Cəmiyyət

Uyğur törəsi (33 buyruk)- “Türk” etnonimi və törələri" kitabından- YUNUS OĞUZ yazır

24 Aprel 2025 12:45
Baxış: 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

YUNUS  OĞUZ

Əvvəlini  buradan  oxuya  bilərsiniz  https://olaylar.az/news/sosial/591962

Tanrı (Yaradan) təkdir.

Hər kəs Tanrıdan kut (can, yaxud xoşbəxtlik) almaq istərsə başqasına yalvarmasın.

Bir El (dövlət), bir Xaqan, bir Tanrı.

Bir qına iki qılınc girməz.

Bir xatun iki ər ala bilməz və bir budunda (xalqda) iki xalqan ola bilməz.

Törə təkdir

Törə qəti və kəskindir

Kim ki, törəyə uya (adət-ənənəyə əməl edən) kutlanır

Kim ki, törəyə qıya (şöhrət tapır) qatlanır

Kimsə törədən üstün deyildir. Dirilik və birlik üçün törə budur.

Bir çoban sürüsünə, bir kişi ailəsinə, bir Xaqan buduna (xalqına) görə sorumludur.

Hər kişi (ər) qadınına, atına, silahına sahib çıxacaq.

Ana-ataya və babaya təzim (sayğı) göstəriləcək.

Hısmına (hər iki tərəfdən anaya, ataya, bacıya, qardaşa) sarılacaq, qonşunu gözləyəcəksən.

10. Ər, kişi yalan söyləməyəcək.

11. Mal çalan (oğurlayan), mülk əvəzini mislilə ödəyəcək. Hesabı ya malı, ya da canı ilə ödəyəcək.

12. Kimsə zorlamağa cəhd edərsə, canından (edam) olunacaq.

13. Hər kim olursa-olsun haqsız, aldadıcı (fırıldaq) iş tutarsa, dərhal hesab istəniləcək.

14. Savaşdan kənar duran, ya da qaçan cəhənnəmə (tamuya) göndəriləcək.

15. Aman diləyənə qılınc qaldırmayacaqsan, sənə sığınana arxa çevirməyəcəksən.

16. Baş qaldıranın başı kəsiləcək (alınacaq), haqq istəyinin haqqı veriləcək.

17. Kimsə kimsəyə üstünlüyünü göstərməyəcək.

18. Kin və lovğalıqdan uzaq olacaqsan.

19. Məzluma mərhəmət, zalıma əzab hiss etdirəcəksən.

20. Zəifə, yaralıya, uşağa və qadına əl qaldırmayacaqsan.

21. Qızı istəyən, xaqan da olsa, bəy də olsa belə qız istədiyinə veriləcək.

22. Lazımsız yerə ağac kəsməyəcəksən, suyu çirkləndirməyəcəksən.

23. Bilməyib yalandan bildim deməyəcəksən, dərdini (müşgülü) bilənə (anlayana) danışacaqsan.

24. Bu günün işini sabaha buraxmayacaqsan.

25. Eyib (səhv) görməyəcək, eyib (səhv) axtarmayacaqsan.

26. Güclü ikən əfv et, zəifkən səbr et.

27. Yazğına (qədərinə) asi olma

28. Etdiyin yaxşılığı unut, sənə edilən yaxşılığı unutma.

29. Hər kəs ədalətlə iş görəcək.

30. Hər nə edirsən et, ancaq mühakimə olunacağını heç zaman unutma.

31. Xalqına yad olma, ipəyin əlasına, sözün tərifinə aldanma, onlarla süslənmə.

32. Xaqan odur ki, ədaləti üstün tutsun, törəni yaratsın. Törə yox olarsa, El (dövlət) yox olar. El (dövlət) olmazsa, budun (xalqın) qul olar.

33. Ey, Türk Oğuz bəyləri, ey millətim, eşidin!  "Üstdə mavi göy çökmədikcə, altda yağız (sarı) yer dəlinmədikcə sənin Elini və törəni kim poza bilər?.."

Titrə və kəndinə dön!

Dədə Qorqud buyruqları

Ey oğul!

- Biləsən ki, danışan, düşünən, anan, atan, həyat yoldaşın, dostun və sənin kimi şəkillənmiş olan hər varlıq insandır.

Lakin adam deyildir, igid deyildir.

Ər (kişi) deyildir.

Adam olan, igid olan, ər olan arxadan vurmaz, oğul!

Ha söz ilə, ha silah ilə... ha qəlbindən, ciyərindən, ha diqqətsizliyinlə, amma arxadan vuran ər olmaz, oğul!

-Sənin yanına yalanla gələni sən ilan say.

-Yalanı dost edəni, sən dost etmə...

-Dilini yalana alışdırma...

-Hədəfinə çatmaq istəyirsənsə ox kimi ol...

Amma yay olma, çünki yay nə qədər gərilirsə gərilsin, sonunda yerində qalacaq. Oxsa hədəfə çatır.

Yayı gərən əl də sən ol...

Sən ol ki, hədəfi qaçırmayasan...

Elə oxlar var ki, hədəfindən sapmış, özünü vurmuşdur.

- Dünya dönər. Dünya döndükcə hesab da dönər.

- Varlığınla öyünmə, darlığına gücənmə...

- Dünya döndükcə sən bilmədiyin olur, görmədiyini görürsən...

- Olduğundan sıyrıldıqda, gördüyünü unudarsan...

- Böyük tufanlar xəfif əsməklə başlar, xəfif əsməklə də bitər...

- Hər kəs görəcəyini görür və sonra əslinə dönür...

-Xanla dünya tamam olsa idi, bu gün sənə yer qalmazdı...

Bəy də bir, kəndli də... Dünya dönür oğul, döndükcə önünə ölüm gəlir...

-Hər şeyin döndüyü bu dünyada "mən dönmürəm" deyə bilməzsən...

-Hər kəs dönür oğül, amma kimi bataqlığa, kimi çır-çırpı arasına... kimi dəryadan, kimi gül bağçasından dönür...

Olacaqsansa dəryadan dönən köpük ol.

Dönəcəksənsə gül bağçasından dönən qoxu ol...

-Toza, torpağa bürünmə, çamurda, bataqlıqda sürünmə...

-Dilinə diqqət et, belinə diqqət et...

-Elinə diqqət et... qul haqqı ilə dönmə...

Yalanla, riya ilə, iftira ilə, qeybətlə dönmə...

-Zalımı sevmə, zalıma meydan vermə...

-Başqa bir işin yoxdursa, doğrusu var... Doğru ol.

-Əyil, amma sürünmə. Alçaq könüllü ol, amma alçalma.

-Yer və göy... Yerdəkilər və göydəkilər.

Və Uca Tanrı şahid olsun ki;

Sən ər olduqca, igid olduqca, adam olduqca...

Və səndən  olanlar, sənin yanındakılar belə olduqca türk millətinin kürəyi yerə dəyməz!

Buyruqları müasir dövrdə, yəni indi nəzərdən keçirəndə adi və bəsit görünə bilər, lakin dövrünə görə bu törələr mükəmməl olub, bütün toplumu idarə edə bilirdi. Törələrin təsnifatına fikir verdikdə, burada toplumu idarə etmək üçün bütün maddələr movcuddur. Birinci iki buyruq (müasir dildə desək, maddə inanca aiddir. Üçüncü  buyruq isə özündə dövlət quruluşunu ehtiva edir. 33 buyruqda bundan başqa hüquq, sosial, ekoloji, etik, mənəvi maddələr də var, bir sözlə dövrün şərtlərinə görə toplumu idarə etmək üçün bütün şərtlər var.

Burada, əsasən diqqəti türk qadınlarına yönəltmək istərdim, yaxud sosial təbəqədə onların tutduğu yeri də göstərmək lazımdır. O zamanlarda deyildiyi bir kəlməni bir daha xatırlatmaq istərdim: "Ər (kişi) ordu qurar, xatun dövlət". Fikir verdinizmi, qadının yeri toplumda görün nə qədər yüksəkdədir ki, hətta törəyə salınır, buyruq ona sayğı göstəməsini tələb edir. Bu, o zamanlarda idi ki, başqa xalqlarda qadının heç bir hüququ yox idi. Buna səbəb də vardı.

Türk mifologiyasında qadın yaradıcı hesab olunur.

Türk toplumunda qadının yeri

1. Türklərin ən əski dastanlarından biri olan "Yaradılış" dastanında Yaradana ilham verən "Ağ Ana" adlı qadındır.

2. Oğuz xaqanın xoşbəxt həyat yoldaşlarından biri mavi işıqdan, digəri isə müqəddəs ağacdan doğulmuş fövqəladə qadınlardır.       

3. Orxon-Yenisey kitabında Bilgə Xaqan "Sizlər, anam Xatun, nənələrim, xala və bibilərim, qız şahzadələrim..." sözləri ilə xitabına başlayır.

4. Əski türk inancına görə "Xan və Xatun" göy və yerin uşaqlarıdır. Qadının yeri göyün yeddinci qatıdır.

5. Əski türk dastanlarında qadın ərinin (erkəyinin) həmişə yanındadır. Qadın ərinin güc və ilham qaynağı hesab olunurdu.

6. Türk dastanlarının qəhrəmanları yaxşı at çapan, yaxşı savaşan, ox atan, qılınc çalan qadınlarla evlənmək istərdilər: "Dədə Qorqud" dastanında belə nümunələr çoxdur.

7. Əski bir türk sözü: "Birinci zənginlik sağlıqdırsa, ikinci zənginlik yaxşı bir qadındır".

8. Savaşda qadınların düşmən əlinə keçməsi böyük utanc hesab olunurdu.

9. Oğuz Xaqan dastanında deyildiyi kimi (bu həm də törədə qeyd olunub) zorlamağa cəhdin cəzası edamdır.

Ərəb səyyahı Əhməd ibn Faldan, türklərin təcavüzdə günahlandırılan bir nəfərin ayaqlarının çarpaz bağlanması və ipi kəsdikdə şaqqalandığı edamından yazır.

10. Ərəb səyyabı ibn Batuta yazır: "Burada xəfif bir işin şahidi oldum ki, o da türklərin qadınlarına göstərdiyi hörmətdir". Buradakı qadınların hörməti, izzəti və dərəcəsi kişilərdəkindən daha üstündür.

11. Xaqanın buyruqları, yaxud hökmləri yalnız "Xaqan buyurur ki..." ifadəsi ilə başlardırsa keçərli qəbul edilməzdi.

12. Xarici dövlətlərin qəbulunda xatun da xaqanla bərabər olurdu. Ziyafət və mərasimlərdə qadın xaqanın solunda oturur, siyasi fikirlərini bildirirdi. Misal üçün, Hun imperatorluğun adından Çin ilə barış anlaşmasını Mete xanın xatunu imzalamışdı.

13. Əbdül Qazi Bahadır xan "Şəcəreyi Tərəkəmə"də Oğuz  elində yeddi qızın uzun illər bəylik etməsindən yazır.

Bunu Qaraxanlı dövlətinin Dehli sultanlığına aid etmək olar.

14. Qadının ucalığını simvolizə edən daha bir misal. Altay dağlarının ən yüksək zirvəsinə "Qadınbaşı" adı verilmişdir.

15. Əski türklərdə qadın miras haqqına sahibdir. Qadının özünə məxsus mal-dövləti olurdu və o, bunu istədiyi kimi idarə edər, yaxud dağıda bilərdi.

16. Əski türklərdə kişi qadınını boşaya bildiyi kimi, qadın da ərini boşaya bilərdi.

Digər toplumlarda qadına münasibət

1. İngiltərədə XI əsrə qədər kişilər arvadlarını sata bilərdilər. Xristianlar isə qadına şeytan gözü ilə baxmışdılar. İngiltərədə qadın murdar varlıq sayıldığı üçün İncilə əl vura bilməzdi. Qadınlar İncili oxuma haqqına henri dövründə (1509-1547) sahib olmuşlar.

2. İngilis yepiskopu Dour 1888-ci ildə Vestminstr kilsəsində vaaz verərkən söyləmişdir: "Bundan yüz il öncə qadının ərinin süfrəsinə oturmaq haqqı olmadığı kimi, soruşmadan da sözə başlaması qadağan idi. Erkək usaqlar isə analarına xidmətçidən artıq dəyər verməzdilər.

3. Çində boşanma haqqı yalnız kişiyə aid idi.

4. Buddizmin banisi Buda isə başlanğıcda qadınları dininə qəbul etməmişdi.

5. Roma hüququnda qadın şəxsi malına hökm verə, vəsiyyət edə bilməzdi. Roma hüququ qadını yetişmiş saymırdı. Dul qadının ərə getməsi günah idi.

6. Cində yeni doğulan uşaq oğlan idisə, bahalı kumaşlara, qız idisə bez parçaya bükülürdü.

7. İranda qanlarını pozmamaq (dəyişdirməmək) üçün yalnız yaxın əqrabalarla evlilik uyğun görülmüşdü.

8. Cəhaliyyət dövründə qız uşaqlarını diri-diri basdırmaq adət idi.

9. XX əsrin əvvəllərində Avropada qadın seçki hüququndan məhrum idi. Bizdə isə 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yaranar-yaranmaz qadınlara seçmək və seçilmək hüququ verildi.

Türk qadınları heç zaman üzlərini gizlətmir və islam qaydalarına uyğun hərəmxanada günlərini keçirmirdilər.

Onlardan bir neçəsini yadımıza salaq.

1.Tomris xan.

Herodot da özünün "Tarix" kitabında sahədət gətirir ki, e.ə. VI əsrdə bu qadın sakiq (iskit, massaget)-in hökmdarı olmuş Əhəməni hökmdarı Kirə qarşı vuruşmuş və üzərində parlaq qələbə qazanmışdır.

Herodot yazır ki, massagetlər Arazın o tayında yerləşirdilər və tez-tez əhəmənilər səltənətinə yürüşlər və basqınlar edir, ölkəni yağmalayırdılar.

Kir bu yürüşlərə son qoymaq və massagetlər ölkəsini ələ keçirmək üçün elçilərini göndərib onunla evlənmək təklifini bildirir. Lakin Tomris xan Kirin hiyləsini anlayır və təklifi rədd edir, çünki dövrün qaydalarına görə Əhəməni hökmdarı ilə evləndiyi zaman tabeliyində olan ölkələr də Kirin əlinə keçəcəkdi.

Bundan qəzəblənən Kir Tomrisi döyüşə çağırır.

Yeri gəlmişkən, Herodot qeyd edir ki, İskit bayramı olan "Apatur"u yunanlardan ionlar keçirirdilər. Bu söz "apa" və "tur"dan ibarətdir. İskitlərdə, o cümlədən də massagetlərdə geniş qeyd olunurdu. "Apatur" "apa", "ana" sözündəndir. İskitlərdə Babayın (Zevsin) arvadı belə adlanır. Herodot onu Heya ilə eyniləşdirir. Bu bayrama görə Tomris Kirlə döyüşə oğlunu göndərir. Lakin Kir Tomrisin oğlu Sparqapisə hiylə işlədir. Onun qoşunları Arazı keçərək bir günlük məsafədə ən zəif döyüşçülərini, ərzaq və çoxlu şərab tuluqlarını orada qoyub geri çəkilir.  Massagetlər qələbə qazandıqdan sonra düşmənin qərargahında qalmış yeməkləri görüb kef etməyə başlayırlar. Doyunca yeyib, çaxır içirlər, sonra da yıxılıb yatırlar. (Necə də "Dədə Qorqud"da Qazan xan oğlu ilə içib dərin yuxuya getməsinə bənzəyir). Bu zaman əhəmənilər gəlib düşmənin böyük bir hissəsini qırır, Tomrisin oğlunu da əsir alırlar.  

Ardı var

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.