Şou-biznes

Azərbaycan repçisinin ölümü ilə bağlı şok xəbər: iki həkim həbs oluna bilər! - FOTO

23 Fevral 2011 20:00
Baxış: 4 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər verir ki, Azərbaycanın "Klan-A-Plan" qrupunun üzvü, 26 yaşlı reper Rüfət Əfəndiyevin ölümü ilə bağlı təfərrüatlar ortaya çıxıb. Reperin ailə üzvləri və yaxınları onun ölümündə həkimləri günahkar hesab edirlər.

Qrupun üzvü Ramil Akifoğlu Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Rüfət həkim səhlənkarlığının qurbanı olub.

Onun sözlərinə görə, 2010-cu il oktyabrın 16-da saat 02:00 radələrində özünəməxsus səsyazma studiyasına gedən reper birdən-birə özünü pis hiss edib: "Bu səbəbdən xəstəxanaya müraciət edib. Xəstəxanada növbədə olan növbətçi həkimlər onu müayinə edib. Həmin vaxt Rüfətin nəbzi 220 dəfə vururmuş. Sonra ürəyin kardioqramasının çıxarılması üçün pul istənilib. Rüfət buna etiraz edib və xəstəxanada qalaraq müalicə olunmaq təklifi ilə razılaşmayıb. Xəstəxanada yatmaqdansa, dəniz kənarında gəzməyi üstün tutub. Dostu Sahib Cumayevdən onu Milli Parkda gəzməyə aparmasını xahiş edib. Onlar birlikdə dəniz kənarına gediblər. "Hökümət Evi"nin qarşısndakı fontanın yanında Rüfətin vəziyyəti daha da pisləşib. Sahib onu evə aparmaq üçün maşına oturdub. Yolda Rüfətdən halını soruşarkən ondan cavab gəlməyib. Həmin vaxt artıq Rüfət həyatla vidalaşmışdı...".

Həkimlər onu buraxmamalıydı!

R.Akifoğlu da həkimlərin Rüfətə qarşı laqeyd münasibətindən şikayətləndi. Deyir ki, nə olur-olsun, həkim ona xəstəxanadan çıxmasına icazə verməməli idi.

Rüfətin həkim ailəsində dünyaya göz açdığını, siqaretdən, spitli içkilərdən uzaq bir adam olduğunu deyən R.Akifoğlu dostunun ölümü ilə bağlı gəzən şayiələri isə inkar etdi: "Bəzi şayiələr gəzirdi ki, Rüfət reperdirsə, yəqin narkoman olub. Ancaq bu, ağ yalandır. Bizdə belə şeylər yoxdur. Rüfət təmiz oğlan idi. Özünə də fikir verirdi. Ürəyindən heç vaxt şikayət etməmişdi. Özü də qrupumuzun ən istedalı üzvü idi. Rüfət həm mahnının sözlərini yazır, həm musiqisini bəstələyir, həm də ifa edirdi" - deyə, qrupun digər üzvü mərhum dostu barəsində danışdı.

"Rüfətə elə dioqnoz yazılıb ki, sanki ölməliymiş"

Reperin atası Məcid Əfəndiyev də iddia edir ki, övladı həkimlərin səhlənkarlığı və laqeydliyi üzündən cavan yaşında dünyasını dəyişdi: "Rüfət özü vəziyyətinin ağır olduğunu başa düşməyib, Klinik Tibbi Mərkəzin həkimləri - elmlər namizədi, kardioloq Faiq Əliyev və Könül Abidova ona başa salmayıblar ki, sən ölürsən! Ürək nəbzi 220 vurumuş. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilməli idi. Onu qəti buraxmamaq olmazdı. İşi Nəsmi rayon Prokurorluğu da araşdırılıb. Rüfətə elə dioqnoz yazılıb ki, sanki elə ölməliymiş. Ancaq Rüfətin ürəyi xəstə olmayıb. Onda ürək döyünməsi başlayıb. Bu hamıda, hətta idmaçılarda da olur. Bu döyüntünün qarşısını almayanda ürək dayanır. Həkimlər bu döyüntünü saxlamayıblar. Hava çatışmalığı başlayıb. Bu, ürəyin dayanması üçün ələmətlərdir. Hava almaq üşün bulvara gediblər. Heç bulvara çatmayıblar. Rüfət yolda gedərkən ölüb" - deyə, mərhumun atası Milli.Az xəbər portalına açıqlamasında fikirlərini bölüşdü.

Dioqnoz nə olub?

M.Əfəndiyev deyir ki, insanın ürəyi dayanandan sonra istənilən dioqnozu qoymaq olar. "Ekpertiza rəy verib ki, qan laxtalanması, xroniki işemiya, kardio-skreloz xəstəlikləri olub. Ancaq bu, düzgün deyil. Rüfət səhnədə bütün günü oynayırdı, heç ürəyinin yerini də bilmirdi. Taksikardiyası olub, bu da çox adamda olur, ancaq onu bu vəziyyətdən xilas etmək lazım idi".

İstintaqın nəticəsi

M.Əfəndiyev bildirdi ki, prokurorluqda da iş xəstənin müaliciəsinin təlimatı əsasında aparılmayıb. Deyir, elə rəy verilib ki, sanki həkimlər hər şeyi düz ediblər, Rüfət xəstəxanadan qaçdığına görə ölüb: "Ancaq 1 saat yarım xəstəxanada çabalayıb, lakin ona lazımı kömək gözstərilməyib" - deyə, ata şikayətlənir.

Həkimlər cəzalandımı?

Mərhumun atası məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdiyini bildirdi. Ona Nazirlikdən deyilib ki, həmin həkimlər bir neçə aylığa işdən kənarlaşdırılıb və onlara töhmət verilib: "Həkimlərin səhiyyə sistemindən uzaqlaşdırılmasını tələb etsəm də, bildirildi ki, buna səlahiyyət çatmır. Çünki bu, yalnız prokroluq cinayət işi baladığı halda mümkün ola bilər". 
M.Əgfəndiyev məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edəcəyini dedi. 

Cinayət işi açıldı

Sonda Nəsimi rayon Prokurorluğundan məlumat əldə etdik ki, faktla bağlı cinayət işi başlanıb. Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadə Milli.Az xəbər portalına bildirdi ki, işi araşdıran müstəntiq Ramil Məmmədovun hadisədə cinayət işinin olmaması ilə bağlı rədd qərarı ləğv edilib və faktla bağlı Cinayət Məcəlləsinin 142.3-cü (xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan tibbi yardım göstərməməsi nəticəsində zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Materiallar araşdırılması üçün Nəsimi rayion Polis İdarəsinə göndərilib.

Həkimlər vəzifələrindən kənarlaşdırıldı

Qeyd edək ki, Rüfətin ölümündə cinayət əməli olduğu sübuta yetirilərsə, həkimləri üç il ərzində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Milli.Az xəbər portalına bildirildi ki, hər iki həkim 6 ay müddətinə həkimlik fəaliyyətidən uzaqlaşdırılıb və onlara töhmət verilib.

Anar Məmmədov
Milli.Az

Rüfət Əfəndiyev










Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.