Cəmiyyət

"Həmin şəxs mətbəxdə əməliyyat olunub"

16 May 2025 15:36
Baxış: 1 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bildiyiniz kimi, ölkədə plastik cərrahiyyə ilə bağlı xüsusi yoxlama komissiyası yaradılıb. Bu komissiyada Baş Prokurorluq, Elm və Təhsil Nazirliyi, eləcə də Daxili İşlər Nazirliyinin nümayəndələri təmsil olunub. Araşdırmalar nəticəsində Azərbaycanda plastik cərrah kimi fəaliyyət göstərməyə rəsmi icazəsi olan 42 mütəxəssis müəyyən edilib. Onların adları ictimaiyyətə təqdim olunub və rəsmi şəkildə dərc edilib. Siyahıya düşməyən digər tibb işçilərinə isə yalnız öz ixtisas sahələri üzrə bəzi prosedurları icra etmək hüququ verilib. Bu məsələ qanunvericiliyə uyğun şəkildə tam həll olunub və artıq bu mövzuya qayıtmaq istəmirəm".

Milli.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında bildirib.

Bundan əlavə olaraq, deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərək plastik cərrahiyə sahəsində ciddi nəzarət çatışmazlıqlarını gündəmə gətirib.

Onun sözlərinə görə, dünən qəbul etdiyi vətəndaşlar plastik əməliyyat nəticəsində həyatını itirən Səbirə Vəliyevanın ailə üzvləri olub. Valideynləri bildiriblər ki, qızlarını əməliyyat edən Ülviyyə İlyasova tibbi savadı olmayan, 9-cu sinif təhsilli şəxsdir və hazırda "Qurbanova" soyadı ilə gizli şəkildə kosmetoloq və üz cərrahı kimi fəaliyyətini davam etdirir. Hadisə nəticəsində iki azyaşlı uşaq anasız qalıb, lakin məsuliyyət daşıyan şəxsə qarşı heç bir tədbir görülməyib.

Deputat qeyd edib ki, plastik cərrahlar üçün imtahan keçirildiyi və siyahının dərc olunduğu bildirilsə də, cəmiyyətə bu barədə aydın və şəffaf məlumat verilməyib. Həmin qadın əməliyyat zamanı xəstəni komaya salıb və onu evinə apararaq yardım etməyə çalışsa da, nəticə verməyib və pasiyent ölüb.

Səyyad Salahlı təklif edib ki, plastik cərrahiyyə üzrə ixtisaslaşmış, dövlət nəzarətində olan mərkəzi xəstəxana yaradılsın:

"Əgər əməliyyat zamanı səhv baş verərsə, digər ixtisaslı həkimlər dərhal müdaxilə edə bilsin. İnsanlar da harada və kimə müraciət edəcəyini dəqiq bilsin".

Deputat əlavə edib ki, bəzi bölgələrdə həkim çatışmazlığı var. Məsələn, İmişlidə 140 min insan yaşayır, amma rentgen yoxdur, Sabirabad və Saatlı da daxil olmaqla 400 minlik ərazidə lor-həkimi tapılmır. Səyyad Salahlının fikrincə, məzun olan həkimlər təyinatla bölgələrə göndərilməli və orada müəyyən müddət işləmədən geri dönməməlidirlər. "Həkim deyir ki, guya rayonun havası ona düşmədi. Bu, sadəcə bəhanədir. Dövlət hesabına təhsil alıbsa, vətənə xidmət etməlidir", - deyə o bildirib.

Deputatın fikirləri ilə bağlı səhiyyə naziri isə cavab olaraq bildirib ki, məsələ üzrə Baş Prokurorluq, DİN və Elm və Təhsil Nazirliyi ilə birgə təftiş aparılıb, nəticədə 42 rəsmi plastik cərrah müəyyən olunub və siyahı ictimaiyyətə təqdim edilib. Digər tibb işçilərinə yalnız öz ixtisasları üzrə əməliyyat icazəsi verilib və bu məsələ hüquqi çərçivədə həll olunub.

Teymur Musayev vətəndaş Sara Qəhrəmanovanın müraciətinə də münasibət bildirib. Onun sözlərinə görə, həmin şəxs Nazirliyin qəbulunda olub və bildirib ki, qızını əməliyyat edən şəxs heç bir tibbi təhsilə malik olmayıb və əməliyyatı ev şəraitində, mətbəxdə icra edib. Nazir qeyd edib ki, bu cür hallara Səhiyyə Nazirliyi deyil, hüquq-mühafizə orqanları müdaxilə etməlidir, çünki söhbət dələduzluqdan gedir və bu, artıq cinayət məsuliyyətinə aiddir.

Teymur Musayev əlavə edib ki, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində plastik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılır və yalnız rəsmi icazəli 42 mütəxəssis burada fəaliyyət göstərəcək.

Qeyd edək ki, haqqında şikayət olunan həkim Ülviyyə İlyasovadır. O, hazırda Qurbanova soyadını daşıyır.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.