəsi uzun müddət istifadə edildikdə böyrəklərdə kiçik daş və qumların xaric olmasını təmin edir. Qandakı zərərli maddələrin, nikotinin bədəndən atılmasına kömək edən albalı qaraciyərdə həddən artıq dərman qəbulu nəticəsində yaranan yükün azaldılmasında istifadə edilir. A vitamini ilə zəngin olan albalı gözlərdə olan problemlərin qarşısını almaqda yardımçı vasitədir. 20 albalıda 12-25 milliqram arasında antosianin maddəsi var ki, bu da bir aspirin tabletindən 10 dəfə daha təsirlidir. Albalının saplağı da böyrək və sidik yolları xəstəliyində istifadə edilir. Belə ki, 30 qram albalı saplağını 1 litr suda 10 dəqiqə qaynadaraq çay kimi içmək böyrəkləri, sidik yollarını təmizləyir, öd axınını təmin edir və bağırsağı işlədici qabiliyyətə malikdir. Bundan başqa, bu meyvə B1, B2, B5, C vitamini ilə, maqnezium və kalsiumla zəngindir".

Tutun faydaları saymaqla bitmir

Ş.Abbasova qeyd edib ki, kiçik meyvələri olmasına baxmayaraq insan orqanizmi üçün faydalı olan tut bədənə qüvvət verir, qanazlığını aradan götürür. Ağız boşluğu, badamcıq və boğaz iltihabına, diş əti xəstəliklərinə və öskürəyə qarşı xüsusi faydalıdır. Qızdırmanı aşağı salma qabiliyyəti olan tut qaraciyəri qüvvətləndirir, mədə və bağırsaqların fəaliyyətini nizamlayır. Xüsusilə yeməklə birlikdə qəbul edildikdə həzmi asanlaşdırır. Acqarına yeyildikdə isə qəbizliyi aradan qaldırır. Tutdan bağırsaq qurdlarından qurtulmaq üçün də istifadə edilir. Ondan qurudularaq da faydalanmaq olar. Həmçinin tutun sirkəsi, cemi və doşabından da istifadə olunur. Doşab isə qaraciyər üçün xeyirlidir. Tutun yarpaqlarının qaynadılaraq suyunun içilməsi qəbizliyi aradan qaldırır. Tut qabığı və yarpağının qaynadılaraq qarqara edilməsi diş ağrılarını kəsir.

Armud böyrəklərin fəaliyyətini nizamlayır

Həkimin söylədiyinə görə, armud böyrəklərin fəaliyyətini nizamlayır. Bu meyvə böyrəklərdəki qum və kiçik daşların tökülməsinə də kömək edir. Yüksək qan təzyiqi zamanı armud yemək məsləhətdir. Qanazlığından əziyyət çəkənlər üçün armud çox faydalıdır. Gündə 1-2 armud yeməklə bu problemi aradan qaldırmaq olar. Armud eyni zamanda qəbizliyə və həzm pozğunluğuna qarşı yaxşı vasitədir. Zehni yorğunluğu aradan qaldırır, susuzluğu yatırır və tüpürcək ifrazatını artırır. Armud şəkər xəstəliyindən əziyyət çəkənlər üçün çox faydalı bir meyvədir.

Bal kimi əncir

Əncirin tərkibindəki zülal, vitamin və minerallar bədəndəki hüceyrələrin yenilənməsini təmin edir. Həzmi asanlaşdıran əncirin bədəni bakteriyalara qarşı qoruyan təsirləri də var. Əncirdəki kalsium və fosfor sümük və dişləri möhkəmləndirir, tərkibində olan benzaldehid adlı maddə isə xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Körpə əncir yarpaqlarının südü ziyilə qarşı əla vasitədir. Bunun üçün əncir yarpağından sızan südü hər gün ziyilə sürtmək lazmdır. Qurudulmuş əncir yarpaqlarından hazırlanan qarışıq isə çibanlara qarşı dərman vasitəsi kimi istifadə edilə bilər.

Stresi aradan qaldırır

Ş.Abbasovanın sözlərinə görə, tərkibi B vitamini ilə zəngin olan tropik meyvə ananas stresi aradan qaldırır, immuniteti gücləndirir. Qan dövranını sürətləndirərək həm təzyiqi, həm də qandakı yağ nisbətini tənzimləyir. Ananas enerji verən və B vitaminləri ilə zəngindir. Bədəndəki yağı azaldaraq xərçəngin əmələ gəlməsinin qarşısını alır. Lifli qida olduğu üçün koronar ürək xəstəlikləri riskini azaldır. Bədəndəki natrium nisbətini azaldan ananas qan təzyiqindən əziyyət çəkənlər üçün çox faydalıdır. Ananasın təzə görünən tünd yaşıl yarpaqları yaxşı keyfiyyətdə olduğunun əlamətidir. Qoxusu da yaxşı keyfiyyətdə olduğunun bir göstəricisidir.                   

Bu meyvə ağciyər xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır

Sitrus bitkilərindən sayılan qreypfrutun tərkibi C vitamini ilə zəngindir. İştahı açır, həzmi asanlaşdırır, diş əti qanamasını azaldır. Kiçik damarlardakı qan dövranını sürətləndirir, mədə xərçənginə tutulma riskini azaldır, təzyiqi normallaşdırır. Yağlı yeməklərin ardından içilən qreypfrut suyu qidanın həzmini asanlaşdırır. Qaraciyərin normal işini təmin edir, öd ifrazatını artırır. Qreypfrut zehni yorğunluğu da aradan qaldırır. Bu meyvə ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca faydalıdır.

Vitamin mənbəyi

Həkim deyir ki, A və C vitaminləri ilə kalium baxımından çox zəngin bir meyvə olan kivinin tərkibində həmçinin kalsium, dəmir və maqnezium kimi minerallar da var. Kivinin bir dənəsi ilə gündəlik A və C vitamini ehtiyacını ödəmək mümkündür. Lifli olan meyvə olan kivi bağırsaqların fəaliyyətini gücləndirərək həzm prosesini asanlaşdırır və qəbizliyi aradan qaldırır. Bədəni və immunitet sistemini gücləndirir. Soyuqdəymə və qrip zamanı əla təsirə malikdir. Nəfəsaçıcı təsirə malik olduğu üçün astma xəstəliyindən əziyyət çəkənlər üçün çox faydalıdır. Qan təzyiqini stabil saxlamaqla yanaşı, kivi qandakı xolesterol miqdarını aşağı salır. Qaraciyərin fəaliyyətini tənzimləyir və qanı təmizləyər. Qanazlığı və mədə xəstəliklərinə qarşı əla vasitədir. Bu meyvə yaşlanmanın dəridəki əlamətlərini azaldır. Kivi əzilərək suyu çıxarıldıqdan sonra əldə edilən püre çatlayan və qırışmış dərilər üçün maska ​​olaraq istifadə edilə bilər.

Naringi ürək üçün çox xeyirlidir

Payız və qış aylarının sevilən meyvələrindən olan naringi B və C vitamini ilə çox zəngindir. Eyni zamanda yüksək miqdarda şəkər ehtiva edir, sərbəst turşu nisbəti olduqca aşağıdır. Qanı təmizləyən bu meyvə ürək və damar xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Xolesterolu və yüksək təzyiqi salmağa kömək edir. İmmuniteti gücləndirən naringi qripə qarşı əla müdafiə vasitəsidir.

Kaliumla zəngin banan

Ş.Abbasova əlavə edib ki, son dərəcə doyumlu bir meyvə olan bananın tərkibində 75% su, 1,3% zülal və 0,6% yağ var. Həmçinin müxtəlif karbohidratlardan ibarətdir:

"İsti ölkələrdə yetişən bu meyvə bir çox xəstəliyin müalicəsində faydalı olduğu kimi, qızdırma, həzm pozğunluğu, əzələ zəifliyini aradan götürür. Kaliumla zəngin olan banan orqanizmdə yığılan tullantıların bədəndən atılmasını asanlaşdırır. Mədəni gücləndirir və qastritin verdiyi narahatlığı aradan qaldırır. Həzm pozğunluğunu aradan qaldıran banan böyrək iltihabı və bağırsaq xəstəliklərində də faydalıdır. Qanda xolesterol nisbətini salmaqla yanaşı, ürək-damar xəstəliklərinə qarşı qoruyucudur. Stresi azaldır və təzyiqi aşağı salır. Bədənin və beyin yorğunluğunu aradan qaldıraraq enerji verir. Öskürəyə xeyirlidir. Xəstəliyin sağalma müddətini sürətləndirən banan sümüklərin inkişafına zəmin yaradır. Banan həmçinin üz və dərini qidalandırır və təmizləyir".

Zəhra
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.