Din

Dini KƏBİN, yoxsa rəsmi NİKAH? - Ruhani təbəqənin qondardığı xurafat...

25 Sentyabr 2022 01:31
Baxış: 1 112

İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbinə meyl edənlər var. Əlbəttə ki, evlənməni hüquqi baxımdan nikahın rəsmi dövlət qeydiyyatına alınması təsdiq edir. Bunun əksini düşünüb hər iki nikahı kəsdirənlər, yaxud ancaq dini kəbini üstün tutanlar var. Sadəcə dini kəbinlə kifayətlənən qadınların isə gələcəkdə müxtəlif problemləri çıxır. 

Maraqlıdır, dini kəbin rəsmi dövlət nikahı qədər vacibdir və onu kəsdirməmək günah sayılır? 

Milli.Az bildirir ki, ilahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında dini kəbinin mahiyyətini izah edib. O, deyib ki, əslində rəsmi dövlət nikahı evlənməni təsdiq etdiyi üçün dini kəbini də əvəz edir:

"Dini kəbinin məqsədi də rəsmi dövlət kəbininin mahiyyətini daşıyır. Yəni, hər iki tərəfin razılığı ilə, ailə başçılarından birinin yaxud ikisinin də iştirakı ilə əqd müqaviləsi bağlanır, Allaha dua edilir və sair... Şəriətdə molla kəbini, dini kəbin, dinsiz kəbin deyə anlam yoxdur. Kəbinin mahiyyəti ondan ibarətdir ki, İslam qaydalarının tələblərinə cavab verən iki şəxsi ər-arvad elan edəsən. Qanuni olan odur ki, bunu dövlətin məmuru icra etməlidir. Axundun, mollanın, ruhaninin kimisə ər - arvad elan etmək haqqı və səlahiyyəti yoxdur.
 

Əgər insanın, müsəlmanın dövlət tərəfindən nikahı varsa, bu kifayətdir. Molla kəbini rüşvət və haram pul yığmaq üçün riyakar, istismarçı ruhani təbəqənin qondardığı xurafatdır. Molla kimdir ki, kimisə ər-arvad elan edə, yaxud boşaya? Dövlətin məhkəməsi var, nikah idarəsi var.

Molla kəbini dünyəvi dövlətlər yaranana qədər hasil olan, müəyyən qaydaları gözləmək üçün olan bir şeydir. Ər üçün müəyyən vəzifə üzərinə qoyulurdu ki, gələcək həyat yoldaşından ayrılarsa, onun müəyyən dövür üçün özünü keçindirməyə imkanı olsun. Və s. bunun kimi qaydalar təsbit olunurdu. Dünyəvi dövlətlər yarandıqdan sonra isə qanun ailələrin hüquqlarını qarşılıqlı şəkildə müdafiə etməyə başladı".

İlahiyyatçı əlavə edib ki, kəbini o qurum, o şəxs kəsə bilər ki, ona dövlət tərəfindən rəsmi səlahiyyət verilib:

"Sadəcə xalqımızın adətidir ki, mollaya da kəbin kəsdirirlər. Problem yoxdur, inanan edə bilər. Onun oxuduğu da ərəbcə qısa bir duadan ibarətdir və hamı oxuya bilər. Ərəbcə də ona görə oxuyurlar ki, guya bu Allah, Peyğəmbər işidir, bunu başqaları bacarmaz. Məgər, Allah ərəbdir? Yaxud başqa dilləri bilmir?  Cahil və savadsız mollalar insanların etibarından sui-istifadə edərək hələ də onları aldadırlar. Əgər rəsmi dövlət nikahı varsa, mollaya nəsə oxutmağa əsla ehtiyac yoxdur. Ələlxüsus da bizim mollalara..."

Milli.Az 

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics