Cəmiyyət

Şamaxıda tutan Ərdəbil radiosu - İranın məkrli təbliğatını necə əngəlləyək...

8 Dekabr 2022 08:12
Baxış: 1 216

Sirr deyil ki, İran rejimi uzun illər ərzində din pərdəsi altında xain məqsədləri üçün Azərbaycanda özünün təsir dairəsini yaradıb. Xeyli insanın beynini Qumda, digər yerlərdə "dini təhsil"lə, "Kərimə dövləti" cəfəngiyyatı ilə "yuyublar".  Son illərdə, xüsusən son bir neçə ayda biz bunun fəsadlarını görməkdəyik.

Təbii, konkret cinayət əməlləri olan, dövlətə qarşı proseslərdə yer alan şəxslər xüsusi xidmət orqanları tərəfindən neytrallaşdırılır, həbs olunur.  Onlarla yanaşı, kifayət qədər potensial İran agenti olacaq şəxslər də var. Şübhəsiz, onlar da daim nəzarətdə saxlanılır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, İranın Azərbaycanda şəbəkə qurmaq, təbliğat aparmaq vasitələrindən biri də kütləvi informasiya vasitələridir. Davamlı şəkildə İran mediası, Tehrandan xüsusi xidmət orqanlarının yönətdiyi saytlar, radiolar, TV-lər anti-Azərbaycan təbliğatı aparırlar. Məlum olduğu kimi, son aylarda bu proses daha radikal və dözülməz hal alıb.

Bu məsələ Milli Məclisdə də narahatlıqla ifadə olunub. Deputat Ceyhun Məmmədov parlamentdəki çıxışında bildirib ki, İranın xəbər agentlikləri, televiziya kanalları, xüsusilə səhər kanalı Azərbaycana və Azərbaycan Prezidentinin ünvanına hədyanlar yağdırmağa davam edir.

"Eləcə də Azərbaycanın bir sıra bölgələrində İran radioları Azərbaycanın efir məkanına müdaxilələr edirlər. Burada söhbət təkcə sərhəd bölgələrindən getmir. Eyni zamanda son vaxtlar İranın sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək Azərbaycanda gərginlik yaratmaq cəhdləri açıq müşahidə olunur. Bu məqsədlə həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır" - deputat bildirib.

C.Məmmədov qeyd edib ki, bu baxımdan "Səhər" kanalının peyk vasitəsilə yayımının, eləcə də İran radiolarının ölkəmizin efir məkanına müdaxiləsinin qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir: "Uzun illərdir bu barədə müzakirələr getsə də, hələlik konkret nəticə yoxdur. Bununla yanaşı, hesab edirəm İranın Azərbaycanda uzun illər ərzində formalaşdırdığı şəbəkənin və həmin şəbəkənin bütün üzvlərinin zərərsizləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır. Eyni zamanda İranda yaşayan soydaşlarımıza ünvanlanmış verilişlərin hazırlanması və ya televiziya radio kanalının açılması məsələsi xüsusi diqqətdə saxlanılmalıdır. Eyni zamanda hesab edirəm Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası məqsədilə müxtəlif dillərdə, o cümlədən ərəb və fars dillərində verilişlərin yayımlanması istiqamıtində də ciddi düşünməliyik. Bu gün dünyanın əksər ölkələri bunu edirlər".

Nəzərə çatdıraq ki, İran radioları, TV-ləri nəinki sərhəd rayonlarında, hətta Şamaxıda, Ağsu aşırımında da Azərbaycanın efir məkanına qanunsuz olaraq soxulur. Bunu jurnalistlər dəfələrlə fiksə edərək, ictimailəşdiriblər.

İranın TV və radiolarının Azərbaycanda izlənilə bilməməsi üçün müvafiq strukturlar hərəkətə keçməli, texnologiyalar tətbiq etməlidir. Necə olur ki, İran radioları, konkret olaraq Ərdəbildən yayımlanan radio Şamaxıda belə tutur? Bunu önləmək üçün nə edilməlidir?

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, uzun müddətdir ki, bu problem var, artıq həyəcan təbili çalmağın vaxtı çatıb: "Bu, əslində beynəlxalq müstəvidə həll olunmalı məsələdir. Bununla bağlı beynəlxalq normalar var ki, sərhəd ərazisində olan radioxidmətlər - radiostansiyalar, televiziyalar, mobil və digər bu kimi vasitələrin bəlli bir qaydalar mövcuddur. Sərhəd ərazilərində bunların normaları, əhatə dairəsi, standartları ilə bağlı beynəlxalq normalar var. Təəssüfləndirici hal ondan ibarətdir ki, indiyə qədər İranla Azərbaycan arasında radioxidmətlərin tənzimlənməsi ilə bağlı, normalara, standartlara əməl olunması ilə bağlı bir anlaşma həll olunmayıb. Qalan bütün ölkələrdə sərhəddə yerləşən ölkələrlə bağlı bir anlaşma var. Amma indiyə qədər İranla Azərbaycan arasında belə bir anlaşma hələlik həll olunmayıb. Bildiyim qədər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Radiotezliklər qurumu dəfələrlə müraciət etməsinə baxmayaraq, hətta bir neçə dəfə müzakirələr olmasına baxmayaraq sərhəddə radioxidmətlərin yayımlanmasının beynəlxalq normalara əməl olunması ilə bağlı bir razılaşma ortada yoxdur. Razılaşma olmadığına görə də İran tərəfi özünün ərazisində yerləşən radiostansiyalar, radioxidmətlərin gücünü nəzərdə tutulan normadan artıq edib. Azərbaycan ərazilərində istiqamətini normalara zidd təyin edib. BMT-nin beynəlxalq telekommunikasiya ittifaqı var, bununla bağlı radio komitəsi var. Azərbaycan bu yaxınlarda üzvlük məsələsini həll edirdi. Bu da böyük uğurlardan biridir. Yəni bizim orada daimi iznimiz var. Hesab edirəm ki, beynəlxalq mexanizmləri işlə salmaq lazımdır. Tərəflər toplanmalıdır. BMT-nin nümayəndələri ilə birgə İran və Azərbaycanın müvafiq qurumları toplanmalıdır və bu məsələni tənzimləməlidir. Yəni bu ilk istiqamət olmalıdır, BMT-nin iştirakı ilə İranla Azərbaycan arasında razılaşma olmalıdır".

Ekspert əlavə edib ki, Azərbaycan özünün radio subyektlərini, radio xidmətlərini yaratmalıdır: "Ətraf, sərhəd ərazilərdə bizim radiostansiyaların, radioların sayı çoxalmalıdır. Televiziyaların sayı çoxalmalıdır. Prinsip o olmalı deyil ki, nəyinsə qarşısını alaq. Prinsip o olmalıdır ki, öz radiomuzu yaradaq. İnvestisiya daha çox ona yönəlməlidir. Beynəlxalq mexanizmlərə uyğun öz radioxidmətimiz olmalıdır. Deyək ki, İranın ərazidə neçə sayda radiosu var, amma Azərbaycanın həmin ərazidə radioları yoxdur. Ona görə hesab edirəm ki, cənubda, Qarabağ ərazisində, şimal-qərbdə, Gürcüstanla ərazidə Azərbaycan hökuməti bizim radioxidmətlərin sayının artırılmasını nəzərdə tutmalıdır, ora investisiya yatırmalıdır. Müsabiqələr ayrılmalıdır, radiolar ayrılmalıdır".

Qeyd edək ki, noyabrın 7-də Şuşada radio-televiziya yayım qülləsinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya yayım qülləsinin təməlini qoyublar. Media eksperti Zeynal Məmmədli KİV-ə açıqlamasında deyib ki, Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olublar: "Belə ki, stansiya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Məhz bu səbəbdən də oradakı avadanlıqlar zədələnmiş, texniki binada ciddi dağıntılar baş vermişdi. İndi bizim əlimizdə yüksək texniki imkanlar var və sözsüz ki, ciddi şəkildə nə lazımdırsa, analiz ediləcək və bütün lazımi işlər görüləcək. Eyni zamanda istər Ermənistanın, istərsə də İranın tezlikləri, radio və televiziya dalğalarının yayılmasının qarşısının alınması istiqamətində mühüm işlər görüləcək. Bu baxımdan, Şuşa Radio-Televiziya yayım qülləsinin təməlinin qoyulmasını yalnız alqışlamaq olar, çünki bu çox mühüm və vacib bir addımdır".

Milli.Az

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics