Şou-biznes

Prodüser Mədinə: "Oksanaya zəng edib dedim ki..." - FOTOSESSİYA - MÜSAHİBƏ

16 Avqust 2011 09:30
Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Kristal" qrupunun rəhbəri, prodüser Mədinə Məlikin Milli.Az xəbər portalına müsahibəsi.

- 9 ildir ki, şou-biznesdə prodüserlik fəaliyyəti ilə məşğulsunuz. Qadının şou-biznesdə çalışması çətin deyil?

- Çox çətindir. Çünki qadın, ana olaraq, qızlarla işləmək çox çətindir. Həyatda müxtəlif xasiyyətdə insanlar var. Qadın üçün həmin insanlarla üz-üzə gəlmək və etika, estetika normativlərindən heç bir anlayışı olmayan insanlarla rastlaşmaq çox çətindir. Düzdür, qadın olaraq, çox əziyyət çəkirəm. Amma gec-tez həqiqət yalanın qarşısını alır. Vaxt, zaman keçdikcə həqiqət özünü büruzə verir.

- Şou-biznesdə xoşagəlməyən problemlər olur ki, insana təsir edir. Hər halda qadın olaraq, sizin də başınıza bu cür hadisələr gəlib. İstərdim ki, bu haqda nümunə göstərəsiniz.

- Adətən, belə bir xoşagəlməyən halla rastlaşıram. Belə ki, "Kristal" qrupuna sınaq üçün 3-5 ay müddətində məşqlərə qızlar gəlirlər. Onlardan bəziləri sınaqdan keçə bilmirlər və biz onları qrupdan uzaqlaşdırırıq. Problem isə bundan sonra başlayır. Həmin 3-4 ay ərzində sınaq üçün gəlib-gedən qızın baş ağrısını biz çəkirik. Çünki qız tək olanda etdiyi əməllərini, özünü istədiyi kimi aparıb, hoqqalardan çıxmasını üstümüzə, adımıza yazırlar. Adımızı ləkələyirlər.

Xalqdan, media mənsublarından rica edirəm ki, ay insanlar, əgər həmin qızlar az müddətdə yanımızda olublarsa, onların səhvlərini elə öz xoşqeyrət qardaşlarının, atalarının boynuna yazın. Axı onların bizimlə nə əlaqəsi ola bilər ki?! Amma qeyd etdiyim məsələ hər bir qıza aid deyil. Çünki sınaq üçün məşqlərə əxlaqlı qızlarımız da müraciət ediblər. Ümumiyyətlə, səhv addımlar ucbatından "Kristal"ın başı çox ağrıyıb.

- Sınaq üçün yanınıza gələn qızların səhvləri dedikdə nəyi nəzərdə tutursunuz?

- Oğlanlarla adları çıxmasını... Əgər bir oğlanla adları çıxsaydı, normal qəbul edərdim. Amma bir neçə oğlan adları ilə həmin qızların adları qoşa çəkilirsə, yazıq Mədinə nə etsin?! Buna görə də məcburam ki, onları yanımdan uzaqlaşdırım. "Kristal"ın qızlarını qızılgül kimi bəsləyirəm. Onların arasında qara tikan peyda olarsa, həmin qara tikanı kökündən çıxarıb tullayıram ki, çiçəklərin ləçəklərini zədələməsin. İnanın ki, mənim üçün o qədər çətindir ki, hərdən özümə qapanıb, ağlayıram. Hətta it kimi uladığım günlərim olub. O qədər haqsızlıqlarla rastlaşmışam, danışmaqla bitməz.

- Nəzərə alın ki, qadının şou-biznesdə fəaliyyəti heç də birmənalı qarşılanmır, qəbul edilmir. Niyə?

- Deməzdim ki, milli mentalitetimizlə bağlıdır. Deyirlər ki, XXI əsrdir, inkişaf edirik, irəliləyirik, qabağa gedirik. Heç də belə deyil. Daxili dünyamız qabağa getmir. Diqqət yetirin, namaz qılanlar, imana-dinə gələnlər artıb. Amma insanlıq artmayıb. Mərhəmət azalıb. Demək olar ki, insanlarda mərhəmət hissi yox dərəcəsindədir. Qeybət etmək çoxalıb. Problem qeybətdədir. Hamı bir-birinin sözünü danışır. Kişilər qadınlardan çox qeybət edirlər.

Şou-biznes mətbəximizdə nə baş verirsə, elə günahkar da şou-biznes mətbəxinin nümayəndələridir. Xalqın günahı yoxdur! Camaat məni görəndə şou-biznesdə olan və hətta olmayan hadisələri soruşur. Çalışıram ki, Azərbaycan şou-biznesinə zərər gətirən amillərin, söhbətlərin qarşısını alım. Çünki mən özüm də həmin mətbəxdəyəm. Hər bir şou-biznes nümayəndəsi bunu anlasa, mübarizə aparar. Əgər şou-biznes nümayəndəsi bu mətbəxə murdar deyirsə, deməli, ilk əvvəl özü murdardır. Axı sən özün oradan çörək yeyirsən!

Konsertlərin birində səhnə arxasında adını çəkməyəcəyim kişi müğənni qadın həmkarının arxasınca danışırdı. Ona dedim ki, ən pis insan elə özünsən. Çünki sən kişisən, əyninə şalvar geyinirsən. Qadın üçün bu cür danışırsansa, onda sənin kişilikdən danışmağa haqqın çatmır. Cavabında isə o, söz deməyə cürət edə bilmədi. Özünə bəraət qazandırmağa başladı. Ümumiyyətlə, bu cür məqamlar danışmaqla bitməz.

- Anasınız. Bəs bir ananın şou-biznesdəki fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Çox ağır hal kimi... Çünki meşə çaqqalsız olmur! İstər oğul, istər qız böyüdürsən, kənardan deyilən sözlər təsir edir. Ona görə də yeddi yaşlı oğlum böyüyən kimi Bakıda qalmayacaq. Xaricdə yaşayacaq.

- Oğlunuzun şou-biznesə meyli olduğu üçün onu xaricə göndərmək fikriniz var?

- Ümumiyyətlə, oğlum oxumağı sevir.

- Belə qənaətə gəlmək olarmı ki, əxlaqsızlıq, şərəfsizlik və başqa xoş olmayan hisslər şou-biznes nümayəndələrində cəmlənib?

- Yox, elə deməzdim. Sadəcə olaraq, şou-biznesdə birlik yoxdur. Şou-biznesin bəzi əxlaqdan, namusdan, qeyrətdən xəbəri olmayan şəxsiyyətsizləri xoş olmayan söhbətləri yayırlar. Qəlbi saf, təmiz, dürüst olan insan qəlbinə uyğun da düşünəcəkdir.

Belə bir xasiyyətim var. Kimisə vururlarsa, ona kömək edirəm. Oksana-Elşad söhbəti ilə bağlı Oksanaya zəng edib dedim ki, sizinləyəm. Təki siz xoşbəxt olun!

KİV səhifələrində hər hansı müğənninin şəxsi həyatı haqqında məlumatlar yayılır. Amma informasiya həmin müğənninin özünə xoş gəlməyəndə deyir ki, şəxsi həyatım barəsində danışmaq istəmirəm. Sual çıxır: Bəs niyə əvvəl danışmısan? Sonra da medianı günahlandırırsan? Deyərdim ki, mediaya ən çox əl atan insanlar kompleksli insanlar olurlar: "qoy, hamı bilsin ki, nişanım, toyum oldu!" İnsanlara məsləhət görərdim ki, heç kimin fikri ilə oturub-durmasınlar. Məsələn, sabah başımı keçəl etmək istəsəm, heç kimə demədən öz bildiyimi edəcəyəm. İstəyim odur ki, əgər kimsə qarşısındakını alçaltmaq istəyirsə, şəxsiyyətinə toxunmasın. Sənəti ilə onu alçaltsın, sındırsın! Bunu kimsə edə bilərmi? Çətin!..

Fuad Mədətov
Milli.Az



























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.