Siyasət

Paşinyan bu təklifinə görə peşman olacaq

23 Sentyabr 2021 16:54
Baxış: 3 696

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik bu dəfə Ermənistana keçdi. Amma mən düşünmürəm ki, sədrlik bunlara ötürüləndən sonra Ermənistan üçün hər hansı bir müsbət dəyişiklik baş verəcək və yaxud da Azərbaycan qarşısında hər hansı bir üstünlük əldə edə biləcəklər".

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

O bildirib ki, Ermənistanın hərbi sənayesi tamamilə Rusiyanın əlindədir:

"44 günlük müharibədən sonra Ermənistanda KTMT-yə və Rusiyaya qarşı çox böyük bir nifrət, kin-küdurət yaranıb ki, müharibə vaxtı təşkilatdan Ermənistana heç bir böyük dəstək olmadı, heç bir mövqe ortaya qoymadı, neytral qaldı, - bu məsələ eməniləri çox qıcıqlandırıb və Ermənistanda istər siyasi dairələrdə, istərsə də müxalif partiyalar səviyyəsində çox böyük narazılıq yaradıb. Bunlar olduqca ciddi məsələ olduğu üçün ona görə də KTMT-də İrəvan leyhinə hansısa müsbət dəyişiklik baş verəcəyi, yaxud da Ermənistanın ordusunda, Zəngəzur məsələsində düşünmürəm ki, nəzərə çarpan bir dəyişikliyin şahidi olacağıq. Çünki KTMT üzvü olan ölkələrin demək olar ki, əksəriyyəti Azərbaycanla dostluq münasibəti olan ölkələrdir. Madam ki, əsas məsələ müharibə idisə və bu məsələdə onlar neytral qaldılarsa və bununla Azərbaycana doslayısı ilə dəstək vermiş oldularsa, fikirləşirəm ki, onlar Ermənistana Azərbaycana qarşı hər hansı bir ciddi dəstək verməyəcəklər. Müddət beləcə keçəcək və Ermənistan təşkilata sədrliyi başqa bir ölkəyə təhvil verəcək.

Üstəlik də hesab etsək ki, Azərbaycanın da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq məsələsi var gündəmdə. Yəni, Azərbaycanı təşkilata dəvət edirlər, ona görə də KTMT bu məsələyə daha ehtiyyatlı yanaşacaq. Çalışacaqlar ki, Azərbaycanı incitməsinlər. Burada bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, KTMT üzvü olan ölkələr Azərbaycana dost, müttəfiq ölkələr sayılırlar. 

Ermənistanda bu gün Qərbə, Amerikaya meyillik abu-havası hökm sürür, bu tendesiya son zamanlar həddindən artıq çoxalıbdır. Ermənistanın artıq Rusiyadan üz döndərib getmək istədiyi gündəmdədir, güya Rusiya Ermənistana heçnə vermədi, Rusiya Ermənistanı işğal edibdir, Rusiya Ermənistanın bütün var-dövlətini taladı, apardı və nəticədə Ermənistana müsbət heçnə vermədi. Ona görə də bu gün Ermənistanda bu gün Qərbə, Avropaya böyük bir sevgi, məhəbbət var. Üstəlik də hesab etsək ki, son zamanlar Ermənistandakı Amerika səfirinin sərsəm bəyanatlarının şahidiyik, ona görə də düşünürəm ki, bu məsələlərdə Rusiya biraz ehtiyyat edəcəkdir. Çünki bu gün Ermənistanın Qərbə istiqamətlənməsi gündəmdədir. Amerika səfiri də özü açıq-aşkar dedi ki, Ermənistan seçim etməlidir ki, Rusiyanın orbitində qalacaq, yoxsa NATO-ya inteqrasiya etmək istəyir. O deyir ki, əgər Ermənistan müasir silahlar istəyirsə, müasir ordu istəyirsə, gərək mütləq seçim etsin, ya KTMT-nin üzvü olsun, ya da Qərbi seçsin. Çünki bunlar hər ikisi bir-birinə zidd olan düşmən qurumlardır.  Düşmən qurumun üzvü ola-ola gedib Avropaya, NATO-ya inteqrasiya etmək qeyri-ciddi bir məsələdir. Ona görə də bu məsələ ilə bağlı rəsmi İrəvan götür-qoy edir, seçim qarşısındadır. Demək olar ki, Ermənistan ictimai-siyasi həyatında çoxluq Qərbi seçibdir. 

Ermənistanda iki əsas hərbi sənaye var ki, onsuz da onlar Rusiyanın əlindədir. Bundan sonra gedib Rusiya bunlar üçün eksprom nə isə yaradacaq, Türkiyənin sitehsal etdiyi "Bayraktar" səviyyəsində Ermənistana hər hansı bir PUA-lar istehsal edib hədiyyə edəcəksə, bu Rusiya üçün böyük yanlışlıq olar. Onsuz da Ermənistan çox da effektli olmayan PUA-ları Mergelyan institutunda istehsal edir. Düzdür, effektiv olmasa da, hər halda onlarda bu sistem var. Paşinyanın PUA-ların birgə istehsalı məsələsinə gəlincə, - əgər Türkiyə və Azərbaycanla münasibətləri yüksək səviyyədədirsə, Belarusun o PUA-lar nəyin lazımdır? O istədiyi PUA-ları həm Azərbaycandan, həm Türkiyədən əldə edə bilər. Eyni zamanda Orta Asiya ölkələri və yaxud da ki, Qazaxıstanın nəyinə lazımdır ki, Ermənistanda PUA-ların istehsalında iştirak etsinlər?! Onlara belə bir silah lazım olarsa, təbii ki, Türkiyə, Azərbaycan var. Çox rahatlıqla onlarla əmədaşlıq edib, həmin o PUA-ları əldə edə bilərlər. Paşinyanın təklifi təklif kimi də havadan asılı qalacaq, heç bir effekt verməyəcək. 

KTMT-yə sədrliyin rəsmi İrəvana keçməsinin Ermənistanda çox sükutla, səssiz qarşılanması, Ermənistan siyasi tarixində böyük hadisənin baş verdiyi abu-havası yaratmaması da artıq ölkədə bu quruma olan inamın itdiyini, ölkə əhalisinin Qərbə meyillik istəklərinin artdığını bir daha təsdiq edir". 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşiyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədəki sammitində çıxış edərkən üzv ölkələrə birgə hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalını təklif edib. Təşkilatda sədrlik Ermənistana keçib və Paşinyan özlüyündə yeni ideyalar ortaya atmağa çalışıb. Bunlardan biri də "birgə dron istehsalıdır". Məlumdur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrdən yalnız Rusiya pilotsuz uçuş aparatı istehsal edir. Rusiya istehsal etdiyi "Orion" pilotsuz uçuş aparatlarının texnologiyasını heç kimlə, hətta müttəfiqləri ilə bölüşməyi planlaşdırmır. Hərbi ekspertlər "Orion" haqqında yüksək fikirdə deyillər. Rusiya açıq-aşkar pilotsuz uçuş aparatlarının istehsalında və satışında Türkiyədən geri qalır. 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.