"Azəriqaz" İstehsalat Birliyi mənzillərdə yoxlamalara başlayıb.
Milli.Az-ln əldə etdiyi məlumata görə, bununla bağlı vətəndaşlara bildiriş göndərilir.
Məlumata görə, yoxlamalar zamanı mənzillərə baxış keçirilir.

Texniki müayinələr texniki şərtdən kənara çıxma hallarının qarşısının alınması, təmir zamanı "Azəriqaz" İstehsalat Birliyinə aid qaz borularının yerinin dəyişməsi, müvafiq qaz qurğularının texniki şərtlərdən kənara çıxıb-çıxmamasını təftiş edir.
Həmçinin axımlı su qızdırıcılarının da ("pitiminutka") vanna otaqlarından yığışdırılması akt şəklində tərtib edilərək abonentlərə təqdim olunur.
Mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam otağında heç bir halda su qızdırıcısından istifadə etmək olmaz. Qanunda qeyd olunub ki, əvəllər qüvvədə olan normalara uyğun olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir. Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin cihaza gedən qazın təminatı dayandırıla bilər.
Mina Mikayılova
Milli.Az





