Cəmiyyət

"Brutto müqavilə" ictimai nəqliyyatda nəyi dəyişəcək? – Ekspertlərdən yeni model açıqlaması

3 Sentyabr 2026 22:50
Baxış: 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda ictimai nəqliyyatda xidmətin keyfiyyətinin və davamlılığının artırılması məqsədilə yeni "brutto müqavilə" modelinin tətbiqinə başlanılıb. Bu sistemdə daşıyıcının gəliri sərnişin sayından deyil, müəyyən edilmiş qrafik, məsafə və keyfiyyət tələblərinə uyğun göstərdiyi xidmətdən asılı olacaq. Yeni yanaşmanın avtobusların, xüsusilə sərnişin sayının az olduğu saatlarda da qrafik üzrə fəaliyyətini təmin etməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, "brutto müqavilə" modelinin tətbiqi ictimai nəqliyyatın yeni keyfiyyət mərhələsinə keçidinin göstəricisi hesab edilə bilər.

Onun sözlərinə görə, ictimai nəqliyyatda maliyyə dayanıqlığının təmin olunması daha keyfiyyətli xidmətin göstərilməsi üçün əsas şərtlərdən biridir. Bu modelin tətbiqi uzun müddətdir müzakirə olunurdu və artıq onun praktiki icrasına başlanılması mühüm addımdır.

Ekspert qeyd edib ki, sistemə mərhələli keçid avtobusların əvvəlcədən müəyyən edilmiş qrafik üzrə daha stabil fəaliyyət göstərməsinə imkan verəcək:

"Bunun nəticəsində sərnişinlər avtobusların hərəkət vaxtını daha dəqiq planlaşdıra, daşıyıcılar isə sərnişin sayından asılı olmadan müqavilə üzrə müəyyənləşdirilmiş xidmət öhdəliklərini yerinə yetirə biləcəklər".

R.Ağamirzəyev hesab edir ki, "brutto müqavilə" gələcəkdə ictimai nəqliyyatda tarif və ödəniş sisteminin də təkmilləşdirilməsi üçün institusional baza yaradır:

"Belə ki, növbəti mərhələdə günlük, həftəlik və illik bilet paketlərinin, eləcə də 90 dəqiqə ərzində pulsuz keçid imkanlarının tətbiqi mümkün ola bilər. Bu cür həllər xüsusilə şəhərin uzaq ərazilərindən bir neçə nəqliyyat vasitəsindən istifadə etməklə hərəkət edən sərnişinlərin nəqliyyat xərclərinin optimallaşdırılmasına şərait yarada bilər.

Eyni zamanda, yeni sistem tələbələr və təqaüdçülər üçün güzəştli biletlərin tətbiqi istiqamətində qərarların qəbuluna da imkan verən mexanizm formalaşdıra bilər".

Ekspertin fikrincə, model həm daşıyıcıların maliyyə dayanıqlığını gücləndirəcək, həm də müəyyən edilmiş tələblərə əməl edən şirkətlərin daha keyfiyyətli xidmət göstərməsinə və ümumi marşrut şəbəkəsinin dayanıqlığının təmin edilməsinə şərait yaradacaq.

Nəqliyyat eksperti Razil Nağıyev isə açıqlamasında bildirib ki, "brutto müqavilə" modelinin əsas üstünlüklərindən biri daşıyıcının gəlirinin birbaşa sərnişin sayından asılılığının aradan qaldırılmasıdır.

Onun sözlərinə görə, yeni sistemdə avtobusun dolu və ya boş hərəkət etməsindən asılı olmayaraq, daşıyıcı əvvəlcədən müəyyən edilmiş marşrut və qrafik üzrə xidməti yerinə yetirdiyi halda, əsasən qət edilən kilometr və ya həyata keçirilən reys əsasında ödəniş əldə edəcək:

"Bu mexanizm xüsusilə axşam saatlarında və sərnişin axınının az olduğu marşrutlarda xidmətin davamlılığı baxımından əhəmiyyətlidir. Mövcud kommersiya yanaşmasında sərnişinlərin az olduğu vaxtlarda daşıyıcının xətt üzrə fəaliyyətini davam etdirmək marağı zəifləyə bilər. "Brutto modeli"ndə isə marşrutun konkret saatda kommersiya baxımından sərfəli olub-olmamasından asılı olmayaraq, müqavilədə nəzərdə tutulan xidmət tam şəkildə göstərilməlidir".

R.Nağıyev hesab edir ki, bununla avtobusların axşam saatlarında xəttdən vaxtından əvvəl çıxması, hərəkət intervallarının süni şəkildə artırılması və sərnişin azlığı səbəbindən avtobus sayının azaldılması kimi halların qarşısının alınması mümkündür:

"Bunun üçün müqavilələrdə hərəkət intervalı, xəttə çıxmalı avtobusların sayı, ilk və son reyslərin vaxtı və digər xidmət standartları konkret müəyyən edilməli, onların icrasına effektiv nəzarət həyata keçirilməlidir".

Ekspert bildirib ki, yeni sistem müəyyən dövlət maliyyələşməsini də nəzərdə tutur. İctimai nəqliyyat xidmətinin xərclərinin bir hissəsi yalnız sərnişinlərdən toplanan gedişhaqqı hesabına deyil, subsidiya mexanizmi vasitəsilə qarşılanacaq:

"Subsidiyanın həcminə marşrutun uzunluğu, avtobusların sayı və gündəlik yürüşü, yanacaq və enerji xərcləri, sürücülərin əməkhaqqı, texniki xidmət və müəyyən edilmiş xidmət standartları təsir göstərə bilər".

Onun fikrincə, burada əsas məsələ subsidiyanın ayrılmasından daha çox onun real göstərilən xidmətlə əlaqələndirilməsidir:

"Xəttə çıxmayan və ya müqavilədə nəzərdə tutulan keyfiyyət standartlarını təmin etməyən daşıyıcıya tam ödəniş edilməməlidir. Beləliklə, dövlətin ayırdığı vəsait konkret və ölçülə bilən nəqliyyat xidmətinin qarşılığı olmalıdır".

R.Nağıyev brutto modelinin uğuru üçün yalnız qət edilən kilometrin əsas götürülməsini kifayət hesab etmir:

"Ödəniş mexanizmi kilometr və xidmət keyfiyyətinin birlikdə qiymətləndirilməsi prinsipi əsasında qurulmalıdır. Bu zaman avtobusların xəttə çıxış faizi, hərəkət intervalına əməl olunması, ilk və son reyslərin vaxtında yerinə yetirilməsi, reyslərin tam icrası, nəqliyyat vasitələrinin texniki sazlığı, salonların təmizliyi, kondisioner və isitmə sistemlərinin fəaliyyəti, sürücülərin davranışı, sərnişin şikayətləri və təhlükəsizlik göstəriciləri əsas KPI-lar sırasında yer ala bilər".

Ekspertin yanaşmasına görə, avtobus xəttə çıxmadıqda həmin reys üzrə ödənişin həyata keçirilməməsi, zəruri hallarda isə əlavə maliyyə sanksiyasının tətbiqi məqsədəuyğundur:

"Hərəkət intervalının sistemli pozulması, son reysin yerinə yetirilməməsi və ya avtobusun texniki vəziyyətinin standartlara uyğun olmaması da əvvəlcədən müəyyən edilmiş cərimə və bonus-malus mexanizmi ilə tənzimlənə bilər. Bu, daşıyıcıların yalnız daha çox kilometr qət etməsinə deyil, həmin kilometr ərzində keyfiyyətli xidmət göstərməsinə iqtisadi stimul yaradar".

R.Nağıyev əlavə edib ki, brutto müqavilə modeli gedişhaqqı siyasətinin daha çevik qurulması üçün də imkanlar yaradır:

"Daşıyıcının gəliri sərnişinin birbaşa ödədiyi gedişhaqqından ayrıldığı üçün gələcəkdə gündəlik, həftəlik, aylıq və illik paketlər, tələbə və məktəblilər üçün güzəştlər, məsafədən asılı tariflər, həmçinin müxtəlif ictimai nəqliyyat növləri arasında inteqrasiya olunmuş ödəniş sistemlərinin tətbiqi mümkün ola bilər.

Beləliklə, yeni model sərnişin üçün gedişhaqqının sosial baxımdan əlçatan saxlanılması ilə daşıyıcının maliyyə dayanıqlığının təmin edilməsini müəyyən dərəcədə bir-birindən ayırmağa imkan verir. Gedişhaqqından əldə olunan gəlirin real xidmət xərclərini qarşılamadığı hallarda isə yaranan fərqin şəffaf və xidmət göstəricilərinə bağlı subsidiya mexanizmi vasitəsilə kompensasiya edilməsi nəzərdə tutula bilər".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.