Cəmiyyət

Ağcabədi rayonunda təhlükəli vəziyyət yaranıb

24 May 2010 22:24
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kür çayının daşması Ağcabədi rayonu üçün də təhlükəli hal alıb. Baxmayaraq ki, son 2 həftədə çayın rayondakı bəndi yarmasına imkan verilməyib, Kürdə suyun səviyyəsinin artması çayın Ağcabədi ərazisindən keçən hissədə bəndləri dağıtma təhlükəsi yaradıb.

Kür çayının 37 kilometrlik hissəsi Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisindən keçir. Bu ərazi Laçın rayonunun qış otlaq sahələridir. Laçının işğalından sonra rayon əhalisi kompakt şəkildə burada məskunlaşıb. 31 min hektar ərazidəki 84 obada 13 mindən artıq insan yaşayır. Buradakı 3400-evin 95%-i palçıq və qarğıdan tikilib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, çayda suyun miqdarı son günlərdə ən yüksək həddə çatıb. Suyun səviyyəsi bəndin digər tərəfində yerləşən evlərdən və əkin sahələrindən bir neçə metr yüksəkdədir. Nəticədə bəndlərdən sızan su evləri və əkin sahələrini basır.

Son 2 gündə Kür çayının səviyyəsi Ağcabədi rayonu ərazisindən keçən hissədə 10 sm yüksəlib. Bəndin dağılması ehtimalına qarşı sutka ərzində texnika və canlı qüvvə çayın sahilində növbə çəkir.

Qeyd edək ki, may ayının birinci ongünlüyündə Kür çayı bu ərazidə 5 dəfə bəndini dağıdıb. Nəticədə 54 ev tamamilə uçub. 1800 ev ya qəzalı vəziyyətdədir, ya da su basdığı üçün ümumiyyətlə burada yaşamaq mümkün deyil. Minlərlə hektar əkin və otlaq sahəsi isə hələ də su altındadır.

Laçın rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, görülən tədbirlər nəticəsində son 2 həftədə Kür çayının bəndi yarmasına imkan verilməyib. Belə ki, mindən artıq canlı qüvvə və onlarla texnika bəndvurma və bəndbərkitmə işlərinə cəlb olunub.

/ANS TV/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.