İnsan həyatı üçün təhlükəli təbiət hadisələri arasında ildırım özünəməxsus yer tutur. Fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə ildırımvurmadan ölən insanların sayı daha çoxdur. Hər il dünyada 3000-ə yaxın insan ildırımvurma nəticəsində dünyasını dəyişir. İldırımla bağlı ölənlərin sayının artması isə insanların bu təbiət hadisəsindən kifayət qədər qoruna bilmədiklərini göstərir. Bəs ildırımdan necə qorunmaq olar?
Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Kamil Qurbanov Milli.Az-a açıqlamasında bildirdi ki, ildırım atmosferdə səslə müşahidə olunan, insan həyatına və əmlakına ciddi ziyan vuran yüksəktezlikli elektrik boşalması hadisəsidir.
Direktor müavininin sözlərinə görə, ildırım daha çox hündür və sivri formalı yerləri tutur. Ona görə də hündür qüllələrin, binaların, elektrik stansiyalarının, elektrik xətlərinin yaxınlığında ildırım ötürücüləri quraşdırılmalıdır. Belə olan halda ildırım düşən zaman həmin cihaz ildırımı yerə ötürür.
K.Qurbanov qeyd etdi ki, ildırımlar müxtəlif olur. Bəzi ildırımlar buludların arasında çaxır və bu o qədər də təhlükəli deyil. Ancaq yerlə bulud arasında baş verən ildırım çaxması daha təhlükəlidir.
Bir neçə gün əvvəl Mingəçevirdəki elektrik stansiyasını ildırım vurmasına toxunan elmlər namizədi bunu mümkün hesab edir: "Həmin stansiyada ildırımötürücü qurğunun olmaması inandırıcı deyil. Sadəcə, ildırımın gücü çox ola bilər ki, bu zaman ötürücü sıradan çıxaraq onun şiddətini azalda bilməz. Eyni zamanda davamlı ildırımlar baş verəndə də belə hallar ola bilər".
Bakıda ildırım təhlükəsinə münasibət bildirən K.Qurbanov vurğuladı ki, paytaxt ərazisində şam və çinar ağaclarını, hündür binaları ildırım vurması riski böyükdür. Sivri formalı hər bir şeyi ildırım vura bilər. Ona görə də insanlara məsləhət görülür ki, ildırım olan zaman yerə uzansınlar.
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün bəzi tövsiyələri oxucuların diqqətinə çatdırır.
Mənzildə olduqda:
- Qapı və pəncərələri bağlayın;
- Elektrik cihaz və avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın, telefonla danışmayın;
- Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın;
- Bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su yaxşı elektrik keçiricisidir;
- Təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir.
Küçədə olduqda:
- Mütəxəssislərin rəyinə görə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu, ildırımın baş verəcəyindən xəbər verir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur. Bu "embrion vəziyyəti" adlanır;
- Yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur;
- Güclü yağışlı şimşəkli havada açıq sahələrdə qalanlar üçün isə ən təhlükəsiz yer avtomobilin içi və ya digər bağlı metal konstruksiyalardır;
- Təhlükə zamanı avtomobili saxlayın, şüşələri qaldırın, radioantenanı endirin və avtomobildə oturarkən onun metal hissələrinə toxunmayın;
- Təhlükə vaxtı avtomobili ağac altında saxlamayın;
- Mağara, vadi və alçaq ağaclar ən yaxşı təhlükəsiz yerlər hesab olunur;
- Meşədə açıq sahədə çadır qurmayın;
- İslanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır;
- Şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin;
- Təhlükə vaxtı üstüaçıq nəqliyyat vasitələrini tərk edin;
- Açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir;
- Yağışlı-ildırımlı havada bayırda və evdə telefonla danışmayın;
- Təhlükə vaxtı dəmir yolunun yaxınlığında dayanmayın;
- Dənizdə çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sudan sahilə çıxmağa çalışın;
- Qrup halındasınızsa, toplu halda qalmayın, bir-birinizdən ən azı 1,5 metr məsafədə dayanın.
Anar Məmmədov
Milli.Az