- 1981-ci ildə Bakıda anadan olmuşam. Bakı şəhəri 1 nömrəli məktəbi bitirəndən sonra 1998-ci ildə Dövlət Gənclər Teatrında işləmişəm. 1999-cu ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. 3-cü kursda oxuyanda Dövlət Musiqili Komeldiya Teatrında işə düzəldim. Hazırda bu teatrın aktrisasıyam. Komediya janrında çəkilən bütün seriallarda çəkilmişəm.
- Neçə ildir teatrda çalışırsınız, amma hamı sizi "Keyxanım" kimi tanıyır. Bu obraz nəsə elə bil sizə yapışıb?...
- Məni ilk dəfə tamaşaçılar mavi ekranda "Hərənin öz payı" tamaşasında Çiçək obrazında görüblər. "SOY-productions" əməkdaşları Çiçək rolunu görüb bəyənəndən sonra onun prototipi kimi Toppuş bacıya baldız fikirləşiblər.
- Amma "SOY-productions" sizi "Çiçək"dən də əvvəl tanıyırdı. Keçmiş həyat yoldaşınızla duet şəklində "Yeni ulduz"a qatılmışdınız...
- Mənim "Yeni ulduz"a qatılmaq fikrim olmayıb. Sadəcə biz onda nişanlı idik və seçimə bir yerdə getmişdik. Müsabiqənin prodüserləri biləndə ki, Musiqili Komediya Teatrında çalışıram və oxumaq elə mənim sənətimdir, xahiş etdilər ki, rəngarənglik xatirinə birlikdə qatılaq.
- Amma estetik baxımdan çox uğursuz duet idi...
- Çünki biz ümumiyyətlə, duet barədə heç fikirləşməmişik. Düşündüm ki, bəlkə duet kimi qatılsaq, "ona" köməyi dəyər və finala çıxa bilər, o da alınmadı. 13 ildir "Muzkomediya"da çalışıram, koloratur sopranoyam, amma heç vaxt müğənnilik etmək fikrim olmayıb. Yalnız tamaşalarda oxumuşam, vəssalam. Sadəcə, "prikol" kimi "Çal-çağır" və "Burada və indi" verlişlərində müğənnilərlə duetlər oxuyuram.
Aktrisayam və müğənnilik etməyə heç vaxt iddia etmirəm. Müğənnilərin əksəriyyətindən fərqli olaraq, vokalist kimi ali təhsilim və diplomum var. Amma düşünürəm ki, insan bir sənətin dalınca düşməlidir. Rəqs etməyi də bacarıram. Yəqin ki televiziya tamaşaçıları mənim bu bacarığımdan xəbərdardırlar.
Keyxanıma gəldikdə isə çox səmimi obrazdır, ozü də bacarıqlı qızdır, amma neynəsin ki, bir az keyliyi var. Mən Keyxanım kimi tanınmağıma üzülmürəm, çünki bu obraz məni xalqa sevdirib. İnsanlar məni görəndə Keyxanım deyib ələ salmırlar. Əksinə öz doğma adamı kimi yaxınlaşıb görüşürlər, hansısa bir gülməli sözümü xatırlayırlar. Düşünürəm ki, Keyxanım çox maraqlı obrazdır və bundan böyük bir tamaşada və ya kinofilmda istifadə etmək olar. Adı Keyxanım olsa, da əlindən gəlməyən, bacarmadığı iş yoxdur.
"İşarədən qanmıram"
- Bəzən insanlar aktyorlara yadda qalan obrazın adı ilə müraciət edirlər. Bəs sizə necə yanaşırlar?
- Mənə birbaşa Keyxanım yox, deyirlər ki, "siz Keyxanımı oynayan aktrisasınız". Belə baxanda, bizim oxşar cəhətimizdə var. İnsanları yadımda saxlaya bilmirəm. Bəzən yolda məni qucaqlayıb març-murçla öpürlər, amma yadıma sala bilmirəm ki, bu insanı hardan tanıyıram. Sadəcə, gülümsəməklə yola verirəm. Bundan başqa, digər oxşar cəhətimiz odur ki, kimsə qulağıma xəlvət nəsə desə, him-cimlə başa salmaq istəsə - başa düşmürəm. İşarədən qanmıram. Səhnədə çox ayığam, hər incə detala diqqət yetirirəm, təəssüf ki, bu diribaşlığım həyatda yoxdur.
- Zarafatlarınızdan inciyənlər olurmu?
- Zərrə də olsun heç kim incimir. Hamı bilir ki, bizim zarafatlarımız çox safdır, içimizdə kin, qurdluluq yoxdur. Bizim zarafatlarımız çox səmimi olur.
- Bu sizə elə gəlir, əslində "pambıqla baş kəsməklə" məşğulsunuz...
- Qətiyyən elə deyil. Biz sadəcə, hamının bildiyi bir şeyin əsasında zarafatlarımızı qururuq. Verlişə qonaq olanlar bilirlər ki, zarafatlarımızı pis niyyətlə qurmuruq. Bunlar dostluq şarjlarıdır. Qonaqlarımız hara gəldiklərini gözəl bilirlər. Allaha şükür olsun ki, verlişlərimizə gələnlərin əksəriyyətinin də yumor hissi çox yüksəkdir.
- Zarafatların müəllifləri kimlərdir?
- Bu hamının ortaq əməyinin məhsuludur. Bəzən Oqtay müəllimin də, Dilarə xanımın da zarafatları olur. Bəzən səhnəciklər də özümüzdən də əlavələr olur. Şükürlər olsun ki, mehriban kollektivimiz var. Bu kollktivdə birinci-ikinci şəxs söhbəti yoxdur. Hamı ümumi işin nəticəsi üçün çalışır.
- Toppuş bacının zərbələrinə necə dözürsünüz?
- Hamısını texniki zərbələrdir. Tamaşaçı ele bilir ki, o zərbələri mənə ürəkdən vurur, xeyr, onun indiyədək mənə heç bir zərbəsi dəyməyib...
"Tək bir aktrisaya görə o boyda telekanal öz iş rejimini dəyişə bilməzdi, axı..."
- Səhərdən axşamadək efirdəsiniz - nə əcəb kino rejissorların diqqətini cəlb etməmisiniz?
- Hazırda bir serialda çəkilirəm. Film təklif olsa, imtina etmərəm, nə rol olur-olsun.
- Ciddi rollar arzulayırsınızmı?
- Təbbi ki, hər aktrisa ciddi klassik qəhrəman rollar arzusunda olur. Çoxları mənə deyir ki, əgər səhnədə Cülyetta və yaxud Dezdemona oynasam, faciə komediyaya dönər. Belə deyil - Gənclər Teatrında ən çox dramatik rollar oynamışam. Mənim üçün rol barədə hansısa çərçivə yoxdur. Tam arxayınlıqla deyirəm ki, bütün rolların öhdəsindən gələ bilərəm. İnanmırlarsa, qoy, mənə belə rol versinlər görsünlər ki, nə tufan qoparıram. Əslində ən dramatik aktyor elə komediya aktyorudur.
- "Aramızda qalsın" serialı barədə çoxlu söz-söhbətlər meydana çıxdı. Hətta eşitdki ki, "Çocuklar duymasın" serialının proldüserləri "Xəzər TV"ni məhkəməyə verməyə hazırlaşırlar.
- "Aramızda qalsın" "Çocuklar duymasın"ın surətidir və bunu etiraf edirəm. Sadəcə, türklər bizi hansı əsasla məhkəməyə verirlər ki, onlar özləri də bunu ingilislərdən götürüblər?!
- Əgər bəhs etdiyimiz serial "Çocuklar duymasın"ının eynisidirsə, onu yenidən Azərbaycan dilində çəkməyə nə ehtiyac vardı?
- Birincisi, "Çocuklar duymasın"a Bakıda hamı baxa bilmir. "Çocuklar duymasın" sırf türk adamı üçün, Türkiyə psixologiyalı insanlar üçün nəzərdə tutulubsa, "Aramızda qalsın" bunun azərbaycanlaşdırılmış formasıdır. Bu gün Trkiyədə efirə çıxan bütün layihələr İngiltərə televiziyalarından götürülüb. Sadəcə, türklər bizimlə qalmaqal yaratmaqla öz reytinqlərini qaldırdılar.
- "Bacanaqlar"dan nə üçün uzaqlaşdınız?
- "Aramızda qalsın" verlişinin çəkilişləri "Bacanaqlar"la eyni vaxta düşdüyü üçün. Tək bir aktrisaya görə o boyda telekanal öz iş rejimini dəyişə bilməzdi, axı. Doğrudur, serialdan sonra bəzi söz-söhbətlər yayıldı ki, guya orada aktrisalardan kiminləsə dalaşmışam. Xeyr, elə şey olmayıb, tamam yalan söhbətdir. İndinin özündə də Firəngiz xanım məni görəndə deyir ki, "Can, mama qurban..." "Bacanaqlar" serialı mənim həyatımın ən sevincli vaxtlarıdır. İnanmıram ki, nə vaxtsa həmin serialın çəkilişlərində olduğu qədər gülə bilərəm. Mən deyərdim kadr arxasında baş verənlər daha gülməli idi, nəinki serialın özü.
- Neçə ildir, Toppuş Məftunla qovuşa bilmir. Bunların arasına Keyxanım qaratikan kimi girib.
- Demişəm, əgər Toppuş məndən əvvəl ərə getsə, özümü palatkanın ortasında od vurub odlayacağım. Toyları da yasa çevriləcək...
- Sizin "boxça"da bizim bilmədiyimiz xəbərlər çoxdumu?
- Orada bilirsinizmi nələr var? O xəbərlər "boxça"dan kənara çıxsa, aləm bir-birinə qarışar. Sənətçilər bəzən özləri billə-bilə o "boxça"nı doldururlar, sonradan biz də sandığı açıb pambılığı boşaldırıq. Pambığın artıq sandıqdan ağ və ya qara çıxmağı bizdən asılı deyil... Məsələ bundadır ki, biz heç kəsə şər atmırıq, nə var onu deyirik.
"Sabiq ərimə görə elə bir şeydən imtina etdim ki..."
- Keyxanım ərə getmək üçün "sinov gedir". Ona eşq elan edən olurmu?
- Mən Keyxanıma , yoxsa o Keyxanıma?...
- Elə hər ikinizə.
- Əlbəttə... Şükür Allaha, gözüm yerində, qaşım yerində, ağzım burnum da əyri deyil...
- Bildiyimə görə, bir dəfə ailə qurmusunuz.
- Bəli, bir dəfə ərdə olmuşam. Amma keçmiş həyat yoldaşımın adını çəkməyəcəm ki, onun üçün reklam olmasın... Ayrılmağımızın səbəbi də o oldu ki, teatra gənc aktrisa gəldi, mənimlə bir otaqda otururdu, onunla dostlaşdı və sonda evləndilər. Onu görəndən sonra dedi ki, mən səni sevmirəm, sevgisiz yaşaya bilmərəm. Mən də normal qəbul etdim, boşandıq, evləndilər. Ona görə elə bir şeydən imtina etdim ki...
- Həmin aktrisa ilə yenə də teatrda eyni otaqdasınız?
- Xeyr, Allaha şükür ki, bir otaqda deyilik. O artıq analıq məzuniyyətinə çıxıb... Amma bir yerdə çalışırıq.
- Bəs, o xanımdan soruşmadınız ki, ailənizi dağıtmağa vicdanı necə yol verdi?
- Mən ona heç nə demədim.
- Bəs onu teatrda qınamadılarmı?
- Niyə qınamadılar ki?! Bilirsinizmi, hər kəs öz ailəsinin güzgüsüdür, ailədə nə tərbiyə alıbsa, onu göstərəcək. Bu məni elə də üzmür. Ailəmin dağılmasından mən heç nə itirmədim. Yenə də əvvəlki kimi hörmətim, təmiz adım özümdədir. Bu da mənə yenidən xoşbəxt olmağa imkan verir. Mən onun acığına boşanan kimi ərə gedə bilərdim, amma etmədim. Acıqlı başda ağıl olmaz. Hələik qarşıma özümə layiq birisi çıxmayıb.
- Bu gün şou-biznesdəkilər pullu ər axtarırlar...
- Xeyr, pullu adam axtarmıram. 13 ildir incəsənət sahəsində işləyirəm, öz halal zəhmətimlə dolanmışam. Heç kəs deyə bilməz ki, Ülviyyəni filankəs saxladı. Bu günə qədər kimsə belə bir söz eşidibmi?! Xeyr. Amma başqaları barədə gündə min söz eşidirik. Ruzini verən Allahdır, indiyədək ruzimi yetirib, bundan sonra da halallıqla pul qazanaram. Boşanmazdan əvvəl qorxurdum ki, mənə dul deyəcəkər, boşanmış damğası vuracaqlar. Lakin gördüm ki, insanlar təmiz adıma görə hörmət edirlər, ondan sonra heç nə vecimə almadım.
İltifat
Milli.Az








