Şou-biznes

“QARA SEVDA”: 25 yaşında MƏŞHUR SEVGİLİSİNİ itirdi - Heç evlənmədi, onun arzularını yaşatdı

17 Avqust 2022 12:37
0 Şərh     Baxış: 2 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu layihə tanınmış insanların sevgi hekayəsini nəql edəcək. 

Milli.Az bizim media-ya istinadən bəstəkar, "Ölkəm" romansının müəllifi Asəf Zeynallı ilə, ilk azərbaycanlı pianoçu-pedaqoq qadın Kövkəb Səfərəliyeva haqda maraqlı məluatları təqdim edir. 

Kövkəb Səfərəliyeva  bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı dünyadan çox gənc köçüb, Kövkəb ondan sonra qəlbini heç kimə verməyib. 

Onlar hər ikisi Üzeyir bəy Hacıbəylinin sevimli tələbələri olublar. Sevgiləri də elə tələbəlik illərindən başlayıb. Dostluqları, qarşılıqlı anlaşmaları onların musiqi sahəsindəki birgə əməklərinin bəhrələnməsinə zəmin yaradıb. Bu münasibət get-gedə istiləşib, böyük məhəbbətə dönür. 

Böyük məhəbbət isə böyük işlərə qadirdir. Azərbaycan musiqisində birgə çox izləri var. Asəf Zeynallı onu əlindən tutub ilk səhnəyə çıxaranda - "sən böyük musiqiçi olacaqsan" - deyib.

Təhsil illərindən sonra Asəf Zeynallı Azərbaycan Dövlət Dram teatrının musiqi hissəsinə rəhbərlik edirdi. Kövkəb Səfərəliyeva isə orda orkestrdə piano ifaçısı kimi səhnəyə çıxırdı. Birlikdə gələcək üçün xəyallar qurur, Asəf Zeynallı musiqi bəstələyir, Kövkəb isə onu pianoda ifa edirdi. 

1932-ci ilin payızında Asəf Zeynallı çox gənc, 23 yaşında tif xəstəliyindən dünyasını dəyişir. Sonuncu bəstəsini can verdiyi xəstəxana palatasının divarlarına yazır. Təəssüf ki, onu ordan nota köçürən olmadığından silinib gedir. 

Kövkəb Səfərəliyyeva bu ağır itkidən uzun müddət özünə gələ bilmir. 

Asəf Zeynallı "Bayatı-Şiraz" muğamını çox sevərmiş. Bəstələdiyi əsərlərin hamısında "Bayatı-Şiraz"dan nə isə bir not keçir. Dahi Üzeyir bəy "Bayatı-Şiraz" haqqında deyib:

"Bədii - ruhi təsir cəhətdən "Bayatı-Şiraz" dinləyicidə qəmginlik hissi oyadır". Asəf Zeynallının taleyi kimi...

Sonradan özünü ələ alan Kövkəb xanım bütün həyatını Asəfin də sevdiyi Azərbaycan musiqisinə həsr edir. Sevgilisinin ona arzuladığı kimi çox böyük musiqiçi ola bilir. Asəfi də öz qəlbində, çaldığı pianonun dillərində yaşadır və heç vaxt ailə qurmur. Asəfin qardaşlarının ailəsini öz ailəsi bilib, günlərini onlarla keçirərmiş.

1985-ci ilin iyununda Kövkəb xanım Səfərəliyeva dünyasını dəyişir. Fəxri xiyabanda tələbələrinin müşayiəti ilə torpağa tapşırılan professor haqqında tələbələri hamısı bir cümləni göz yaşları içində dəfələrlə təkrar edirdilər: 

"Kövkəb xanım bizim üçün həm musiqiçi, həm müəllim, həm də insan kimi etalondur". 
Beləcə, ölüm Kövkəb Səfərəliyevanı Asəf Zeynallıya qovuşdurur. Kövkəb xanımın Azərbaycan maarifçiliyi tarixində böyük xidmətləri var.
Bülbülün adını daşıyan orta ixtisas musiqi məktəbini Kövkəb xanım yaradıb. Sonradan tələbələri bu ocağa onun adının verilməsi ilə bağlı çox çalışıblar, nəticədə başqa bir musiqi ocağına - 16 saylı musiqi məktəbinə Kövkəb xanımın adının verilməsinə nail ola biliblər. 

Üzeyir bəyin ən yaxın silahdaşı olub. Azərbaycanda qadın xorunun yaranmasında əməyi var. Azərbaycan muğam və xalq musiqilərini nota köçürən Üzeyir bəylə bu yolda çiyin-çiyinə çalışıb. 

Fortepianonu beş barmağı kimi bilən bu qadın təhsil aldığı konservatoriyanın rektorluğuna qədər ucalıb. Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün topluların tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Asəf Zeynallının isə milli musiqi sənətində silinməz izi var. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir.
Piano üçün "Uşaq süitası" silsiləsi,  "Çahargah" pyesi, violino və piano üçün "Muğamsayağı", 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər", teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş görüb. "İbtidai not savadı" adlı dərslik tərtib edib. Bütün bu işlərdə ona Kövkəb xanım yardımçı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.