Siyasət

Şuşada tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi “Təmiz Şəhər”ə tapşırılıb - SƏRƏNCAM

22 İyun 2021 14:35
Baxış: 1 054

Prezident İlham Əliyev Məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında yaşayış məntəqələrinin abadlaşdırılması və ətraf mühitin qorunması dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsullarla təmin edilir. Bu çərçivədə tətbiq edilən tullantıların idarə edilməsi sistemi ətraf mühitin mühafizəsi standartlarına uyğun olmaqla, şəhərlərin ekologiyasının yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.

Ölkədə ekoloji tarazlığın mühafizəsi məqsədilə tullantıların idarə edilməsi sahəsində formalaşmış təcrübənin digər ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində reallaşdırılması atmosferə və ətraf mühitə mənfi təsirlərin azaldılması, resurslardan davamlı istifadə, habelə müasir ekoloji idarəetmə sisteminin inkişafı üçün geniş imkanlar yaradar.

Sərəncama əsasən Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

"Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilib:

2.1. adında "Bakı şəhərində məişət" sözləri "Məişət" sözü ilə əvəz edilsin;

2.2. preambula üzrə:

2.2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasında əldə edilən sosial-iqtisadi nailiyyətlər yaşayış məntəqələrinin müasir şəhərsalma və tikinti fəaliyyətinin prinsipləri əsasında inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.";

2.2.2. dördüncü abzasda "Bakı şəhərində məişət" sözləri "Məişət" sözü ilə əvəz edilsin;

2.3. 2-ci hissəyə "zərərsizləşdirilməsi" sözündən sonra ", həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin və Şuşa şəhərinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması" sözləri əlavə edilsin;

2.4. 4-cü hissəyə "Bakı şəhərinin ərazisində" sözlərindən sonra "(Qala qəsəbəsi istisna olmaqla)" sözləri əlavə edilsin;

2.5. 6-cı hissədə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.