Şou-biznes

Tahir İmanov: «Bu gün efirimizi lazımsız mövzularla, tikanlı söhbətlərlə doldururlar»

1 Aprel 2010 09:53
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev adına Sarayda aprelin 1,3 və 4-də nəzərdə tutulan "Planet Parni iz Baku" KVN Teatrının yeni proqramına bir gün də əlavə edilib. Tamaşaçıların xahişi ilə KVN-çilər aprelin 5-də də eyni səhnədə eyni proqramla çıxış edəcəklər. KVN-çilərin ilk çıxışı bu günə - aprelin 1-nə təsadüf edir ki, adətən bu gün "Aldatma", yaxud, "Gülüş" günü kimi təqvimdə tanınır. Milli.Az xəbər portalına müsahibəsində teatrın bədii rəhbəri, aktyor Tahir İmanov tamaşçıları aldatmaq kimi niyyətlərinin olmadığını açıqladı:

- Biz perofessional səhnədə böyük bir kütlənin qarşısına çıxırıq və insanları aldatmaq kimi işimiz ola bilməz. 1995-ci ildən sarayın səhnəsində çıxış edirik və təqvimindən asılı olmayaraq, heç vaxt belə bir niyyətimiz olmayıb.

- Hər dəfə siyasət və şou-biznes adamlarını əsas hədəf seçən KVN Teatrı bu dəfə daha kimləri hədəfə alacaq?

-  Cəmiyyətdə olan bəzi problemlər bizim hədəfimiz olacaq. Eyni zamanda hədəfdə şou-biznes nümayəndələri də olacaq, bəli, bu, qaçılmazdır. Bu dəfə müğənnilərimiz bir çox dünya ulduzları ilə bir səhnəni "bölüşmək" imkanı qazanacaqlar.

- Hədəfinizdəkilərin kimliyini açıqlaya bilərsiniz?

- Bilirsiniz ki, proqram öncəsi heç vaxt ad çəkmirəm. Sadəcə, biz söz deyirəm, "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır". Həm də mən öz prinsiplərimə heç vaxt xəyanət edə bilmərəm (gülür).

- Açıqlamalarınıza görə, proqram hazırlığı ərəfsində təkliflər və təpkilər alırsınız. Kimisi onu parodiya etməyi sizdən xahiş edir, kimisi isə onun parodiya olunacağını xəbər tutub söz təzyiqi göstərməyə çalışır. Bu dəfə yeni nə baş verdi?

- Bu, çox hallarda olur. Amma bu dəfə nədənsə, zənglər olmadı. Əsas odur ki, parodiyada təhqir olmasın. Biz buna yol vermirik. Hansısa parodiya tənqidi xarakter daşıya bilər, amma təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Əks təqdirdə buna görə cavab verməlisən.

- Yeni premyeralar gözlənilir?

-Həmişə olduğu kimi. Amma prinsiplər yenə qüvvədə qalır. Sadiq tamaşaçımız bilir ki, hər dəfə onlar premyera izləyə bilirlər. Bu dəfə də sürprizimiz olacaq.

- Son illlərə qədər siz əksər qadın parodiyalarında geyimlərinizi dəyişir, qadın obrazına uyğunlaşırdınız. Amma son illər yalnız parik taxmaqla səhnədə parodiya edilənin qadın olduğunu göstərirsiniz. Yəni, əyninizdəki kişi kostyumunu dəyişmirsiniz.

- "Planet Parni iz Baku"nun televiziya proqramları olanda biz mütləq qadın obrazında həm geyim, həm də ki aksesuarlardan istifadə edirik. Amma Saraydakı çıxışılarımız zamanı nadir hallarda qadın geyimlərindən istifadə edirik. Bu da vaxt darlığında paltarları dəyişmək imkanımızın olmamasından irəli gəlir. Çünki elə aktyor var ki, hər səhnəcikdə çıxış edir. Nəzərə alın ki, bu KVN teatrıdır və janr bizə istənilən obrazda şərti çıxmağımıza imkan verir. Verilişlər isə birbaşa canlı üsniyyət vasitəsi olmadığından çəkilişlər arası geyimlərimizi dəyişməyə zaman tapırıq.

- Bu, yaşlı nəsil aktyorların qadın geyimləri ilə səhnəyə çıxan bu günkü nəsli tənqid hədəfinə çevirməsi zərurətindən irəli gəlmir?

- Bunu o adamlar deyir ki, ya bu sənətdə nəyisə bacarmayıblar, yadaki qocalıblar və yeni nəsilə paxıllıq edirlər. Maraqlısı odur ki, məsələni qaldıran həmin sənət adamları nə vaxtsa özləri də səhnədə qadın paltarı geyiniblər. Düşünmürəm ki, bu, teatr aləmində bir nömrəli problemdir. Bizim teatrın başqa böyük probelmləri var. Mən bu məsələnin mövzuya çevrilməsinin heç də tərəfdarı deyiləm. Mövzu birdəfəlik bağlanmalıdır! Aktyor özünü sənəti ilə məşhurlaşdırmalıdır. Hansısa bir qalmaqalla yox.

- Sizi teatr aktyorlarından fərqləndirən nədir? Səhnəni müasirləşdirdiniz, sadə insanların, tanınmışların dili ilə danışdınız deyə sizə tələbat çoxdur?

- Bütün bunların önündə qeyd etdiyim kimi paxıllıq durur. Bu, nəinki aktyorları, elə bütövlükdə cəmiyyəti yıxan bir məsələdir. Bu gün biz bir-birimizin qələbəsinə sevinməli olduğumuz halda, paxıllıq hissini içərisindən çıxara bilməyənlər var. Kiminsə bir nöqsanı varsa, kişi kimi onun üzünə söyləməyi bacarmalıdır. Bunu qalmaqala çevirib mövzu olaraq ortaya atmaq nəyə lazımdır axı? Belə söhbətlərə keçmişdəki sənətkarlar da məruz qalıb. Amma o vaxt bunlar efir mövzusuna çevirlmirdi. Təəssüf edirəm ki, bu gün bizim efirimiz lazımsız mövzularla dolub daşır. Tamaşaçının tələbatını bu cür söhbətlərlə ödəməyə çalışırlar. Reytinqi maqazin verilişləri və tikanlı söhbətlərlə dolu çıxışlar tutur. Halbuki biz tamaşaçılara əsil sənəti göstərməliyik.

- Bir az əvvəl dediniz ki, bizim teatrın başqa böyük problemləri var. İndiki aktyor nəsli olaraq, hansı probelmləri görə bilirsən?

- Problemləri xırdalamadan demək istəyirəm ki, biz aktyorlar zamanın tələbləri ilə ayaqlaşmağı bacarmalıyıq. Bizim dahi rejissorumuz olub - Telman Kazımov. Onun  kimi Azərbaycan teatrına yenilik gətirən ikinci adam olmayıb. Bu, mənim subyektiv fikrimdir. Mən1999-ci ildə Nyu-Yorkda iki tamaşanın nümayişinə baxdım. Biri "Pişiklər", o biri isə "Operanın kabusu" adlanırdı.  Təsəvvür edin, hər bir tamaşa üçün ayrıca teatr binası tikilmişdi. Tamaşalara o qədər tamaşaçı tələbatı var idi ki, hər gün nümayişə çıxarılırdı. Bu səbəbdən də onlar özlərinə məxsus olan teatr binasında nümayiş etdirilirdi. Hər tamaşanın üç truppası var idi. Bu ilk növbədə tələbatın olmasından irəli gəlir. Eyni zamanda tamaşaçının zövqünə xidmət edən bir səhnə əsəridir. Ən başlıcası isə tamaşada müasirlik var idi.

- Belə başa düşdüm ki, bizim teatrlarda müasirliyi görmək istəyirsiniz?

- Bəli. Mən bunu bir aktyor yox, bir vətəndaş kimi deyirəm...

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.