Şou-biznes

“Bircə onu düşünürlər ki, məşhurlaşaq, fəxri ad alaq..."

28 Mart 2023 11:51
Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kinoya çəkilənə qədər artıq 6 il idi ki, teatrda çalışırdım. Teatr mənim həyatımdır. Həyatımı bu sənətə həsr etmişəm. Kino isə məhəbbətimdir. Mən kinonu sevirəm, kino mənim üçün bir aləmdir. Hər zaman deyirəm ki, teatrda edə bilmədiyimi, kinoda edə bilərəm. Çünki kinonun şəraiti və imkanları genişdir. Əgər tək teatrda qalsaydım, teatr aktyoru kimi inkişaf edəcəkdim, amma necə inkişaf edəcəkdim, necə aktyor olacaqdım? Bax bunu kino təsdiq etdi. Kinoya çəkiləndən sonra teatrda mənə qarşı münasibət sözün yaxşı mənasında dəyişdi".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Hacı İsmayılov deyib.

"O zaman bizim teatrda çox görkəmli aktyorlar fəaliyyət göstərirdi. Onlar Azərbaycan teatr sənətinin inkişafında böyük rolları olmuş sənətkarlar idi. Sözsüz ki, biz onların yanında çəkinirdik. Onların da münasibəti bizə belə idi ki, görəsən bunlardan aktyor olacaq?! İndi də o fikir var. İndiki cavanlar bizim dövrün cavanları deyil. İndikilər daha çox cəsarətlidirlər, iddialıdırlar. Hərdən deyirəm ki, iddianı azaltsınlar. Gərək bu sənəti sevəsən. Zəhmət çəkəsən. İndikilər zəhməti sevmirlər. İddiaları çoxdur ki, tez fəxri ad alaq, məşhurlaşaq. Onları heç qınamaq da lazım deyil. Zəmanə çünki belədir. Amma mən onların bir çoxunda böyük istedad görürəm. Bir şeyə sevinirəm ki, biz yaşlı nəsildən sonra gələn nəsil uğurlu bir nəsil olacaq" deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, tanınmaq ən böyük arzusu olub.

"Cavan olanda hər zaman arzu edirdim ki, tamaşaçılar məni də bir aktyor kimi tanısınlar. Cavanlıqda deməzdim ki, buna nail oldum. Məşhurluğum "Ad günü" filmindən sonra başladı. Görkəmli rejissorumuz Rasim Ocaqov bu filmi çəkəndə təsəvvür etmirdik ki, film bu qədər uğur qazana bilər?! Çox şükür ki, uğurlu oldu. Rasim Ocaqov çox ciddi, məsuliyyətli, peşəkar rejissor idi. Çox vaxt aktyorlar cəsarət etmirdi ki, onun filmlərində improvizə etsinlər. O həmişə deyirdi ki, "mənə nə lazımdırsa, onu et". Artıq improvizələri montajla çıxarırdı. "Həm ziyarət, həm ticarət" filmində güzgü qabağında məşq etdiyim səhnə böyük bir monoloq idi. Amma sözlərimi bir dəfəyə deməli idim. Fikirləşdim, dedim ki, "Rasim müəllim, gəlin bu monoloqu iki yerə bölək". Dedim ki, əvvəl Mustafa maykada güzgünün qabağında dayanıb məşq edir. Ondan sonra Həsən Məmmədovla bağlı bir epizod var, o ortaya girir. Sonra söhbət gedir ki, mən televiziyada çıxış edəcəyəm. Dedim ki, ikinci dəfə də bu monoloqu çəkəndə mən qastukda, pencəkdə olum. Rasim müəllim məsləhətə qulaq asdı. Deyərdim ki, bu səhnə filmin ən yaddaqalan səhnələrindən biridir" deyə sənətkar bildirib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.