Cəmiyyət

Efirdə arvad axtaranlara dəstək verənlər və tənqid edənlər...

15 Mart 2023 08:40
Baxış: 1 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" verilişində televiziya kanallarını tənqid edib. Milli.Az musavat.com-a istinadən bildirir ki, Kamran Həsənli 44 günlük savaşda şəhid olan Azərbaycan oğullarının təbliğinin aparılması gərəkdiyini deyib və bildirib ki, kanallar orta yaşlı insanları evləndirməyə xidmət etməməlidir.

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişinə evlilik üçün üz tutanları qınayanlara sərt cavab verib. Bu barədə o, sözügedən proqramda danışıb. "Bütün problemlərin həllində varıq, sonuna qədər. Evlənmək hər kəsin haqqıdır. Hamı ailə qurur. Biri küçədə tanış olur, biri telefonda, parkda, metroda, əvvəllər camaat hamamda tanış olurdu. Artıq efirdə iki izdivacımız olub. Kimsəsiz bir insanı damın altından çıxarıb ailə həyatı qurdurmuşuq. Pisdir? Atasını, anasını körpə yaşından itirib bu adam, arxasında kim duracaq, kim arxa çıxıb evəndirəcək onu? "Arvadım kənddə bir kişi ilə qaçıb, tapın görək haradadır?"... Bu yaxşıdır? Bu günə qədər 11 il ərzində nələrdən keçmişik, bunu mən bilirəm. Boş-boşuna danışan adamlardır. Bitdi artıq, mənə bu mövzuda heç kim heç nə deməsin", - deyə Zaur bildirib.

Cəmiyyətdə izdivac verilişlərinə münasibət birmənalı deyil. Xüsusən də yaşlı nəslin efir vasitəsilə özünə "qulaq yoldaşı", ər və yaxud arvad axtarması cəmiyyətdə qıcıqla qarşılanır.

Deputat Aqil Abbas mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Aqil Abbas yaşlı insanların efir vasitəsilə özlərinə həyat yoldaşı axtarmasını normal qarşıladığını dedi: "Bu məsələni yamanlamaq doğru deyil. Ola bilər ki, yaşlı insan tənha qalıb, indi də özünə "qulaq yoldaşı" axtarır, burada pis bir şey yoxdur. O gün izlədim ki, 24 yaşlı bir qız özünə ər axtarır. Hamımız bilirik ki, Vətən müharibəsində xeyli şəhidlərimiz olub. Ona görə də oğlan qıtlığı yaranıb, qızlarımız isə ailə qurmaq istəyir. Hesab edirəm ki, bu, normaldır. Xarici ölkələrdə qocalar evi əslində buna görədir. Hətta imkanlı şəxslər belə yaşlananda qocalar evinə gedir, orada özünə dərd yoldaşı tapır, sevir, yenidən evlənir və sairə... Amma bizim adət-ənənəmizə görə övladın öz valideynini qocalar evinə qoyması böyük qınaqla qarşılanır. Ona görə də yaşlı insanlar məcbur qalıb efirə çıxırlar. Doğrudur, keçmişdə el-obada insanların efirə çıxıb özünə ər və yaxud arvad axtarması xoş qarşılanmırdı, insanlar buna qəribə baxırdı, amma indi vəziyyət dəyişib və bunu yamanlamaq doğru deyil".

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə məsələyə bu cür münasibət bildirdi: "20-ci əsrin ortalarında dünyada gedən proseslər hələ indi gəlib bizə çatıb.

Məlum olduğu kimi, ötən əsrin 60-70-ci illərində ailə institutları, təsisatları artıq dağılmağa başlamışdı. Həmin vaxt dünyada maraqlı bir mərhələ, dalğa keçirdi, belə ki, tələbə hərəkatları, hippler hərəkatı başlamışdı və onun təsirindən qaynaqlanaraq, dünyada klassik mühafizəkar ailə dəyərləri dağılırdı. Bu, keçmiş SSRİ-də də başlamışdı. Artıq insanlar dövlətin bir kərpici olan möhkəm ailə dəyərlərinə deyil,  əskinə, liberal düşüncəli şəxslərə, fərdlərin azadlığını özündə ehtiva edən yeni model  ailə münasibətlərinə, o cümlədən ictimai nikah, qeyri-rəsmi nikah, dini kəbinə (istər xristian, İslam, istərsə də bütpərəstlikdə) üstünlük verirdilər. Hətta Avropanın bir çox ölkələrində nəinki qadın, kişi, hətta kişi-kişi, qadın-qadın, yəni eynicinsli nikahlar ortaya çıxmağa başladı. BMT indi artıq bu cür orta cinsi qəbul edir və bir sıra ölkələr eynicinsli nikahları da qəbul etməyə başlayıb. Buna görə də bir sıra sivil cəmiyyətlərdə buna qarşı formatlar yaranmağa başladı. Həmin formatlardan biri də ailə, tanışlıq, dostluq mərkəzlərinin, Karneqi klublarının yaradılması, eyni zamanda radio-televiziya, kütləvi informasiya vasitələrində tanışlıq şoularıdır.

İnternet və sosial şəbəkələrin geniş yayıldığı, televiziyaların inkişaf etdiyi 21-ci əsrdə bu tendensiya bizim ölkəyə çox gec gəlib çatdı. Çünki bizdə ailə dəyərləri hələ də qorunub saxlanılırdı, boşanmaya qarşı həm qanunda, həm də cəmiyyətin özündə kəskin fikirlərin, ictimai qınağın olması ona gətirib çıxartmışdı ki, ailələr rəsmi nikaha girəndən sonra dağılmağa meylli olmurdu. Hətta ailədaxili münaqişələr olsa belə, onu kənara çıxarmırdılar.

21-ci əsrin əvvəllərindən etibarən artıq televiziyalarda evlilik proqramlarının, saytların, elanların çoxaldığını müşahidə etməyə başladıq. Bu, normal haldır ondan və ondan qorxmaq lazım deyil ki, daha çox yaşlı nəsil bu məsələdə qabağa düşür. Bunun səbəbi isə ondan ibarətdir ki, gənclərin evlənməklə bağlı şansları daha böyükdür, onların problemləri daha azdır, həm də onların arxasında cəmiyyət, toplum, ailələri durur. Yaşlı insanların isə bu şansları çox azdır. Ümumiyyətlə, yaşlı insanlara qarşı çox qəddarıq. İstər pensiya yaşında olan qadınların, kişilərin boşandıqdan sonra yenidən evlənməsi hətta ailə üzvləri tərəfindən aqressiya ilə qarşılanır. Çünki burada ailə üzvləri özləri maddi maraq güdür, ata-ananın, nənə-babanın pensiyasını əldən buraxmamaq, evinə, mülkünə şərik çıxmaq istəyirlər. Bu hallar ona gətirib çıxartdı ki, əri ölmüş 30 yaşlı dul qadın belə ağbirçək sayılır və yaxud 40-50 yaşlı kişinin arvadı vəfat edəndə o, artıq pensiyaçı, ağsaqqal hesab olunur. O, hətta velosiped sürə, dostları ilə əylənə bilməz və sairə. Bu dəhşətli düşüncəyə qarşı əlbəttə ki, bir partlayış olmalı idi və bu partlayışı evlilik proqramlarında görürük. Bir daha qeyd edirəm ki, bu məsələni normal qarşılamalıyıq. İnsan tək yaşamaq istəmir, özlərinə dayaq, "qulaq dostu" axtarırlar. Biz bunun mənfi tərəflərini deyil, yalnız müsbət tərəflərini götürməliyik. Bu həm də cəmiyyətdə olan psixoloji gərginliyin  qarşısını ala biləcək variantlardan biridir".

Sosioloq Əhməd Qəşəmoğlu qeyd etdi ki, cəmiyyətimiz indiki vaxtda bu cür proqramları izləməyə hazır deyil: "İndiki vaxtda bu cür proqramlar əhaliyə pis təsir edir, bir çoxları bunu qıcıqla qarşılayır, ona görə də hazırda bu cür proqramların tərəfdarı deyiləm. Lakin burada belə bir məsələ var. Əgər belə proqramlar varsa, insanlar həmin verilişlərə gedirsə, deməli, cəmiyyətdə evlənmə ilə bağlı tələbat var. Əgər bu tələbat varsa, Rusiyada, Türkiyədə olduğunu təkrarlamaqdansa, özümüzə məxsus yeni modellər təklif edə bilərik. Yəni elə etməliyik ki, insanlar daha sivil yolla bu sahədə istədiklərinə nail ola bilsinlər. Bunun üçün bəzi ölkələrdə maraq klubları var. Eləcə də bizdə bələdiyyələrimiz və yaxud başqa qurumlar bunu edə bilər.

Məsələn, mən çoxdandır təklif edirəm ki, məhəllələrdə hüquq-mühafizə orqanlarının xətti ilə sosial iş xidməti yaradılsın.  Hesab edirəm ki, sosial iş xidməti insanlara bu sahədə də köməklik edə bilər. İnsanlar söhbətləşə, tez-tez mərasimlər keçirə, həmin mərasimlərdə istədikləri ilə tanış olub, evlənə bilərlər. Yoxsa ki, hansısa yaşlı qadının və yaxud kişinin efirə çıxıb, özünə ər, arvad axtarması insanlarda qıcıq yaradır. Bir daha qeyd edirəm, əgər cəmiyyətimizdə bu sahədə tələbat varsa, xalqımızın adət-ənənəsinə uyğun forma tapmaq lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.