Cəmiyyət

Ermənistan 8 kilometr yolu ilyarıma “tikmək” istəyir - Laçın yolunu bağlayaq?

5 Avqust 2022 13:16
Baxış: 1 162

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Laçından yan keçən yeni yolun Ermənistan ərazisindəki hissəsinin tikintisinə başlanıb. "Yeni Müsavat" xəbər verir ki, yeni Laçın yolunun Ermənistan ərazisində davamı olan Tex-Kornidzor avtoyolunun rekonstruksiyasının nə vaxt bitəcəyi ilə bağlı suala Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın cavabı belə olub:

"Tikinti 9 noyabr 2020 üçtərəfli bəyanatında nəzərdə tutulan müddətə (6-cı bəndə əsasən 3 il ərzində) başa çatacaq". Azərbaycan tərəfi yolun nəzərdə tutulduğu vaxtdan tez hazır olacağını bəyan edib və artıq yolun bizə aid hissəsinin başa çatmasına bir şey qalmayıb. Söhbət Ermənistan ərazisinə düşən cəmi 8 kilometrlik yoldan gedir. Azərbaycan isə öz üzərinə düşən 32 km-lik yolun inşasını tamamlamaq üzrədir. Lakin Qriqoryanın sözlərindən belə anlaşılır ki, yol bu ilin deyil, gələn il noyabrın 10-da, yəni 3 ilin tamamında təhvil verilə bilər. Qriqoryan rəsmi bir şəxsdir və üçtərəfli bəyanatı əsas gətirərək yolun üç il ərzində istifadəyə veriləcəyinə açıq eyham vurdu. Bu isə o deməkdir ki, ermənilər üç ilin tamamında da bu yolu istifadəyə verə bilər və bəyanata əməl etdiklərinə əsaslana bilərlər.

Yəni yeni Laçın yolu, ermənilərin sözünə görə, 2023-cü ilin noyabrın ilk ongünlüyündə də istifadəyə verilə bilər. Adını da qoyarlar ki, razılaşmanın müddəalarını pozmayıblar. Məlumdur ki, Laçın dəhlizində bir neçə kənd boşaldılmalıdır və xaricdən köçürülmüş həmin erməni ailələri Xankəndi və ətrafına deyil, Ermənistana köçürülmələrini istəyirlər. Mümkündür ki, Paşinyan hakimiyyəti bu köçürülmənin Ermənistanda yarada biləcəyi sosial gərginlikdən qorxur. İkinci tərəfdən, Azərbaycanın yeni yolda sərhəddə post qurması da gündəmdədir ki, Ermənistanda buna Qarabağın birdəfəlik itirilməsi kimi baxırlar. O səbəbdən, hər vasitə ilə prosesi yubadırlar. Erməni mediası isə yazır ki, Laçın dəhlizinin marşrutunun dəyişməsindən sonra Bakı strateji əhəmiyyətli yüksəkliklərə də nəzarəti bərpa edəcək. Bundan sonra Xankəndi və ətraf ərazilər Azərbaycan Ordusunun birbaşa hədəfinə çevriləcək. Bundan sonra Xankəndi və onun ətrafında yaşamaq daha da çətinləşəcək.

Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Laçın istiqamətində Azərbaycan Ordusunun əsgərini şəhid etməsi də bir daha göstərir ki, Ermənistan bu istiqamətdə gərginliyin artmasında maraqlıdır. Azərbaycan XİN-in sərt bəyanatı da onu göstərir ki, Qarabağın rusların nəzarətində olan ərazilərindən erməni silahlıları tam çıxarılana və Zəngəzur dəhlizi açılana qədər Laçın dəhlizi də Azərbaycanın nəzarətində qismən qapalı qalmalıdır. Ermənistan 8 km yolun inşasını uzatmaqla və Laçın dəhlizindən hələ daha ilyarım istifadə etməklə nəyə nail olmaq istəyir? Bu istiqamətdə gərginliyin artması ilə ermənilərin məqsədi nədir? Zəngəzur dəhlizi ilə Xankəndindən Ermənistana gedən yeni dəhlizin eyni statusda ola biləcəyi qorxusu Ermənistanı təşvişə saldığı üçün indidən belə edirlər? Laçın dəhlizində gediş-gəlişi məhdudlaşdırmaq və ya xəbərdarlıq olaraq bir neçə günlük bağlamaq mümkündürmü? Lakin avqustun 4-də Ermənistandan başqa bir açıqlama da gəldi. Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan bildirdi ki, alternativ yolun tikintisi yazda bitəcək. "Tikinti başlayıb, texnika işləyir, yol çəkilir. Biz onu üç hissəyə bölmüşük və fəal işləyirik", - o əlavə edib.

MilliHərbi ekspert Ədalət Verdiyev "Yeni Müsavat"a qeyd etdi ki, Ermənistanın nazı ilə oynamaq fikrində deyilik. Ə.Verdiyevin sözlərinə görə, Azərbaycan üzərinə düşəni edib, yeni yol demək olar ki, hazırdır: "Bizim gözləmək niyyətimiz yoxdur ki, onlara aid hissəni nə vaxt tikib başa çatdıracaqlar. Öz işləridir, istəyirlər lap torpaq yolla getsinlər, xoşları gəlmirsə, cəhənnəm olub getsinlər. Bəlkə Ermənistan 20 ilə həmin yolu tikəcək, ləngidəcək, belə çıxır ki, biz də gözləyəcəyik? Qətiyyən mümkün deyil, güzəşt yoxdur. Əgər elə edəcəklərsə, avqustun 3-dəki cəza tədbiri təkrarlanacaq. Ona görə də ya birgə bəyanatın şərtlərini yerinə yetirsinlər, ya da "Qisas" əməliyyatı davam edəcək".

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev  söylədi ki, ermənilər yenə verdikləri sözə əməl etmirlər. "10 noyabr sənədində də bu məsələlər qeyd olunub, habelə Brüssel, Moskva və Soçi görüşlərində götürdükləri öhdəlikləri də yerinə yetirmirlər, deməli, onları başqa cür yola gətirməliyik. Azərbaycan yolun özümüzə aid hissəsini tikib, ermənilər hələ indi başlayır. Bu, süründürməçilikdir, vaxt qazanmağa çalışmaqdır. Ona görə zor və güc dili ilə həll etmək lazımdır. Onların başa düşdüyü güc dilidir. Əks halda, yeni yolun 8 km-lik hissəsini illərlə tikib qurtarmayacaqlar", - deyə partiya sədri vurğuladı. E.Musayev hesab edir ki, Laçına alternativ yol nəzarətimizdə olmalıdır, sülhməramlı ilə birgə yoxlanış aparmalıyıq: "Biz yeni yolla Qarabağa nələrin daşındığını bilməliyik. Sonuncu dəfə sülhməramlı karvanından silah-sursat tapılması göstərdi ki, erməni terrorçuları silahlandırırlar. "Qisas" əməliyyatı zamanı məhv edilən erməni postları, kazarması, oradakı D-30 haubitsaları sübut edir ki, terrorçu birləşmələr silahlanırlar. Ona görə də Azərbaycan Laçın şəhərini yeni yolun özünə aid hissəsini tam başa vurduqdan sonra təhvil almalıdır, Sus və Zabux kəndlərindən çıxmalıdırlar, Ermənistan özünə aid hissəni nə zaman başa vuracaqsa özü bilər, yerdə qalan 8 km-lik ərazini haradan gedirlər getsinlər".

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması göstərir ki, İrəvan Laçın dəhlizinin alternativ marşruta köçürülməsi tələbini icra etmək niyyətində deyil: "Görünür, buna məcbur ediləcəklər. Ordumuz Qarabağda - Laçın istiqamətində şəhid verdi. Bu, erməni terrorçuların dəhlizin yeni marşruta köçürülməsinə qarşı təxribatının nəticəsidir. Terrorçuların təmizlənməsi qaçılmaza çevrilir. İrəvan bəyannaməyə istinadən "1,5 il vaxtlarının qaldığını" deyir. Və bununla marşrutun dəyişdirilməsi, Laçının, eləcə də hazırkı dəhliz üzərindəki ərazilərin təhvil verilməsinin daxili ictimai rəydə yaratdığı dalğanın qarşısını almağa çalışır. Separatçılar isə daha əlverişsiz hesab etdikləri yeni marşrutdan istifadə etmək, həmçinin Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin çıxarılmasını istəmirlər. Rusiyaya gəldikdə, Laçın şəhərinin təhvil verilməsi ilə Bakıya qarşı əlindəki kartlardan birinin indi itirilməsində maraqlı deyil. Beləliklə, Bakı hər iki tələbin indi tam icrasına nail olmaqla sonrakı mərhələyə keçmək niyyətindədir. Bu halda Zəngəzur dəhlizinin "maneəsiz keçid" prinsipi ilə açılmasına nail olmaq üçün Laçın dəhlizinin eyni rejimlə işləməsi məsələsini gündəmə daşıyacaq və bunu yeni marşrut üzərində etmək imkanı daha böyükdür. Nəticədə erməni qoşunların çıxarılmasına nail olduqdan sonra separatçılarla mübarizənin daxili məsələ olduğu mövqeyini gücləndirəcək. Hadisələrin inkişafı Bakının 4-cü bəndin icrası və Laçın dəhlizinin yeni marşruta köçürülməsinə indi nail olmaq mövqeyindən geri çəkilməyəcəyini deməyə əsas verir. Rusiya müdafiə naziri Sergey Şoyqunun həmkarı Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə etməsi də sıradan hadisə deyil. Bu zəng Moskvanın Bakıdan mümkün istəklərinin olduğu fikrini də ön plana çıxarır: erməni qoşunların çıxarılması üçün avqusta, Laçın dəhlizinin yeni marşruta köçürülməsi üçün yolun Ermənistan tərəfindəki hissəsinin inşasına qədər zaman istəyə bilərlər. Azərbaycanın bu məsələlərin məhz indi icra edilməsində israrı səbəbsiz deyil".

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Laçının bir neçə kəndi işğaldan azad olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir. Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics