Valid Milli.Az-a danışarkən bildirib ki, hadisə qəfil baş verib. Belə ki, DJ maşınını qarşısına çıxan çuxurdan qaçıraraq digər avtomobilə çırpıb.
"3 ayın avtomobili idi. Hadisə də evə 150 metr qalmış baş verib. Heç özüm də bilmədim necə oldu. Sürətim də böyük deyildi, amma qəza nəticəsində maşın tam sıradan çıxdı. Avtomobilin təmiri onun qiymətindən baha başa gələcək. 100 faiz kiminsə nəfsi var idi", - deyərək Valid gülümsədi. Zarafat etsə də, bu versiyanı da istisna etməyən aparıcı xatırlayır ki, maşını elə aldığı gündən 1 həftə keçməmiş mismarla cızmışdılar.
"Hava yastıqları açıldı və yalnız buna görə mən heç bir ciddi zədə almadım. Amma psixoloji olaraq hələ indi özümə gəlirəm" deyən Valid etiraf edir ki, böyük stress keçirib və yalnız ailəsi və dostlarının dəstəyi sayəsində yenidən iş başına qayıda bilib:
"Yaxın günlərdə efirə qayıdıram. Dinləyicilər məni adət etdikləri kimi səhər işə gedərkən yox, axşam, evə qayıdarkən eşidəcəklər. Bu, aktiv insanlar üçün aktual axşam şousu olacaq. Bu dəfə də dinləyicilərə aktual, dinamik və ən əsası - yormayan bir veriliş təqdim edəcəyik. Müsabiqələr də olacaq. Yanacağın bahalaşmasından sonra ən aktual hədiyyə elə 30 litr benzin ola bilər. Hər gün kimsə bu hədiyyəni qazanacaq. Qazanmasa, o biri gün 60 litr oynanılacaq və bu cür siz hətta bir sistern yanacaq qazana bilərsiz. Amma biz yalnız sürücüləri yox, digər dinləyiciləri də sevindirmək üçün müxtəlif hədiyyələr hazırlamışıq. Anonsları izləyin!"
Eyvaz
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.












