Cəmiyyət

Əyləndirir, unutdurur və zövq verir, amma...

18 Dekabr 2012 17:22
0 Şərh     Baxış: 2 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hobbi (sevimli məşğuliyyət) zövq və yaşdan asılı olaraq, müxtəlif olur. Hobbi, adamın gündəlik həyatında öhdəliklərindən başqa zövq alması üçün icra etdiyi məşğuliyyətdir. Sevimli məşğuliyyət olan hobbi insanın əsəblərini sakitləşdirir, insana özünü daha yaxşı tanımağa kömək edir. Statistikaya görə, insanların 38%-i hobbi ilə məşğul olanlara nisbətən özünü daha bədbəxt hiss edir. Psixoloqların fikrincə, hobbi insanı əyləndirir, məşğul edir, problemlərini unutdurur və zövq verir.

Psixoloq Rüfət Həsənovun sözlərinə görə, müasir dövrdə sevimli məşğuliyyətləri olanların sayı azdır. "Bu gün çoxları düşünür ki, hər şeyi mağazadan ala bilərəmsə, nəyə görə özüm nəsə düzəltməliyəm. Belə ki, nəyisə düzəltmək insandan vaxt və səbr tələb edir. Bəzən isə öz əllərimizlə nəyisə düzəldərkən hazır maldan daha baha başa gəlir",- deyən həmsöhbətimizə görə, amma insana zövq verən hansısa bir işlə məşğul olmaq onun özünə inam hissini artırır, stresslərə qarşı daha dayanaqlı olmağa kömək edir. Belə ki, foto və ya rəsm çəkmək, musiqi ilə məşğul olmaq, nəyisə kolleksiya etmək və s. kimi hobbilər insanın həyatına rəng qatır.

Sevimli məşğuliyyət özünə güvəni artırır, sakitləşdirir, vaxtı daha faydalı keçirməyə kömək edir, bəzən gəlir mənbəyinə də çevrilir. Daim hər hansısa bir işlə məşğul olmaq bu sahədə professionallığı artırır ki, həmin işdən pul da qazanmaq olur. Misal üçün, foto və ya rəsm çəkmək, bəzək əşyaları düzəltmək kimi hobbilər sahibinə gəlir gətirə bilər. Tikişlə məşğul olanlar da öz işlərini sata bilərlər. Hobbinin gəlir mənbəyinə çevrilməyinin üstün cəhətləri də var. Belə ki, bu tip işlər çox vaxt insanı yormur, onu stressdən uzaqlaşdırır, rahatlıq gətirir. Bununla yanaşı işin ustalıqla görülməsi daha çox uğur qazandıra bilər.

Hobbi insana, həqiqətən də, zövq verən, onu cəlb edən, sevindirən bir məşğuliyyət olmalıdır. Psixoloq qeyd edir ki, hobbilər insanın aktivliyini yüksəldir, sağlamlığına müsbət təsir edir: "Geniş yayılmış hobbilərdən biri də açıqca, marka, daş, zinət əşyaları, qəpiklər, qədimi əşyalar yığmaqdır. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər. Eyni hobbiyə maraq göstərənlər bəzən dərnək və ya klub da açırlar".

Boş vaxtlarda hobbi ilə məşğul olmaq əsas işdən dincəlməyə kömək edir. Gündəlik həyatın stressindən uzaqlaşmaq üçün hobbinin olması yaxşı haldır. Hobbi dünyagörüşünü artırır. Eyni hobbisi olanlar bir-biri ilə tanış olur, hobbiləri ilə bağlı söhbətlər edirlər. Hobbi yeni dostlar tapmağa da kömək edir. Eləcə də hobbi insanın əhvalını yüksəldir, həyatını daha da maraqlı edir. Sevimli işlə məşğul olmaq insanda müsbət emosiyalar yaradır. Bəzi hallarda hobbiyə aludəlik ciddiləşir. Bu sahədə bacarıq və biliklər o səviyyəyə çatır ki, hobbi əsas iş növünə də çevrilə bilir.

Psixoloqun dediyinə görə, hobbilər fərqli olur. Tikmək, toxumaq kimi məşğuliyyətlər əl işləri kimi hobbilərə aiddir. Bu növ məşğuliyyət çox vaxt tələb etsə də, diqqət tələb etdiyindən insanı mənfi fikirlərdən ayırır, əsəblərini sakitləşdirir.

Müsahibim nəzərə çatdırır ki, hobbilər şənləndirir, insanları darıxmağa qoymur: "Xüsusilə də darıxdığı, nəyisə gözlədiyi vaxtlarda insanlar vaxtı necə qısaltmaq barədə düşünür. İnsan fikirləşir ki, boş vaxtda nə ilə məşğul osun ki, problemlərini unutsun. Hobbi elə bir məşğuliyyətdir ki, insanın diqqətini tam alır. Onu problemlərindən uzaqlaşdırır, əsəblərini sakitləşdirir. Hobbi ilə məşğul olan adam zövq alır, onda müsbət emosiyalar yaranır".

Hobbi həyatı daha maraqlı etsə də, mənfi tərəfləri də az deyil. Bəzən insanlar hobbilərə elə aludə olurlar ki, gerçəkliyi unudurlar. Hobbi insana gerçəkliyi əvəz etməyə başlayır. Yaxınlara, ailəyə işə vaxt ayırmaq əvəzinə insan bütün vaxtını sevimli məşğuliyyətinə sərf edir. Bu səbəbdən də psixoloqlar hobbi ilə məşğul olmağı məsləhət görsələr də, bunu həyatlarının mənasına çevirməməyə çağırırlar.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.