Cəmiyyət

Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır

25 İyul 2026 09:56
Baxış: 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zəngilanın Soltanlı kəndinə bu ilin sonunadək ilk köçün həyata keçirilməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.

Onun sözlərinə görə, Soltanlı kəndinin layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" Şirkətlər Qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

N.Cəfərov bildirib ki, kəndin ümumi ərazisi 108 hektardır. Hazırda burada 420 fərdi yaşayış evi, inzibati bina, çoxfunksiyalı bina, 140 yerlik uşaq bağçası və Bayraq Meydanının tikintisi davam edir.

"420 fərdi yaşayış evindən 336-da qaba tikinti işləri artıq yekunlaşıb. Digər evlərdə isə tikinti işləri sürətlə davam etdirilir. Bu ilin sonunadək kəndə ilk köçün həyata keçirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.

İcraçı direktor əlavə edib ki, kənddə inşa olunan fərdi yaşayış evləri 2, 3, 4 və 5 otaqlı layihələr əsasında tikilir. Evlərlə yanaşı, hər həyətyanı sahədə köməkçi tikililər də nəzərdə tutulub.

N.Cəfərovun sözlərinə görə, kənd ərazisində yağış və sel sularının təhlükəsiz şəkildə kənarlaşdırılması üçün də müvafiq infrastruktur işləri aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.