Siyasət

Tehran Bakının qədrini bilməlidir - İranın siyasətində nə yanlışdır?

22 Sentyabr 2021 15:18
3 Şərh     Baxış: 2 257

İrandan Ermənistana yük daşımaq üçün yollar, istiqamətlər və marşrutlar yox olsa da, rəsmi Tehran Ermənistana, oradan da Azərbaycana, Xankəndindəki erməni separatçılara yüklər daşımaq üçün məhz Gorus-Qafan yolundan istifadədə israrlı idi.

İndisə Tehran Ermənistandan alternativ yolun çəkilməsini, Tatev-Qafan marşrutunun mümkün qədər tez istifadəyə verilməsini az qala tələb edir.

Ermənistan Azərbaycan və İran arasında aranı qızışdırmaq və qarşıdurma yaratmaqla məşğuldur.

Əslində İrandan məhsulların Ermənistana daşınması üçün Ermənistan öz ərazisində 25 kilometr yol çəkməli idi. Ermənistan yolun 20 kilometr hissəsini çəkib, 5 kilometri isə hələ də çəkməyib: "Bu yol vaxtında çəkilsəydi, yük avtomobilləri Azərbaycan ərazisinə daxil olmayacaqdı. Hazırda İranda bu barədə susurlar ki, Azərbaycanı günahlandırsınlar".

Gorus-Qafan yolunun Azərbaycan hissəsində Azərbaycan tərəfinə müqavimət göstərən iki iranlı sürücü saxlanılıb. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu məsələ ilə bağlı Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb və hələlik hər hansı bir nəticə yoxdur.

Azərbaycan yol məsələsində öz qaydalarını tətbiq etməkdə haqlıdır.

Bunlar bəlli, əfsuslar olsun ki, indiki dövrün Cənubi Qafqazdakı möucud reallıqlarıdır.

İran hakimiyyətindəki bəzi dairələr ölkələrimiz arasındakı münasibətləri sərinləşdirmək, gərginləşdirmək, tərəfdaşlıq və qonşuluq təmaslarını maksimum gərginləşdirmək üçün sanki bəhsə giriblər.

Halbuki bəhs etdiyim gərginlik Azərbaycana, xüsusilə də İrana əsla gərəkli olmayan, hadisələrin ən pis inkişaf ssenarisi sayılan məqamlardır.

İran İslam Respublikasında hakimiyyətdə daha səbatlı yer qazanmağa çalışan və daxili siyasi mübarizədə çox böyük yanlışlığa yol verərək Azərbaycanla münasibətlərdən "təsirli amil" qismində yaraolanmağa çalışan qüvvələr öz manipulyasiyaları ilə ikitərəfli əlaqələri sınağa çəkirlər.

Onlar Qarabağın yeni satutsunu qəbul etmək istəmir, 44 günlük Vətən Müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi gerçəkləri qəbul etmirlər.

Sözügedən qüvvələr uzunmüddətli proqnozlaşdırmalar etmir və anlamırlar ki, hərəkətərinə davam edərsə İran əslində, Cənubi Qafqazdakı nüfuzu ilə yanaşı, təsir imkanlarını ümumiyyətlə, itirə bilər.

Əslində rəsmi Tehran elə indi, hazırkı durumda Bakı ilə İrəvan arasında manevr müstəvisini əldən verib.

Bunun bariz misallarından biri Ermənistanın baş naziri Nikol Paşinyanın üzləşdiyi problemləri qismiən də olsa, çözmək üçün İran rəhbərliyi ilə yox, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüş imkanları aramasıdır.

İrəvanla Ankara arasındakı münasibətsizlik dönəminin qarşılıqlı müzakirələr mərhələsinə keçidi isə Ermənistanın kritik situasiyadan qismən çıxmağa başlaması ilə yanaşı, həm də Cənubi Qafqazdakı geosiyasi imkanların qapılarının Tehranın üzünə qapanması deməkdir.

İran bundan sonra nə qədər çalışsa da, Ermənistanı nə ağır siyasi, nə də fəlakətli iqtisadi böhrandan çıxara bilməyəcək.

Üstəlik, İrandakı daxili iqtisadi və siyasi vəziyyət də az qala günbəgün ağırlaşır.

Rəsmi Tehran Cənubi Qafqazda mövqelərini bərpa etmək niyyətində ikən ölkə daxildə İranın Suriya, Yəmən, İraq, Liviya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstanla bağlı yürütdüyü siyasətdən kəskin narazılığın miqyası ilə intensivliyi genişlənir.

Halbuki Ermənistanı dəstəkləməklə İran yanlış mövqe tutur, Cənubi Qafqazda gerçəkləşdirilən transregional layihələrdən özünü kənarlaşdırır. "Şimal-Qərb" və "Şərq-Qərb" dəhlizlərinə qatılmaq üçün geni imkanları olmuş Tehran məhz son dönəmlərdəki siyasətindən olayı, həmin layihələrin tammiqyaslı və effektiv iştirakçısına çevrilmək üçün mövcud invariasiyaları dəyərəndirə bilməyib.

Problem sadəcə, iqtisadi itkilərlə məhdudlaşmır.

Azərbaycanın cənub sərhədlərində hərbi təlimlər keçirən, Bakıya ünvanlanmış "Şirin quyruğu ilə oynama!" bəyanatını Ərdəbilin imam-cüməsi Seyid Amilinin dili ilə səsləndirən Tehran türkdilli ölkələrlə yanaşı, İslam ölkələrindəki nüfuzuna da çox ağır zərbə vurub.

Rəsmi ideologiyasını "İslam ümmətinə dəstək" tipli meynstrim şüar üzərində qurmuş İranın qonşuluğundakı müsəlman ölkəsi ilə münasibətləri gərməsi, işğalçı Ermənistanı isə dəstəkləməsi müsəlman ölkələrində, xüsusilə də türkdilli dövlətlərdə çeşidli suallar doğurub.

Xəzəryanı bölgə dövlətləri İranın davranışını bilavasitə Tehranın özü üçün siyasi və geosiyasi risklər yaradan siyasət təki dəyərləndirirlər.

Qazaxıstan və Türkmənistan rəsmiləri üstüörtülü şəkildə, diplomatik etiketə tam riayət edərək indiyədək dəfələrlə bəyan ediblər ki, Qarabağ problematikasında İrandan ən azı neytrallıq gözləyir, bununla bağlı formalaşmış suallara İran rəşbərliyinin cavab verəcəyinə ümid edirlər.

Suallara Tehran cavab verməyib, halbuki bu, İranın hakimiyyət dairələrinin birbaşa marağında olan və mənafelərinə cavab verən addım olmalıydı.

Tehranın Bakı ilə bağlı tutduğu mövqe, qeyd etdiyim kimi, ölkə daxilində də hakim teokratik rejim üçün ciddi problemlər yaradıb.

İranda keçirilmiş son prezident seçkiləri, səsvermə ərəfəsində müxtəlif tabanlardan və etnik qruplardan olan şəxslərin kollektiv mövqeləri ölkədəki azərbaycanlıların siyasi aktivliklərinin xeyli artdığını göstərib.

İrəvanla əlaqələrini təftiş etməyəcəyi təqdirdə Tehran ölkədəki 32,5 milyon azərbaycanlının tam əksəriyyətinin etirazları ilə yenidən qarşılaşacağını yəqin etməlidir.

Təbii, biz heç İranda vəziyyətin daha da ağırlaşmasını, siyasi və iqtisadi probemlərin kəskinləşməsini istəmirik. Bakının məramı bu deyil: Azərbaycanın məqsədi İranla normal tərəfdaşlıq və qonşuluq münasibətlərinin sürətli inkişafıdır.

Ümumilikdə isə İranın Azərbaycanla bağlı mövcud narahatlığının və təlaşının heç bir əsası yoxdur.

Rəsmi Bakı heç bir halda, heç bir zaman İrana qarşı aqressiv ritorika ilə çıxış etməyib, düşmən mövqe tutmayıb.

Münasibətlərdəki indiki bəlli sərinliyin aradan qaldırılması yolları və vasitələri isə çox bəsitdir.

İran İslam Respublikasının rəsmilərinin və xüsusilə də rəhbərliyinin Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün, sərhəd toxunulmazlığının və 44 günlük Vətən Müharibəsinin sonuclarının tanınması ilə bağlı aydıq, bitkin mövqelərini açıqlamaları gərəkdir.

Daha sonra isə İrandan Ermənistana, oradan da Azərbaycan ərazisinə, Xankəndinə yüklərin daşınması adı ilə qarabağlı ermənilərin separatçı rejimini təmin edən hüquqi və fiziki şəxsləri qanunsuz əməllərinə görə ölkənin mövcud qanunvericiliyi çərçivəsində cazalandırmalıdır.

.... Kollektiv Qərb İran ətrafında təzyiq və pressinq həlqəsini fasiləsiz daraldır, Tehranın siyasi manevr imkanlarını məhdudlaşdırır. Belə şəraitdə İranın Azərbaycanla münasibətlərə gərəkli, layiq olduğu dəyər verməsi labud olmalıdır.

Rəsmi Tehran Bakı ilə əlaqələri normallaşdırmaq üçün əməli addımlar atmalıdır.

Bakı analoji addımlara daim hazırdır.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.