Cəmiyyət

Rusiya sülhməramlıları İrəvanın tapşırıqlarını icra edir? - Ovannisyanın “açdığı sirr”

5 Avqust 2022 13:56
Baxış: 1 284

2020-ci ilin 10 noyabr razılaşmasına görə, Qarabağda 5 il müddətinə dislokasiya olunmuş Rusiya sülhməramlılarının özbaşınalığı haqda bu vaxtadək çox yazılıb. "Yeni Müsavat" yada salır ki, "sülhməramlı" qüvvələr dəfələrlə Qarabağa "çağırılmamış qonaqlar"ı buraxıb. Ancaq bu dəfə Ermənistanın ilk xarici işlər naziri, "İrs" Partiyasının rəhbəri, sabiq xarici işlər naziri Raffi Ovannisyan Qarabağ ərazisinə buraxılmayıb. Separatçıların səylərinə baxmayaraq, rus hərbçiləri ona Xankəndinə daxil olmağa icazə verməyib.

Ovannisyan 90-cı illərdə Qarabağdakı erməni separatçıları üçün çox iş görüb. Eyni zamanda 2013-cü ildə keçirilən prezident seçkilərində Serj Sərkisyanın əsas rəqibi olub. "İrs" Partiyasının yaydığı bəyanatda isə diqqətçəkən bir məqam var: "Komandirinin əmrini əlavə edilmiş fotoşəkillə birlikdə göstərdikdə, buraxılış məntəqəsindəki hərbçilər imtina üçün heç bir aydın səbəb və əsaslandırma təqdim etməyiblər, lakin qadağanın rəsmi İrəvanın "yuxarı" təbəqəsindan gəldiyini təsdiqləyiblər. Separatçı qurum bu qərardan xəbərsiz olub və çox təəccüblənərək uzun müddət qanunsuzluğu aşkarlamağa və onu düzəltməyə çalışıb, lakin nəticəsiz qalıb".

Düzdür, erməni partiyası bu məsələdə "Bakının əli ola biləcəyini də istisna etməyib", amma diqqətçəkən məqam sülhməramlıların Ermənistan rəhbərliyinin göstərişi əsasında onun Xankəndinə buraxılmaması barədə deyilənlərdir. O deməkdir ki, Azərbaycan ərazisindəki sülhməramlılar İrəvanın siyasi tapşırıqlarını icra edir, kimin Qarabağa buraxılıb-buraxılması barədə Ermənistan rəhbərliyindən göstərişlər alır.

Bu ilk belə iddia deyil. Yada salmaq yerinə düşər ki, sülhməramlılar özlərini Ermənistana və separatçı ermənilərə daha yaxın göstərməyə cəhd edirlər. Qarabağdakı sülhməramlıların sabiq komandanı Rüstəm Muradovun separatçıların lideri Araik Arutyunyanla qucaqlaşması yaddaşlardan silinməyib. Belə görünür ki, sülhməramlıların indiki komandanı Volkov da hansı ölkənin ərazisində xidmət göstərdiyini "unudub".

Bu bir daha sülhməramlıların statusunun müəyyənləşməsi ilə bağlı mövzunu gündəmə gətirir. Rusiyanın bundan əvvəl həyata keçirdiyi bütün sülhməramlı əməliyyatlar zamanı sülhməramlı qüvvələrin fəaliyyəti hüquqi təmələ söykənib. Qarabağdakı sülhyaratma əməliyyatı isə 10 noyabr 2020-ci il bəyanatı ilə başlasa da, hələlik sülhməramlı qüvvələrin səlahiyyət çərçivəsini müəyyən edən sənəd razılaşdırılmayıb. Bəyanatın üç maddəsində sülhməramlılardan bəhs olunur: 3-cü maddədə Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu 1960 sayda sülhməramlı kontingentin yerləşdirilməsindən, onların sərəncamındakı hərbi, avtomobil və xüsusi texnikanın sayından; 4-cü maddədə sülhməramlıların erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsindən və onların ərazidə qalma müddətindən; 6-cı maddədə isə Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşasından sonra həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsindən bəhs olunur. Bəyanatda əlavə heç bir detal yoxdur.

Həm Ermənistan, həm də Rusiya tərəfinin rəsmi açıqlamaları, eləcə də açıq mənbələrdə yayılan məlumatlara əsasən, güman edə bilərik ki, Qarabağdakı sülhməramlıların statusu ilə bağlı ayrıca sənəd hazırlanıb, sadəcə olaraq, Azərbaycan onu imzalamayıb. Rusiya mənbələrinin iddiasına görə, Bakı Qarabağın nəqliyyat kommunikasiyaları, o cümlədən bu ərazini Ermənistanla birləşdirən yol (Laçın dəhlizi) üzərində nəzarət hüququ,  Qarabağın dağlıq bölgəsinin idarə olunmasında iştirakı və "dqr ordusu"nun buraxılmasını tələb edir. Göründüyü kimi, sülhməramlılarla bağlı xeyli həll edilməmiş məsələlər qalır. Maraqlıdır, sülhməramlı kontingenti doğrudanmı İrəvandan verilən əmrlər və siyahı ilə bizim ərazimizdə hərəkət edir?

Milli.Az xəbər verir ki, politoloq Murad Sadəddinovun "Yeni Müsavat"a bildirdiyinə görə, erməni siyasətçisinin sözləri inandırıcı deyil: "Sülhməramlılara iradı Azərbaycan həmişə bildirir. Biz deyirik ki, qanunsuz səfərlərin qarşısı alınmalıdır. İlk dəfədir ki, bunu eşidirik, İrəvan Xankəndinə kiminsə buraxılmamasına göstəriş verib. Məncə, Ovannisyanın deməsinin siyasi çaları var. O, müxalifətdədir və siyasi maraqlar naminə hakimiyyətə qarşı bəhrələnmək istəyib. Əslində sülhməramlılara tapşırıq Bakıdan gəlir, yəni qanunsuz səfərlərlə bağlı biz etiraz edirik. Sadəcə, erməni müxalifəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olan fəaliyyət göstərməkdədir". Politoloq hesab edir ki, sülhməramlıların səlahiyyətləri müəyyən edilərsə, bunun mənfi və müsbət nəticələri ortaya çıxar: "Görürsünüz ki, Milli Məclis onların legitimləşməsinin əsasını qoymayıb. Bu, bizə gələcəkdə manevr imkanı verir. Əgər sülhməramlı kontingentin səlahiyyətləri ilə bağlı sənədlər qəbul olunarsa, müəyyən problemlər meydana çıxa bilər.  O baxımdan indiki hal bizə manevr imkanları qazandırır".

Siyasi ekspert Vaqif Hüseynin fikrincə, erməni siyasi partiya sədri növbəti demaqogiyaya yol verib: "Sadəcə, aranı qarışdırmaq üçün piar kampaniyası aparmaq istəyib. Əmrin haradan gəlməsindən asılı olmayaraq, bu cür səfərlər gərginliyə yol açır. Belə adamların məqsədi ürək bulandırmaqdır, ona görə buraxmayıblar. Amma elə hesab etmək olmaz ki, Ermənistan diktə edir, yaxud İrəvan sülhməramlıya sifariş verir. Axı işin Azərbaycan tərəfi var?!"

V.Hüseyn xatırlatdı ki, sülhməramlılar sayəsində fransız siyasətçi Valeri Pekres Xankəndinə daxil olmuşdu: "Görünür, Ermənistan ictimaiyyətində tanınan şəxslərin Qarabağa buraxılması işıqfor prinsipi ilə həyata keçirilir. Amma Bakının rolu da mühümdür. Sadəcə, sülhməramlıların səlahiyyətləri 10 noyabr sənədində şifahi şəkildə müəyyənləşib və Qarabağa girişi qadağan edilən şəxslərin siyahısı da razılaşdırılıb. Ehtimal var ki, Qarabağa buraxılmasına icazə olan və olmayan şəxslərin siyahısı sülhməramlıda var. Görünür, Ovannisyan "qara siyahı"da olub".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics