Cəmiyyət

20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb - FOTO

21 Yanvar 2022 08:54
0 Şərh     Baxış: 329

Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə 2022-ci il yanvarın 20-da Strasburq şəhərində Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən anım mərasimi təşkil edilib.

Strasburqdakı Azərbaycan icmasının üzvləri və ölkəmizin dostlarının qatıldığı mərasimdə Avropa Şurası yanında daimi nümayəndə Fəxrəddin İsmayılov, şərqşünas araşdırmaçı Şirin Melikoff və Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva çıxış ediblər.

Milli.Az xəbər verir ki, daimi nümayəndə F.İsmayılov bildirib ki, 1990-cı il 20 yanvar hadisələri həmçinin xalqımızın qəhrəmanlıq salnaməsinin bir şərəfli səhifəni təşkil edir. Belə ki, həmin faciə əbədi olaraq Azərbaycan millətinin müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilibdir. Keçmiş sovet ordusunun xalqımıza tutduğu qanlı divan onun azadlıq əzmini sındıra bilməyib və əksinə, insanlarımız arasında həmrəyliyin möhkəmlənməsi ilə nəticələnib. Daimi nümayəndə Ulu Öndər Heydər Əliyevin faciənin ertəsi günü Sovet İttifaqının paytaxtında verdiyi cəsarətli bəyanat ilə xalqımızın əzilməz mübarizə ruhunu daha da gücləndirdiyini vurğulayıb. F.İsmayılov əlavə edib ki, 44 günlük müharibədə müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində və şəhidlərimizin qanı bahasına əldə edilən zəfər şübhəsiz Qanlı Yanvar qəhrəmanlarının ruhunu şad edib. Azad, bütöv və firavan Azərbaycan sevgisi 20 Yanvar faciəsindən bəri canlarından keçmiş bütün qəhrəmanlarımızı birləşdirən ümumi bir amal olubdur.

Bu çıxışın ardınca tədbir iştirakçıları 20 Yanvar qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükut ilə yad ediblər.

1990-cı il yanvar hadisələrindən bir necə gün sonra Bakıya yol tapa bilən ilk əcnəbi müxbirlərdən biri olan Şirin Melikoff həmin günlərdə şahidi olduğu hadisələrdən söz açıb və şəxsi xatirələrini bölüşüb. O, Azərbaycan xalqının bu faciə qarşısında baş əyməyərək, azadlıq və müstəqillik tələblərini davam etdirdiyini qeyd edib və insanlarımızın nümayiş etdirdiyi cəsarəti xatırladıb. Bu hadisələr barədə vaxtilə Fransa mətbuatı üçün bir sıra yazılar hazırlayan şərqşünas araşdırmaçı eyni zamanda Bakıdan gələn xəbərlərin təhrif olunduğuna diqqət çəkib. Belə ki, xüsusilə Fransa mətbuatında yerli erməni icması və sovet təbliğat maşınının təsisi altında Azərbaycanın azadlıq uğrunda mübarizəsinə kölgə salınmasına davamlı cəhdlər olub.

Daha sonra Mehriban Ovçuyeva çıxış edərək, 20 Yanvar hadisələrinin hüzn doğurmaqla yanaşı, böyük bir qürur və fərəh mənbəyi olduğunu ifadə edib. O, bu faciənin xalqımızın azadlıq ideyalarına köklənən milli təfəkkürünün dərinləşməsinə təsirini vurğulayıb. M.Ovçuyeva həmçinin ötən illər ərzində xaricdəki Azərbaycan diaspor təsisatları və icmalarının 20 Yanvar həqiqətlərinin geniş yayılması üçün daha mütəşəkkil şəkildə apardığı fəaliyyətlərdən bəhs edib.

Çıxışların ardınca tədbir iştirakçılarına Azərbaycan Televiziyasının istehsalı olan "Tarixin izi ilə - 20 Yanvar" sənədli filmi nümayiş etdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics