Siyasət

Minsk Qrupunun istəyi nəticə verməyəcək - Həmsədrlər səfərə hazırlaşır

1 Oktyabr 2021 14:27
0 Şərh     Baxış: 2 334

"Həmsədr dövlətlər ATƏT-in Minsk Qrupunun fəaliyyətini canlandırmağa çalışırlar". 

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, həmsədrlər Qarabağın statusunu müzakirə etmək istəyirlərsə, bu, bir nəticə verməyəcək:

"Həmsədr dövlətlər Minsk Qrupunun fəaliyyətini canlandırmaq məqsədilə öz aralarında müəyyən görüşlər keçirirlər. Prezident İlham Əliyev və biz özümüz də hər dəfə deyirik ki, "status" məsələsi geridə qaldı. Yəni həmsədrlər bölgəyə "status" məsələsini müzakirə etməyə gələcəklərsə, bu, bizi maraqlandırmır. Amma başqa mövzular var ki, bu istiqamətdə onlar faydalı ola bilərlər - Azərbaycanla Ermənistanın arasında barışığın əldə olunması, sülh sazişinin imzalanması, sərhəd üzərində iş, sərhədlərin müəyyənləşməsi, dəhlizlərin açılması...

Prezident İlham Əliyev də bu günlərdə müsahibəsində qeyd etdi ki, Minsk Qrupu çərçivəsində Ermənistan baş naziri ilə görüşməyə hazırdır. Yəni Minsk Qrupu bu görüşləri də təşkil edə bilər. Yox, əgər ancaq Qarabağın statusunu müzakirə etmək istəyirlərsə, bu, bir nəticə verməyəcək. Biz o zaman bu fəaliyyətdə maraqlı olmayacağıq, amma orası da var ki, Minsk Qrupundan imtina da edə bilmirik, çünki söhbət 3 böyük dövlətdən gedir". 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.