Cəmiyyət

Qızlara oğlan rəqsi öyrədənlər... - “Bu, avara tiplidir” - VİDEO

3 Oktyabr 2024 09:38
Baxış: 2 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar uşaqların, xüsusilə azyaşlı qızların sosial şəbəkələrdə yayılan rəqs videoları birmənalı qarşılanmır. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, baxış sayı rəqabətinə girən həmin videolarda azyaşlılar bayağı mahnıların sədaları altında rəqs etdirilir, onlara alqış da çalınır. Hətta valideynləri, müəllimləri tərəfindən tanıdılmış bəzi uşaqlar artıq toy məclislərinə də dəvət alır, orada oynamaqla yanaşı, mahnı da ifa edirlər. 

Sözügedən videoların üstünə isə əlaqə nömrələri, ünvanlar qeyd edilir. Qısası, uşaqlar istismar edilərək onlardan reklam məqsədilə istifadə olunur. 

Sosial şəbəkələrdəki müzakirələrdə də əsas tənqid hədəfi təbii olaraq valideynlər və müəllimlərdir. Ana-atanın övladına rəqs bacarığı aşılamaq istəyi çox normaldır. Amma məsələ burasındadır ki, bu çarpaz, qeyri-estetik ayaq hərəkətləri rəqs deyil.  

Əslində uşaqlara standart hərəkətləri öyrədən şəxslərə müəllim də demək olmaz. Heç bir yaradıcı yanaşması olmayan həvəskarlar eyni jestləri cins, yaş, status fərqi olmadan hər kəsə öyrədirlər. Peşəkar rəqqaslar da bu məsələyə reaksiya verir, milli rəqslərimizin unudulmasından qorxurlar. 

Tanınmış rəqqas, şəxsi rəqs ansamblını yaratmış İlham Kərimlinin də mövzu ilə bağlı fikirlərini öyrəndik. O, saytımıza açıqlamasında bildirib ki, bu cür ritmik hərəkətlər musiqi folklorunda olsa da, qız uşaqlarına belə rəqsi öyrətmək düzgün deyil: "Bu tip rəqslər tez-tez qarşıma çıxır. Həmin uşaqların rəqsinə baxanda görünür ki, onların çox gözəl musiqi duyumu, rəqs, qabiliyyəti var.

Bir tərəfdən düşünəndə əslində müsbət cəhətdir. Amma digər tərəfini fikirləşmirik. Biz özümüz də uşaqlarla işləyirik, hamısı bacarıqlıdır. Sadəcə olaraq həmin yayılan videolardakı uşaqlara, xüsusilə qız övladlarına düzgün istiqamət verilməyib". 

Peşəkar rəqqasın sözlərinə görə, bu məsələdə əsas yük valideynlərin və müəllimlərin üzərinə düşür: "Deyək ki, valideyn bilmir, onu qınamırıq. Bəs, müəllim? Axı öyrədən bunu bilməlidir ki, uşaqlara düzgün istiqamət verilməlidir. Bir sözlə, uşağa uşaq, yəni qıza qız rəqsi öyrədilməlidir. Nəinki uşaqlar, bəzi xanımlar da var ki, məclislərdə şıdırğı gedirlər. Təbii ki, onların bu cür ritmləri bacarması gözəldir. Gələcəkdə bəlkə də rəqs müəllimi olacaqlar, ancaq bunun üçün də təhsil və dünyagörüşü lazımdır. Təhsilsiz rəqs, sadəcə, avara tipli rəqsdir. Bir müddət sonra valideyn də dərk etməlidir ki, övladı gözəl rəqs öyrədən müəllimə həvalə olunmalıdır. 

Uşaqlara öyrədilən bu hərəkətlər milli folklorda var. Lakin bu, qadına xas olan hərəkətlər deyil, həm də bu cür fərqli formada. "Ağ çiçəyim", "İnnabı" "Tərəkəmə" rəqsləri bu uşaqlara daha çox yaraşar. 

Rəqqas onu da qeyd edib ki, sözügedən ritmik hərəkətləri eyniyaşlı oğlan uşaqlarının bilməsi müsbət haldır: "Bunu bilən uşaq milli rəqsləri də düzgün şəkildə oynayacaq. Ancaq bu dərəcədə təbliği heç düzgün deyil, hələ verilişlərdə bunun ön plana çıxması olduqca yanlışdır. Rəqsimiz, kökümüz itməməlidir. Digər xalqlar bizim milli rəqslərimizi götürürlər. Biz təbliğ etməliyik, bilsinlər ki, bu, Azərbaycan rəqsləridir. Rəqs təhsilinin olması mütləqdir. Valideynlər bunun üçün düzgün seçim etməlidirlər. Heç bir halda belə rəqslər xoş görünmür, hələ bunun cəmiyyətə təqdim edilməsi olduqca yanlışdır. 

Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova isə bizimlə söhbətində bu cür rəqslərin öyrədilməsinin reklama hesablandığını deyir: "Bizim gələcəyimizi, gözəl rəqslərimizi belə ifa etmək olmaz. Bu, oğlan hərəkətidir və səhnə ilə əlaqəsi yoxdur. Xanımlar xanım kimi olmalıdır.

Biz bununla mübarizə aparırıq. Xoreoqrafiya Akademiyasında müəllimlər peşəkar şəkildə iş aparır. Özfəaliyyət zamanı tərbiyəçilərlə balaca uşaqlara mədəniyyətimizi təbliğ etməklə bağlı müzakirələrimiz olur. Bu hərəkətləri haradan götürüblər? Baş açmaq olmur. 

Xalq artisti belə rəqsi heç kişilərin də oynamadığını bildirib: "Onlar əsl bəy kimi rəqs edirlər. Belə hallar adət-ənənələrimizin itirilməsidir. Qızlar oğlanlar kimi, oğlanlar da qızlar kimi oynayır. Rəqsimiz inkişaf edir, demirəm ki, müasir rəqs oynamaq olmaz. Müasirlik də lazımdır, hətta, milli rəqsi sintez etmək də olar. Ancaq bu, toyxanadır. 

Akademiyada oxuyanlara belə rəqslərə qətiyyən icazə vermirik. Bunun üçün xüsusi tərbiyə keçirilir. Dərs deyən müəllimlərə də dəfələrlə müraciət edirik ki, diplomsuz olmaz, bunun üçün özfəaliyyət lazımdır. Həmin müəllimlər gəlib akademiya, məktəb oxumalıdırlar.

Onlar isə özünü reklam edir, baxış yığmaq üçün belə işlərə əl atırlar. Valideynlər bilməlidir ki, bizim bədii gimnastikamız var, balet var, milli və müasir rəqslərimiz var. Rəqs də tərbiyədir, bunu balacalara düzgün şəkildə göstərmək lazımdır. Əks halda, fəsadları pis olacaq. Qız uşaqları oğlan kimi böyüyəcək. Valideynlər mütləq şəkildə uşaqlarının düzgün yetişməsi üçün peşəkar müəllimlərlə işləməlidirlər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.