Cəmiyyət

Kukla teatrında kimləri tutacaqlar?

3 Dekabr 2022 08:07
Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neçə gündür media Abdulla Şaiq adına Dövlət Kukla Teatrında yoxlamaları elə həssaslıqla izləyir ki, sanki burada kukla tamaşası göstərməyiblər, "canavar və tülkü" əlbir olub dövlətin büdcəsini yeyib-dağıdıblar. Ölkədə bəzi mövzular tabu kateqoriyasındadır, o səbəbdən medianın belə mövzularda israrçılığı anlaşılandır. Məsələn, elə mənə də sual edə bilərsiz ki, niyə Naxçıvanda baş verən korrupsiya həbslərindən yox, kukla teatrındakı yoxlamalardan yazıram. Səbəbini izah edim. Naxçıvanda heç olmadım, həm də orada baş verənlərin kökü məncə, KİV-in yazdığı və təqdim edilən kimi deyil. Mənə qalsa, biz ümumiyyətlə baş verənlərin mahiyyəti haqda gerçəyi bilmirik, ya da medianı yanlış yönləndirirlər...

Milli.Az musavat.com-a istinadən bildirir ki, Kukla teatrında yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu məlumdur. Bildirilir ki, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Teatrın direktorunun təklifə etirazı o vaxtkı nazir müavinin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb. Mədəniyyət Nazirliyinin isə mövqeyi belədir ki, teatr "islahatlar çərçivəsində" yoxlanılır və xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb.

Mədəniyyət Nazirliyinin hər hansı yoxlamasına etirazım yoxdur. Bu nazirlikdə korrupsiya haqda illərdir yazılır, Əbülfəs Qarayev özü həbs edilməsə də, ətrafında bir neçə nəfər hazırda həbsxanadadır. Amma özünü çağırıb demədilər ki, bu nazirlikdə baş verənlərdən xəbərin olmayıb? Qarayevin həbsdə olan sabiq müavinin yerinə gələn Elnur Əliyev də nə işdirsə, o kresloda iki-üç ay rahat otura bilmədi. Bilinmədi bu adamın suçu nə idi. Belə suallara əlbəttə ki, cavab almaq çətindir, amma kuklaları sorğu-sual etmək çox asandır. Üstəlik, adları da pisə çıxıb: canavar, tülkü, ayı...

Kukla teatrı köhnə kommunist jurnalistlərin ifadəsi ilə desək, mənə dogma məkandır. Son 3-4 ildə kukla teatrına yolum çox düşüb və hər iki dildəki tamaşların demək olar ki, hamısına Qaqa ilə baxmışam. Maraqlı tamaşalar da olub, maraqsız hazırlananları da. Əsas əlbəttə ki, uşaqların məmnun qalmasıdır.

Paytaxt Bakıda uşaqlar üçün bir çox əyləncəli məkanlar var, qiymətlər də bahadır. "Mall"larda xüsusilə bahaçılıqdır, kasıb ailələr uşaqlarını belə yerlərdən uzaq qaçırırlar. O səbəbdən "kukla teatrı kasıb balaları üçündür" deyənlər varsa, haqlıdırlar. Amma buraya ən müxtəlif sosial zümrədən uşaqlara da rast gəlmək mümkündür. Xüsusilə rus dilində olan axşam seanslarında...

Bilet bütün tamaşlara və yaş qrupları üçün 3 manatdır. Valideyn özü də zalda oturmaq istəyirsə, o da bilet almalıdır. Uşaqlara zalda bir neçə qız nəzarət edir. Zal geniş və rahatdır. Bura xüsusilə bayram günlərində anşlaq olur, bilet tapmaq çətinləşir. Bu illər ərzində heç vaxt "altdan bilet" satıldığının şahidi olmamışam. Arxasında möhrü olan bileti kassadan alıb, nəzarətçiyə verirsən, o da biletin yarısını kəsib sənə qaytarır. Kukla teatrına niyə online bilet satılmadığının səbəbi maraqlıdır. Şəhərin mərkəzinə hamı yarım saat tez gələ bilmir axı...

Tamaşlar haqda xüsusi yazmağa gərək yox. Yeni premyeraya bu yaxınlarda getmişdik: "Qar kraliça"ya. Maraqlı hazırlanmışdı, onun cizgi filminə elə indi də baxıram, uşaqlar üçün belə keyfiyyətli tamaşa hazırlanmasına ancaq sevinmək olar. Aktyorların hamısını üzdə tanıyıram, gənclər çoxdur. Onlar tamaşanın sonunda alqışlamaq xoşuma gəlir.

Uşaqlar bu dünyanın ən təmiz məxluqlarıdır və onlar həqiqətən də inanırlar ki, Xeyirlə Şərin mübarizəsində həmişə birincilər qalib gəlir. Onlar böyüdükcə hər şeyi başa düşəcəklər, anlayacaqlar ki, bu dünyada heç də hər şey kukla teatrındakı kimi deyil. Hər şey bəlkə də tam əksidir.
Kukla teatrında yoxlamağa yəqin ki, nəsə var, söz veriblər ki, "ictimaiyyətə nəticələr barədə məlumat veriləcək". Ümid edək ki, teatrın binasını möhürləməzlər. Məndən sizlərə məsləhət, hərdən uşaqlarınızı və nəvələlərinizi kukla teatrına aparın və özünüz də baxın. Kuklaların günahsız olduğunu özünüz də görəcəksiniz...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.