Gəncə Olimpiya Kompleksində Gənclər Günü münasibəti ilə tədbir təşkil edilib
Gəncə Olimpiya Kompleksində 2 fevral - Gənclər Günü qeyd edilib. Tədbirdə gənclərə göstərilən dövlət qayğısından, eləcə də Gəncədə 2014-cü il üçün gənclərlə bağlı aparılacaq işlərdən söz açılıb.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, görüşə şəhərin fəal gəncləri qatılıb. Tədbirdə çıxış edən Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev 2 feval Gənclər Günü münasibətilə gəncləri təbrik edərək onlara bundan sonra da fəaliyyətləri üçün lazımi şəraitin yaradılacağını bildirib. Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsi məhz şəhərin aktiv gənclərinin nailiyyətidir və yaradılan şərait gənclərə gələcək fəaliyyətlərində yeni stimul verəcək.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib: "Belə olmalıdır ki, gənclərin günü səmərəli keçsin. Onlar həm oxusunlar, həm də istirahət edə bilsinlər".
Tədbirin gedişatında gənclər açıq mikrofon vasitəsilə icra başçısına öz istək və təkliflərini bildirib. Ən çox səsləndirilən təkliflər isə gənclərin məşğulluğunun təmin olunması, onların asudə vaxtının səmərəli keçirilməsi üçün məkanların təşkil edilməsi, eləcə də, sosialyönümlü olub. Qaldırılan məsələlərin həlli istiqamətində addımların atılacağı barədə deyilənləri isə gənclər göstərilən qayğı kimi dəyərləndiriblər.
Tədbirdə şəhərin aktiv gəncləri Gəncə şəhər İcra Hakimiyyətinin "Fəxri diplomu" ilə təltif olunublar. Məlumat üçün bildirək ki, 2 fevral ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncama əsasən Gənclər Günü kimi qeyd olunur.










