Cəmiyyət

Gülüş həyatımızın bəzəyidir

31 Oktyabr 2012 16:57
0 Şərh     Baxış: 2 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gülüş xoşbəxt və sağlam olmaq üçün çox vacibdir. İnsanlar körpəlikdən başlayaraq, ömürlərinin sonuna qədər gülürlər.
  
Amerika alimləri sübut edib ki, gülüş insan səhhəti üçün önəmlidir. Hər gün heç olmasa 15 dəqiqə gülən adamın qan dövranı və ürəyinin fəaliyyəti yaxşılaşır. Stress və depressiya isə ürək xəstəliklərinə görə ölüm riskini 44 faizə qədər çoxaldır. Eləcə də gülüşlə idmanın vəhdəti qan dövranına nəzərə çarpacaq dərəcədə müsbət təsir edir. Bu səbəbdən də 30 dəqiqə olmaqla həftədə 3 dəfə idman məşğələləri etmək lazımdır.
 
Alimlər onu da müəyyən edib ki, gülüş əhvalı yüksəltməklə yanaşı, hər gün 10-15 dəqiqə gülməklə arıqlamaq olur. Arıqlamaq üçün gülüşdən bir üsul kimi istifadə etməklə il ərzində 2 kq-a qədər çəki itirmək mümkündür. Həm də gülüş ümumilikdə sağlamlığa müsbət təsir edir. Gülərkən ürək döyüntüsü və arterial təzyiq qaydasına düşür. Çox gülən adamlar nadir hallarda xəstələnir. Belə ki, gülüş nəticəsində orqanizmdə daha çox qoruyucu anti-tellər yaranır.

Kaliforniyanın Stenford Universitetinin alimləri isə hesab edir ki, gülüş nəticəsində insan cavanlaşır. Ona görə ki, gülüş üzün əzələlərinin tonusunu qaldırır və qan dövranını yaxşılaşdırır. Bununla yanaşı, şən, gülümsəyən qız üçün, qaraqabaq qıza nisbətən əks cinsin nümayəndəsi ilə ünsiyyət qurmaq daha asandır. Gülüş həm də şəxsiyyətin formalaşmasına müsbət təsir edir.
  
Gülüşlə bağlı ingilis mütəxəssisləri könüllülərin iştirakı ilə tədqiqat aparıblar. Kişi və qadınlar arasında aparılan sorğuya görə, gülüş stress vəziyyətindən çıxmağa və əhvalı yüksəltməyə kömək edir. Nəticədə sorğu iştirakçılarının 81 faizi bildirib ki, xoşbəxt olmaq üçün gülüş vacibdir. Lakin alimlər qeyd edib ki, sağlamlıq üçün gün ərzində 30 dəfədən az gülmək olmaz. Bu qaydada müntəzəm gülüş immun sistemini gücləndirir və psixoloji gərginliyi azaldır.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, gülüş həmsöhbətin xasiyyətini öyrənmək üçün də əvəzolunmazdır: "Bəzən bir lətifə danışıb qarşındakını güldürməklə onun kim olduğunu öyrənmək olar. Sadəcə, bunun üçün müşahidə qabiliyyəti olmalıdır. Misal üçün, gülüşlər arasında səssiz gülüş ən sadə görünsə belə, əslində hiyləgər insanların gülüş tərzidir. Əgər fikir vermisinizsə, bu cür gülən adamlar hər şeydə öz xeyrini güdən, planlarını digərlərindən gizli saxlayanlardır. Astadan və çox qısa müddət ərzində gülənlər isə ağıllı, iradəli, güclü olsalar da qapalı insanlardır. Adətən belə insanlar maraqlı danışmağı, hekayələr yazmağı bacarır və ya ağır rejimin öhdəsindən gələ bildikləri üçün idmançı olurlar".

A.Qurbanova bildirib ki, hündürdən gülənlər səmimi və ünsiyyətcil insanlardı: "Bu, həm də insanın güclü və sağlam olmasına da işarə edir. Hündürdən gülən adamlar çətinliklərdən qorxmurlar. Əgər insan nadir hallarda gülürsə, demək o, hansısa xəstəlikdən əziyyət çəkir. Lakin emosiyalarını gizlətməyi adət edən adamlar da nadir hallarda gülürlər. Fısıltı ilə gülənlərdən isə uzaq durmaq məsləhətdir. Belə insanlar qəddar, paxıl və kinli olur, özlərindən zəifləri incidir, digərlərinə, xüsusilə ruhi xəstələrə gülməkdən zövq alırlar. Onlar bir qayda olaraq kollektivdə az ünsiyyətə girir və başqalarının davranışını müşahidə edirlər".

Yumşaq, sakit gülüşün iradəsi zəif, sakit və yumşaq xasiyyətli insanlara aid olduğunu deyən psixoloq bunun əksinə olaraq kobud gülüşün eqoizmdən, insanın hökmlü və kobud olmasından xəbər verdiyini bildirib: "Ən yaxşı gülüş isə xırıltılı, ürəkdən olan gülüşdür. Bu tərzdə gülüş istənilən əsəb gərginliyini aradan götürür. Ümumiyyətlə, əsəbi insanlar qırıq-qırıq gülür. Bəziləri isə güləndən sonra dərindən köks ötürür ki, bu da iradəsiz, psixi pozğunluqlardan əziyyət çəkən insanlara xasdır. Onların əhvalı tez-tez dəyişir, hətta güləndən sonra ağlayırlar da".

Psixoloq onu da əlavə edib ki, insan güləndə dofamin, serotonin və endofrin maddələrinin yaranmasına təkan verir: "Gülərkən insan həzz alır. Bunun da nəticəsində xoşbəxtlik hormonları yaranır. Bu səbəbdən də çox gülən insanlar digərlərinə nisbətən daha mehriban və xoşbəxt olur, stress və depressiyaya daha az düşürlər. Bununla yanaşı, gülüş bir çox xəstəlikləri müalicə edir və ömrü uzadır. Lakin buna baxmayaraq, heç də hamı kifayət qədər gülə bilmir. Elə insanlar var ki, həyatlarında hər şey qaydasında olsa belə, qəmlənmək üçün səbəb axtarırlar. Onlar pozitiv düşüncədən uzaqlaşır, gülmək istəyini özündə boğurlar. Əslində isə əksinə olmalıdır. Bəzən bunun qarşısını almaq üçün sadəcə, gülümsəməyə başlamaq lazımdır. İlk baxışdan bu, gülməli görünsə də, tədricən neqativ fikirlərdən uzaqlaşmağa kömək edəcək".

Onun sözlərinə görə, yaxşı şeylər haqqında düşündükcə gülüşün yaranma ehtimalı daha çoxalır. "İstənilən vəziyyətdə gülməli məqam tapmağı öyrənin. Gülüş insana qarşılaşdığı problemlərdən tez çıxış yolu tapmağa kömək edir. Baş verən hadisələri dərindən düşünməyə çalışmayın. Hadisələrə ötəri yanaşın", - deyən Qurbanova qeyd edib ki, gülüşlərin sayını və müddətini çoxaltmaq üçün qorxulardan, narahatlıq hissindən də uzaqlaşmaq lazımdır: "Bu kimi hisslər nəinki gülüşün qarşısını alır, həm də əhəmiyyətsiz xoşagəlməz hadisəni belə böyük problemə çevirə bilir. Bunun üçün idmanla məşğul olmaq olar. İdman ümumilikdə bədənin tonusunu qaldırır, nəfəsi tənzimləyir. Bununla da emossiyalar düzəlməyə başlayır".

Psixoloq məsləhət görür ki, hər gün gülmək vacibdir: "Əgər həyatda gülmək üçün bir səbəb tapa bilmirsinizsə, komediya filmlərinə baxmağa çalışın".

"Ekspress" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.