Cəmiyyət

Bakıda at kirayələmək neçəyə başa gəlir? - ARAŞDIRMA - FOTO

19 Dekabr 2012 17:11
4 Şərh     Baxış: 15 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda bir sıra dövlət və özəl atçılıq təsərrüfatları fəaliyyət göstərir. Onlardan birinə - Bakı Dövlət Cıdır Meydanında getdik. Tanışlıq nəticəsində məlum oldu ki, Cıdırda Bakı Atçılıq Məktəbinə məxsus atlardan başqa, şəxsi atlar da saxlanılır.

Məktəbin direktoru Kərim Zamanov bildirdi ki, Cıdırda çəkiliş aparmaq üçün gərək Azərbaycan Atçılıq İdman Federasiyasının baş katibi Bəhruz Nəbiyevin icazəsi olsun.

Atçılıq İdman Federasiyasının totalizatorun bərpası (cıdır yarışı oyunları) və Dağlıq Qarabağın və ərtafdakı 7 rayonunun işğalı nəticəsində az qala məhv olmaqda olan unikal Qarabağ at cinslərinin dirçəldilməsinə yönəlib.

Baş katib bildirdi ki, bu gün cəmi 250 baş Qarabağ atı var, amma federasiya onların sayını artırmağı planlaşdırır.

B.Nəbiyev dedi: "Cinslərin, o cümlədən Qarabağ atlarının populyarizasiyası məqsədilə onların satışı üzrə hərracın keçirilməsi nəzərdə tutulur".

Amma atlar "işsiz" qalmamalıdırlar və AAİF bunun üçün infrastrukturun inkişafını planlaşdırır.

B.Nəbiyev bildirdi: "Hazırda federasiya beynəlxalq səviyyətli iki ippodromun layihələşdirilməsini nəzərdə tutur. Onlardan biri Qəbələdə, o biri Bakıda yerləşəcək. Artıq gələn il - yeni cıdır mövsümündə biz beynəlxalq cıdır yarışları keçirməyi düşünürük".

Onun sözlərinə görə, Azərbaycanda atçılıq idman növünün inkişafı 2009-cu ildən başlayıb, 2010-cu ildə isə mövcud ippodromda ilk cıdır yarışı keçirilib.

Dünyada 260-a yaxın at cinsi yetişdirilib ki, onlardan ikisi Azərbacyan atlarıdır

Əlqərəz, icazə alandan sonra usta məşqçi Natiq bəylə birlikdə Cıdırdakı durumla tanış olduq. Məşqçi deyir ki, burada 300-dən çox at var. Onlardan 20 başı işğal altında olan Qarabağ ərazisinin eyniadlı cinsləridir. Yəni Qarabağ cinsi olan atlar... Başqa at cinsləri də var: "Onlar "Dilboz", "İngilis", "Draken", "Qabarden", "Ərəb", "Budyonnı" və "Poni" at cinsləridir. "Qarabağ" cinsi, əsasən, orta boylu, beli düz, gövdəsi enli, qızılı rəngdə, quyruq tükləri isə nazik olur.

"Dilboz" cinsi isə boz, göy, dəmir rəngində olur, quruluşuna və əzələlərinin gözə çarpması ilə fərqlənir. Burada saxlanılan atlara xüsusiyyətlərinə görə adlar vermişik: "Səfir", "Nurlu", "Parça", "Sakit", "Sünbül", "Baykal", "Banu", "Lyuks", "Bağır", "Pəhləvan" və s.

Çoxluq təşkil edənlər isə türkmən, ərəb, ingilis atları olan axaltəkin atlarıdır. Məşqçinin sözlərinə görə, əsasən "Dilboz" atlarına təlim keçir. O deyir ki, bu günə kimi dünyada 260-a yaxın at cinsi yetişdirilib ki, onlardan da ikisi - "Qarabağ" və "Dilboz" cinsləri məhz Azərbaycana məxsusdur.

"Qaçış üçün Dilboz, Qarabağ, ingilis atları münasibdir. Sıçrayış üçün hazırda bizə Avropadan gəlmə atlar təlim görülür",  - deyə məşqçi Natiq bəy bildirdi.

Həftənin bazar günləri həm atlar, həm də işçilər dincəlir

Məşqçi deyir ki, atlara gündə 2 dəfə qulluq göstərilir. Səhər və axşam onlar ot, arpa, qoz, günəbaxan, qarğıdalı kimi qüvvətli yem məhsulları və su verilir. Bir ayda hər at bir kisə vitaminli yem yeyir. Bu yemin qiyməti isə 120 manatdır.

Atlara qulluq göstərənlər tövlələri və ərazini yaxşı vəziyyətdə saxlamağa çalışırlar. Məşqçi atların vaxtlı-vaxtında müayinədən keçirildiyini də deyir. Məşq saatlarında atların yerləri təmizlənir, döşəməyə "apelka" səpilir. Natiq bəyin sözlərinə görə, atlara normal təlim keçəndə çaparı yerə atmır. Həftənin bazar günləri həm atlar, həm də işçilər dincəlir. Qalan altı gün isə atlara səhər saatlarında məşq keçirilir. Çünki səhər onlar daha gümrah olurlar. Zəif atlara gün ərzində 15-20 dəqiqə, güclü atlara isə 1-2 saat təlim keçirilir.

Qarabağ atları beynəlxalq yarışlarda iştirak edir, əgər...

Məşqçinin sözlərinə görə, Cıdır meydanında müxtəlif at yarışları təşkil olunur. Burada, əsasən, konkur və cıdır yarışları keçirilir. Daha çox təşkil edilən konkur yarışlarıdır və əsasən alman cins atlarından istifadə edilir. Cıdır yarışlarında isə daha çox Qarabağ, ingilis, ərəb, türkmən atlar çıxış edirlər. Belə yarışlara xarici ölkələrin nümayəndələri də qatılırlar.

Qarabağ atlarında analiz götürülür, nəticəsi müsbət olarsa, beynəlxalq yarışa buraxılır. Məşqçi konkur yarışlarında Azərbaycan atlarının rəqibinin olmadığını deyir.

At çapmağı öyrənmək 100 manatdır

Cıdır meydanında şəxsi atlar da saxlanılır. Göstərilən xidmətlər daxilində atın sahibi pul ödəməlidir. Budan başqa Cıdırda olan atları hər kəs çapa bilər. 10 manat ödəməklə 20-30 dəqiqə ərzində at çapmaq mümükündür. Bununla həmişə məşğul olmaq istəyənlər isə ayda 100 manat verməklə həftədə 2 dəfə cıdır meydanında at çapa bilər. Təlimçilər isə öyrənmək istəyənlərə çaparlığın incəliklərini öyrədirlər.

Bizimyol.info

Böyütmək üçün şəkillərə klikləyin.





















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.