Şou-biznes

Aygün Kazımova: "Məndən "küçük" yox ha, kiçik sevgilim olub" - FOTO - VİDEO

6 Sentyabr 2017 19:42
10 Şərh     Baxış: 8 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xalq artisti Aygün Kazımovanın qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Görünür, bizi 22 sentyabrda böyük bir şou gözləyir. Məşq prosesini bir az izlədiyimiz üçün bu qənaətdəyik. Konsertə çox ciddi hazırlaşırsız. Deyəsən, sizi çox yorurlar.

- Yorulası heç nə yoxdur. Məşq prosesi elə qurulub ki, yorulmağı hiss etmirik. Təbii ki, bu qədər enerji verirsən. Amma günün sonunda anlayırsan ki, böyük həzz almısan. Söhbət bundan gedir. Hətta bəzi yerlərim göyərib, ağrıyır, sızlayır. O dəqiqə narahat olurlar, hansısa krem vurmağım barədə təklif irəli sürürlər.  Mən də istəmirəm. Manyakam, ləzzət eləyir (gülür). Zarafatsız, o vaxtdan belə şeylərə sevgi yaranıb. Mən bilmirəm bu, nəyin sevgisidir. Mazaxizmdir, ya nədir? Fakt odur ki, idmandan sonra yıxılanda, çapıq yarananda həzz alıram. İndi də həmin anları yaşayıram. Aldığım zədəyə görə zövq alıram. Yəqin buna görə bütün həyatım boyu mənə zərbələr gəlib, həzz alıram axı (gülür).

- Geridə 30 il qoymusuz. Əlbəttə, bu, az müddət deyil. Bu illər ərzində xeyli mahnı, klip çıxartmısız, qalmaqallar yaşamısız. Səhnədə isə cəmi iki saat çıxış edəcəksiz. 30 ili iki saata sığışdırmaq çətin olmayacaq?

- Elə bilirəm ki, oxumağa dünən başlamışam. Deyirlər ki, bir ömür barədə 1-2 saata danışıb bitirə bilmirsən. Mən özümü dünən başladığım kimi hiss edirəm. 30 dəhşətli bir rəqəmdir. Ancaq rəqəmə baxanda vahiməyə düşürsən. Fikir vermisizsə, insan bir anlıq düşünür ki, 70 yaşa çatıb və şoka düşür. Daha sonra normal qaydada həyata davam edirsən. Bizi ən çox yaşlandıran həmin fikirlərdir. İnsanın öz-özünə "qocaldım" deməsi həqiqətən də insanı qocaldır. Düşünməyəndə, həyata başqa cür baxanda tamam fərqli olur. Bunlar sadəcə rəqəmlərdir, rəqəmlərə rəqəm kimi baxmaq lazımdır. Bu 30 ilə iki tərəfdən baxmaq olar. Birincisi: fəxrlə deyirsən ki, 30 il sənətdə olmuşam. İkincisi isə "Vay dədə, mən qocaldım" deyirsən. Bu dəqiqə otursam, bu illər ərzində yaşadıqlarım yadıma düşməyəcək. Bu 30 il mənim 30 ilimdir. Arzu edirəm ki, 60 illiyimi də səhnədə qeyd edim. Bu kadrları saxlayarsız müqayisə edərik. 

- Digər bir məsələ isə biletlərin həddindən artıq ucuz satılmasıdır. Minimum 10 manatdan başlayır.  Bunun səbəb nə idi? Satılmamaq qorxusu, yoxsa hər kəsi büdcəsinə uyğun bir qiymətin seçilməsi?

- İnanın, bilet satışı barədə məlumatım yoxdur. Özümü birbaşa konsertə fokuslamışam. Mən demirəm ki, konsertə gələcək insanlar vecimə deyil. Sadəcə olaraq yaradıcılığın içindəyəm. "Zal dolacaqmı? Kimsə gələcəkmi?" suallarını özümə vermirəm. Bu barədə fikirləşmirəm. Bəlkə də hər şey yaxşıdır, özümü niyə təşvişə salıram?!

Biletə qiymətlər qoyanda hamını düşündük. Mən sizə deyim ki, VİP biletlər daha çox satılıb. Zal böyükdür, çalışacam ki, heç bir sənət dostumu diqqətsiz qoymayım. Çox istəyərdim ki, məndən küsülü olan sənətçilərimiz konsertimdə iştirak etsin. Bu konsertin yanında digər məqamlar çox cılız görünür. Bu gecədə sözlərim bitməyəcək. Hər kəsi dəvət edirəm. Belə gecələrdə birləşmək lazımdır.

- Amma bir söz deyim ki, bizdə dəvətnamə paylamaq kimi bir ənənə var, zalın yarısı bunun hesabına dolur. Çox adam bilet alıb konsert izləmək istəmir.

- Mən çox nadir hallarda dəvətnamə verirəm. Bəzi məqamlar var, az da olsa verirəm. Bu dəfə zal böyükdür. Bundan əlavə, hər kəs bilir ki, hər alınan bilet müğənninin büdcəsinə təsir edir. Dəyər verdiyim insanları konsertimə dəvət edəcəm. Amma dəvətnamə gözləməyib gedib bilet alsalar daha yaxşı olar. 

 - Konsertin anons videosu yayıldı və həmin görüntülərdə istifadə olunan misralar bəlkə də, çoxlarını qıcıqlandıracaq. "Azərbaycan şou tarixinin sıfırlanıb yenidən yazılmasının şahidi olacaqsız" cümləsinin müəllifi sizsiz?

- Anons barədə çox düşündük. Bir çox redaktorlarla görüşdük, səslər axtarışına çıxdıq. Sonda Murad Dadaşovun qardaşı Fərid Dadaşovu tapdıq. Həmin sözləri isə komandam ərsəyə gətirdi. Həmin cümləni eşidəndə çox həyəcanlandım.

- Siz də elə düşünürsiz?

- Fevral ayından etibarən məşqlərə başlamışam. Hər gün əldə etdiyim nəticəni qeyd etmişəm, özümü sıfırlamışam. İndi də şou-biznesi sıfırlayıb yenidən yaradım, nə olacaq ki? (gülür).

- Konsert, yayımladığınız "Sus" adlı klip sükutda olan şou-biznesi elə bil ki, dirçəltdi.

- Sükut pozuldu, canım, ona görə ki, mən ayağa qalxdım. Sükut o zaman olur ki, Aygün yatır. Mən oyanan kimi sükut pozulur. Mənə elə gəlir ki, bu sözlərimə görə heç kim məndən inciməz. 30 il sonra bir-iki kəlmə özüm haqqımda danışa bilərəm də (gülür). 

-  Bu illər ərzində həyatınız, yaradıcılığınız bir ziq-zaq oldu. Böyük büdcəli bir layihə ilə ortaya çıxırsız, iş təqdim edirsiz. Sonra isə aradan itirsiz, sakit qalırsız.

- Ziq-zaqlar mütləq olmalıdır. Deyirlər ki, bir addım atmaq üçün iki addım geri getməlisən. Bu dəfə iki addım atdım ki, 3 addım irəli gedim. Yaradıcı insanın həyatında pauzaların olmağı mütləqdir. Bunsuz mümkün deyil. Bir iş alınır, digəri alınmır. Mən özüm üçün yaşayıram, özüm üçün oxuyuram. Fasilə zamanı başqalarının ortaya qoyacağı işi gözləmirəm. Özüm nədən güc, enerji alıramsa onu da edirəm. Klipimə görə "Niyə məhz sən?" sualını verirlər. Bu sualı mən 30 ildir ki, eşidirəm.

- Dünya ulduzlarında belə konsertdən əvvəl qorxu hissi var. Bu, müxtəlif səbəblərdən irəli gələ bilər.

- Daha çox qorxu və həyəcan insan hazır olmayanda baş verir.  Elə bil ki, imtahana gedirsən. Yaxşı hazırlaşanda bileti rahat çəkirsən. Amma hazır getməyəndə həyəcan bürüyür, qorxur. Amma məsuliyyət həyəcanı da var. Canlı konsertdir, ekstrim məqamlar var. Burada bir saniyə belə ötürsən şou gecikəcək. Əvvəlcədən deyirəm, yıxıla bilərəm, ayağım büdrəyə bilər. Canlı konsert bunlarsız olmur. Məni başa düşün də (gülür).

- Dediyimiz kimi, bir müddət əvvəl səs-küylü "Sus" klipini təqdim etdiz. Sosial şəbəkə istifadəçiləri isə ən çox "Azərbaycan xanımına bunu yaraşdırmırıq" tipli şərhlər yazdı. Bu rəylər sizə gülməli gəlmədi?

- Mən də bu klipi Azərbaycan xanımına yaraşdırmıram. Kim dedi ki, mən Azərbaycan qadınının obrazını canlandırmışam. Burada qadın taleyindən söhbət gedir. Nəinki Azərbaycan, heç bir qadına yaraşdırmıram, qıymıram. İstəmirəm və istəmərəm, arzu etmərəm.

- Geriyə baxanda hansı addımınızı və yaxud hadisəni düşünmək, xatırlamaq belə istəmirsiz. Bunu şəxsi həyata da aid edə bilərik.

- Bu dəqiqə heç nə düşünmürəm. Başqa bir dünyaya köçmüşəm. Sabahım burada açılır, gecəm burada bitir. İndi yaradıcılığımı düşünürəm, hər şeyə pozitiv yüklənmişik. Qoymuruq ki, kimsə kənardan neqativ nəsə ötürsün. Ancaq konsertdən sonra görün nələr olacaq.

- İndi əsl ulduz həyatı yaşayırsız. Böyük bir komanda ətrafınızda pərvanədir. Belə komanda ilə çalışan məşhurlar sonrakı prosesdə adətən boşluğa düşürlər. Depressiyaya düşmə ehtimalları artıqdır. Siz özünüzü indidən belə hadisələrə hazırlamısız?

- İndidən demişəm ki, konsertimdən sonra elə plan qurun ki, boşluğu hiss etməyim. Xarici komanda üzvləri deyir ki, konsertdən sonra səni depressiyadan çıxartmaqla məşğul olacağıq. Mən də onlara deyirəm ki, sizdə də belə şeylər var? Axır ki, özüm bir alim ərə rast gəldim (gülür). Məncə, bu, normal haldır.

- Səhnədə fəaliyyətinizin 30 illiyidir, amma bu illər artdıqca yaşı 30-dan az olan oğlanların diqqətini cəlb edirsiz. Bunun səbəbi nədir?

- Bu suala dəqiq cavab verə bilmərəm. Sirrini dəqiq bilmirəm. Bəlkə sənətimə, insanlara olan sevgimdəndir. 30 ildir ki, eyni həyəcanı yaşayıram. Nə vaxt bu həyəcan bitəcək?!

- Məlumdur ki, siz cəsarətli açıqlamalar verirsiz. Şəxsi həyatınız barədə çox rahat danışırsız. Mənə maraqlıdır, siz də özünüzdən yaşca kiçik bir şəxslə sevgili olsaz, bunu mətbuatdan gizlədərdiz?

- Gizlətməzdim. Məndən yaşca "küçük olan, "küçük" yox ha, kiçik olan sevgilim olub. Bunu hamı gözəl bilir, adını çəkmək istəmirəm. Namiq... Deyirəm adını çəkmirəm, amma dedim. O, 1978-ci ilk, mən isə 1971-ci iləm. Bu, açıq-aşkar yaş fərqidir. Mənim üçün bunlar qlobal bir şey deyil. Çox rahat insanam. Doğrudan da insan özü olanda hər şey yaxşı olur. "Kopya" olmaqdansa, orijinal olun. İnsan özü olanda daha rahat və xoşbəxt olur. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aygün Kazımova:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.