Cəmiyyət

Regionlarda torpaq qiymətləri süni şəkildə artırılır? - AQC-dən ciddi ittiham

3 Mart 2026 13:52
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Regionlarda torpaq və əmlakın qiymətləndirilməsi prosesində qanunvericiliyin tələblərinə zidd müdaxilələr olur".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimai Əlaqələr Departamentinin rəhbəri Orxan Əli deyib. 

Onun sözlərinə görə, xüsusilə bələdiyyə torpaqlarının qiymətləndirilməsi zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-qanuni müdaxilələr edilir və sertifikatlı qiymətləndiricilərin rəyləri qəbul olunmur.

"Qüvvədə olan qanunvericiliyə əsasən qiymətləndirmə fəaliyyəti yalnız Dövlət İmtahan Mərkəzində imtahan verərək sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilməlidir. Lakin praktikada bəzi hallarda  Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının özlərinin qiymət müəyyənləşdirməyə cəhd göstərdiyi və müstəqil qiymətləndiricinin rəyini əsasız şəkildə rədd etdiyi müşahidə olunur. Bu, birbaşa qanunun pozulmasıdır. Qiymətləndirmə səlahiyyəti olmayan qurumun özbaşına qiymət təyin etməsi nə hüquqi, nə də iqtisadi baxımdan əsaslandırıla bilər", - deyə Orxan Əli bildirib.

O vurğulayıb ki, regionlarda bu problem daha qabarıq şəkildə özünü göstərir. Məsələn, ucqar dağ kəndində yaşayan və uzun illər istifadə etdiyi torpağı sənədləşdirmək istəyən vətəndaş üçün qiymətləndirici yerində araşdırma aparır, sosial-iqtisadi vəziyyəti, infrastruktur imkanlarını və bazar şərtlərini nəzərə alaraq real qiymət müəyyən edir. Lakin sənədlər aidiyyəti quruma təqdim olunduqda, həmin qiymət qəbul edilmir və süni şəkildə dəfələrlə yüksək məbləğ tələb olunur:

"Normal şəraitdə yüzlərlə torpaq sahəsi qanuni dövriyyəyə daxil ola biləcəyi halda, süni maneələr səbəbindən proses faktiki olaraq dayanır. Niyə? Çünki hansısa məmur belə istəyir? Məgər o məmur bilmir ki, 2023-cü ildən etibarən yeni qanunvericiliklə qiymətləndirmə səlahiyyəti yalnız müstəqil və sertifikatlı qiymətləndiricilərə verilib? Amma hələ də keçmişdə qalıb. Düşünür ki, bu səlahiyyət hələ də onundur. Qanun qüvvədədirsə və təsdiqlənibsə, onun icrası müzakirə mövzusu olmamalıdır".

AQC rəsmisinim sözlərinə görə, məsələ ilə bağlı həm vətəndaşlardan, həm də bələdiyyələrdən çoxsaylı şikayətlər daxil olur və problemin sistemli şəkildə araşdırılmasına ehtiyac var:

"Bakıda vətəndaş vəkilə müraciət edir, hüquqları qoruya bilir. Lerikin dağ kəndi olan Coni sakini Məmməd kişi dağ başında vəkili hardan tapsın. Bu onun ümidi elə bələdiyyə sədrinədir ki, müvafiq dövlət qurumu da ona maneə yaradır. Hüququnu axtarmaq üçün Məmməd kişiyə rayon mərkəzinə getmək üçün azı 50 manat lazımdır. Yol yox, maşın yox. Ona görə də fikrindən daşınır elə sənədsiz yaşayır. Nəticədə nə baş verir?  Dövlət büdcəsi pul itirir, sənədsiz torpaq sayı azalmır. 
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq hesab edirik ki, qanunun aliliyinin təmin olunması, qiymətləndirmə fəaliyyətinə əsassız müdaxilələrin dayandırılması və vahid hüquqi yanaşmanın tətbiqi vacibdir".

Mina
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.