Cəmiyyət

Xalçaları "oxuyan" adam

13 İyun 2012 18:36
0 Şərh     Baxış: 2 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İndi də bu xalçaların sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Bəli, Quba xalçaları dağ yamaclarına naxış vuran kəndlər qədər gözəl, həm də qədimdir. Hər yurd yerinin digərlərinə bənzəməyən həyatı olduğu kimi, hər xalçanın da öz dili, öz gözəlliyi var.
 
Quba xalçaları insan ruhuna qanad verə bilən, adamı düşündürən və öz aqibətindən dastan açan kitabələr qədər sirli və təkrarolunmazdır. Nə yazıq ki, biz onların dilini başa düşə bilmirik.

Xalçaçılığın geniş yayıldığı rayonlarımızdan biri də Qubadır. Burada xalçanın bir neçə növü toxunur. Toxunulan hər bir xalçanın adı, toxunduğu yerinə, naxışına və oranın adətinə yaxındır. Məsələn: "Qollu çiçi", "Sırt çiçi", "Köhnə Quba", "Mehrabı Quba" və s.

Kənardan baxanda adi naxışlardan ibarət olan xalça, əslində göründüyü kimi deyil: onda bir dünya, bir aləm təsvir olunur. Bu xalçaların nə üçün toxunulduğunu, onların hansı şəraitdə və onlarda nə təsvir olunduğunu bilmək bizə önəmsiz görünər. Amma burada həkk olunan naxışların dilini bilsək, həmin xalçalar bizi qəribə bir aləmə aparar.

Bu xalçaların sirrini bilən insanlardan biri də Quba rayon sakini Ağacan Xudabaxış oğlu Kərimovdur. O, 1965-ci ildə Quba rayonunun Cimi kəndində anadan olub. Onun xalçaya olan həvəsi uşaq vaxtından başlayıb. Ağacanın babası Hacıkərim kişi ölkəmizin tanınmış xalçaçılarından olub. Ağacan babasının üzünü görməsə də, bu fitri istedadın ondan keçdiyi qənaətindədir. Xalçaçı usta eyni zamanda xalçaların dilini bilməklə yanaşı, həm də boyaqçıdır. Dediyinə görə, ən yaxşı xalça evlərdə bir adamın əlindən çıxan xalçalardır. O, bir xalçanın iki şəxs tərəfindən ərsəyə gətirilməsini məqbul hesab etmir. Ağacan usta xalça toxumaq üçün həm də sakit, dedi-qodusuz mühitin vacib olmasını da vurğuladı: "Xalça məsum uşaq kimidir. Xalça toxunan yerdə heç bir səs-küy də olmamalıdır. Xalçanı toxuyan adam şirindilli, gülərüzlü olmalıdır. Xalça toxunan məkanda gedən xoşagəlməz söz-söhbət belə, xalçaya öz təsirini göstərir. Hətta mən deyərdim ki, belə söhbətlər ona hopur. Onda da o, istənilən formada alınmır". O, bir həqiqəti də dilə gətirdi: "İndi əsl xalça toxuyanlar azdır, onlar da əsasən, pul xətrinə toxuyurlar. Onların da keyfiyyəti olmur".

Ağacan kişini narahat edən bir məsələ də var. O dedi ki, turistlər, bir qayda olaraq, xalça seçimində onun yaraşıqlı olub-olmamasına daha çox fikir verirlər: "Amma bu, düzgün deyil. Əgər onlara xalçaların dilini başa salan olsaydı, yəqin ki, heç zaman belə etməzdilər, bər-bəzəyə uymazdılar. Xalçanın dilini bilmədən onu duymaq mümkün deyil".

Daha sonra Ağacan usta boyaqçılıqdan söz açdı. Bildirdi ki, xalçanın yaxşı, rəngarəng görünməsində iplərin yaxşı boyanması əsas şərtdir: "Ən yaxşı iplər də təbii maddələrdən (palıd ağacının, soğan, nar qabıqlarından, biyan kökündən, boyaq otundan) alınır. Bu təbii maddələr günəşin şüaları altında qurudulur. Sonra isə döyülüb toz halına salınır". Onun sözlərinə görə, xalça yuyulduqdan sonra rəngini itirməsin deyə onu turşu və yaxud inək sidiyində saxlayırlar". Usta bildirdi ki, hər rəngi boyamaq üçün ayrı-ayrı qab lazımdır. Ancaq usta bir küpdə bir neçə rəng əldə etməyin mümkün olduğunu bildirdi. Onu bunu özünün kəşfi kimi dəyərləndirdi. Dediyinə görə, zirinc kolunun kökü vasitəsilə bu, mümkündür.

Usta xalçaya olan maraqdan da söz açdı. Dedi ki, indi xalçaya maraq azalıb. Halbuki ötən əsrin doxsnanıncı illərinin sonunda xalçaya maraq daha çox idi. Ustanın sözlərinə görə, buna səbəb "koperativ" sexlərdə xalçaların necə gəldi toxunmasıdır.

"Zaman Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.