Cəmiyyət

Rəsmi iş yeri olmayanlara ipoteka veriləcək? - AÇIQLAMA

23 İyun 2025 12:44
Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkədə onlarla insan var ki, ev almaq üçün ilkin ödənişi ödəməyə imkanı çatır, lakin rəsmi iş yerinin olmaması səbəbilə ipoteka krediti ala bilmir. Bərbər, dərzi, bənna kimi fərdi fəaliyyətlə məşğul olan və sabit gəliri olan şəxslər gəlirlərini rəsmiləşdirə bilmədikləri üçün ipoteka sistemindən kənarda qalırlar.

Milli.Az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, bu məsələdə ciddi problemlə üzləşirlər:

"Gəliri olan çox insan var, amma rəsmi işləmədiklərinə görə kredit ala bilmirlər. Bu səbəbdən ev sahibi olmaq sadəcə bir xəyal olaraq qalır".

Məsələ ilə bağlı Kredit Zəmanət Fondundan isə bildirilib ki, ipoteka kreditləri ilə bağlı şərtlərin dəyişdirilməsi hazırda gündəmdə deyil:

"İpoteka kreditlərinin verilməsində əsas meyarlardan biri vətəndaşın rəsmi gəlirə sahib olmasıdır. Hazırda fərdi fəaliyyət göstərən şəxslərə kredit verilməsinə dair hüquqi baza yoxdur", - qurumun açıqlamasında qeyd olunub.

Bəs rəsmi əmək müqaviləsi olmadan sabit gəlir əldə edənlər niyə bu sistemdən kənarda qalır? Şərtləri sadələşdirmək mümkün deyilmi?

Millət vəkili Vüqar Bayramov bu məsələdə dəyişikliklərin mümkünsüz olmadığını bildirir.

Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrdə ipoteka kreditlərinin verilməsində sadəcə rəsmi gəlir yox, həm də vətəndaşın maliyyə davranışı, ödəmə qabiliyyəti və bank tarixi nəzərə alınır. Bu model gələcəkdə Azərbaycanda da tətbiq oluna bilər:

"Modelin özəlliyi ondan ibarətdir ki, yalnız rəsmi əmək haqqı deyil, eyni zamanda digər mənbələrdən əldə edilən vəsaitlər, o cümlədən ipoteka krediti götürmək istəyən vətəndaşların davranışına uyğun olaraq qərarlar verir. Onlara ipoteka kreditləri təklif olunur. Ona görə də bu imkanlardan istifadə olunması və rəsmi gəlir olmayan, amma davranış modelinə uyğun olaraq ödəmə qabiliyyəti olan vətəndaşlarımıza da kreditlərin verilməsi vacibdir. Nəzərə alsaq ki, Mərkəzi Bank da davranış modelinə keçidi tətbiq etmək istəyir". 

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisdə bu məsələ ilə bağlı müzakirələr aparılıb. Təklif olunan fikirlər rəsmi iş yeri olmayanların da əlçatan mənzil proqramına qoşulmasına fürsət yaradır. Eyni zamanda bu, mənzil bazarında da canlanmanın olmasına müsbət təsir göstərəcək. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.