Cəmiyyət

Kamil Moskvada həbsinə səbəb olan videodan nələr dedi?

25 Fevral 2024 18:00
Baxış: 2 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 21-də Moskvadan qayıdarkən Ermənistanın tələbi ilə saxlanılan və həmin gün günorta saatlarında Azərbaycan dövlətinin müdaxiləsi ilə polis bölməsindən azadlığa buraxılan idmançı Kamil Zeynallı "BBC Nyus"a müsahibə verib.

Milli.Az sözügedən müsahibəni təqdim edir:

- Kamil bəy, müharibədən sonra siz Moskvaya gedib-gələndə hər hansı yoxlama-araşdırma olurdumu?

- Son iki ay ərzində üç dəfə getmişdim. Hamısında məni yoxlayıblar, pasportumu alıblar, 15 dəqiqə sonra buraxıblar. Qayıdanda da saxlayıb yoxlayırdılar. Mənə də maraqlıydı ki, onlar məni niyə saxlayırlar. Sən demə, Ermənistan məni İnterpol yox, MDB dövlətlərarası axtarışa verib. Axtarışa verəndə soyadımda hərf səhvi yazıblar. Sərhəddə də baxanda hərf səhvi var deyə, buraxıblar (ad-soyad üst-üstə düşməyib).

Bu dəfə isə saxlayanda yoxlanış bir az dərin getdi: 40-45 dəqiqə, sonra polislər məni apardılar polis bölməsinə. Orda dedilər ki, Ermənistan tərəfindən axtarışa verilmisiz və sizi onlara təhvil verəcəyik. Prokuror dedi ki, sənədləriniz bir-iki saata hazırlanır, ora məruzə eləmişik, sizi göndərəcəyik ora, yəni sürətli proses gedir. Mən də bir kənara çəkildim, telefonla video çəkib paylaşdım. Sağ olsun, dövlətimiz, ordakı səfirliyimiz, lazımi qurumlar tez reaksiya verdilər və qabağa düşdülər.

- Ermənistanda barənizdə cinayət işi qaldırıldığından xəbəriniz var idimi?

- Bilirdim ki, onlar məndən yanıqlıdılar, nəsə edə bilərlər. Amma xəbərim yox idi axtarış barəsində, xəbərim olsa, axtarış olan yerdə aparıb özümü odun içinə atacaq qədər ağılsız deyiləm.

- Bəs Azərbaycan tərəfində, hüquq-mühafizə orqanlarında belə bir məlumat yox idimi ki, sizi MDB dövlətlərarası axtarışa veriblər?

- Daxili İşlər Nazirliyinin idarələrindən biri mənimlə bağlı axtarışa baxıblar, adımın axtarışda olduğunu görməyiblər. Onda soruşublar ki, onu nəyə əsasən tutsunlar? Yenidən Rusiyaya veriblər ad-soyadımı, araşdırıblar. Mənim adımda "k"-dan sonra (rus əlifbası ilə) "ya" yazıblar: "Kyamil" olub, məndə isə pasportda "Kamil" yazılıb. Buna görə hər dəfə məni buraxırlarmış. Bu dəfə isə saxladılar.

- İndi sizə "stop" qoyulub?

- Bəli, MDB dövlətlərinə giriş edə bilmərəm.

- Bununla bağlı siz hüquqi müstəvidə hər hansı hərəkət aparacaqsızmı?

- Yox, Ermənistanla nə hüquqi mübarizə? Bilirsiniz də, burda prinsip söhbətləri var. Həm siyasi problemlər, siyasi söhbətlərdi iki dövlət arasında. Düşmənimizdi də. Adı üstündə. Ona görə onlar bundan vaz keçməzlər.

- Kamil bəy, bir video yayılıb. Məlumatlara görə, Ermənistan da sizi o videoya görə ittiham edir. Bir qoca kişinin başının kəsilməsi videosu... Bu videonu görmüsünüzmü? Burda baş verənlər barədə nə xəbəriniz var?

- Mənim o videodan xəbərim yoxdur.

- Yəni, tanımırsınız ordakıları?

- Mənim heç nədən xəbərim yoxdur. Heç nədən. Mən onu təsdiq etsəm ki, o mənəm, sonra bunu, məsəl üçün, düşmənlərimiz götürəcək ki, o özü təsdiq edir. Cinayət işini daha da asanlaşdırmaq yoludur, onlar üçün. Ona görə, mənim heç nədən xəbərim yoxdur.

- Sizin bir videonuz yayılıb. Orda "erməni başı kəsən oğullardan" bəhs edirsiniz. Ünvanınıza belə ittihamlar vardı ki, adamları müharibə cinayətləri törətməyə çağırırsız.

- Onda müharibə gedirdi. Müharibədə hər bir hadisə ola bilər. Danışıq da, ölüm də, yaralanma da. Müharibə - adı üstündə. Burda hər şey ola bilər. Bunlar onu indi "kozır" kimi istifadə edirlər.

- Sizin müharibə vaxtı çoxlu videolarınız yayılırdı. Bir videoda topa mərmi qoyursuz. Belə döyüşmək istəyirdinizsə, niyə hərbi yolla getmədiniz?

- Gedib qeydiyyatdan keçdim, çağırmadılar. Çağırmadılar deyə, qanunsuz getdim.

- Cəbhəyə qeyri-qanuni getdiyinizi həmin videoya şərhinizdə də yazmısız. Buna görə hüquq-mühafizə orqanları sizi çağırdımı?

- Əlbəttə, çağırdılar, niyə çağırmadılarʔ Çağırdılar, mənimlə oturub söhbət etdilər: lazım deyil, getmə, birdən sənin başına nəsə iş gələr. Onsuz da, dedilər, səni paylaşıblar, başına mükafat qoyublar. Dedilər getmə, dedim, yaxşı. Amma dedilər, yardımlarını göndərə bilərsən. Dedim, yaxşı. Amma çıxdım, yenə öz bildiyimi elədim. Çünki ürəyim orda, müharibədə, qardaşlarımın yanında idi. Onlar orda, mən burda, özümə sığışdıra bilmədim, ona görə təzədən getdim, sonra da həbs etdilər.

- Bir videonuz da var: əsgərlər qarşınızda sıraya düzülüb. Buna görə sizə hər hansı cəza verdilərmi?

- Xeyr. Əsgərləri mən ora zorla düzməmişdim ki! Bu, əsgərlərin mənə hörmətiydi. Onları kim ora zorla düzdürə bilər? Hamısı Azərbaycan kişiləri, əsgərləridir. Sadəcə, mənim xətrimi çox istəyirdilər, mən gələndə, -idmanda, hərbidə salamlaşma qayda-qanunu var, onlar özləri düzüldülər, mənlə görüşdülər.

- İkinci Qarabağ müharibəsinə görə medallarınız varmı?

- Xeyr, mən medala görə getməmişəm...

- Sadəcə, soruşuram, medal verilibmi?

- Mən qanunsuz getmişəm axı, ona görə də mənə medal düşmür.

- Belə başa düşdüm ki, qətl videosunu siz də görmüsünüz. Bu videonu necə qiymətləndirirsiniz?

- Lap əla qiymətləndirirəm. Düzdür, biz təcavüzkar millət deyilik. Biz hər şeyi qayda-qanunla, sülhlə etmək istəyirdik. Bunlar da başa düşmədilər. Bizim torpağımıza girənləri torpağımızdan çıxarmışıq.

Müharibədə yaşlısından cavanına kimi bunu gözə almalı idilər ki, onlar Azərbaycan torpağındadır, sabah onları öldürə bilərlər və yaxud da digər nələrsə, ona görə onlar burda olmalı deyildi. Onlar bunu gözə alıb bura gəliblərsə, artıq bu bizim günahımız deyil. Müharibədə hər şey ola bilər.

- Kimsəsiz, əliyalın, dinc insana qarşı bunu doğru sayırsınız?

- Xocalı faciəsində bizim qadınların qarnını yarıb uşağını çıxaran onlar idi, o qocalar idi. O ölən qoca idi. ...Bildinizmi?! Bizim qadınlara qarşı zorakılıq edənlərdin biri də o idi.

- Videoda olan kişinimi nəzərdə tutursunuz?

- Bəli, videoda olan kişi, həmin o Xocalıda bizim qadınlarımıza, uşaqlarımıza işgəncə verib öldürənlərdən biri də o olub.

- Bunu siz nədən bilirsiniz?

- Bilməsəm, danışmaram. Eşitmişəm, özü də orda boynuna alıb, deyirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.