Siyasət

"15 iyun Heydər Əliyevin Azərbaycanda müstəqil dövlətçiliyi xilas etməsinin əbədiləşən tarixidir"

15 İyun 2021 10:06
Baxış: 284

Azərbaycan Respublikasının XX əsrin altmışıncı illərindən XXI bizim günlərinə qədərki bütün inkişaf mərhələləri Ümummilli lider Heydər Əliyevin və ölkəmizin Prezidenti İlham Əliyevin çoxcəhətli fəaliyyəti ilə üzvü surətdə əlaqədardır. Bu tarixi dövrdə Azərbaycanın sovet hakimiyyəti, keçid dövrü və müstəqillik mərhələlərinin mürəkkəblik və çətinliklərindən xalqımızın və dövlətimizin xeyrinə keçə bilməsi, zamanın qarşıya çıxardığı problemləri həll edərək respublikanın irəli aparması həmin dövrlərdə ölkəyə rəhbərlik etmiş dövlət xadimlərinin tarixi xidmətləridir. Buna görədir ki, XX əsrin altmışıncı illərində başlayaraq XXI əsrin əvvəllərinə dərk keçən dövr Azərbaycan tarixinin Heydər Əliyev epoxası adlanır. Konkret olaraq ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən keçən 52 illik tarixi mərhələ iki mühüm dövrü əhatə edir:

Heydər Əliyev epoxası ilə İlham Əliyev erası bir-birinin davamı olub, ayrılmaz və möhtəşəm bir tamın üzvü tərkib hissələridir. Zaman baxımından ardıcıl və vahid bir prosesi əhatə edən həmin tarixi mərhələlər siyasi qayəsi və mahiyyəti etibarilə də bir-birini tamamlayır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın tarixindəki və müasir həyatındakı ən böyük xidmətləri hər iki qüdrətli dövlət rəhbərinin Azərbaycan Respublikasının müstəqilliyinin taleyində və inkişafındakı misilsiz rolları ilə bağlıdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi onların dönməz mübarizəsinin, çoxcəhətli və yorulmaz fəaliyyətlərinin əsasını təşkil edir. Ölkəmizdə dövlət müstəqilliyinin qurulması və başlanğıc mərhələdəki böhran dövrünün aradan qaldırılması Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.

15 iyun məhz görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda müstəqil dövlətçiliyi xilas etməsinin əbədiləşən tarixidir.

Müstəqil dövlətçiliyin bütün istiqamətlər üzrə yüksək səviyyədə inkişaf etdirilməsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətidir. Heydər Əliyev Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmış, İlham Əliyev müstəqil Azərbaycan Respublikasını dünyanın inkişaf etmiş dövlətlərindən biri səviyyəsinə çatdırmışdır.

Heydər Əliyev Sovet Azərbaycanını SSRİ-dəki on beş respublika arasında ən sonuncu yerlərdən ən inkişaf etmiş respublikalardan birinə çevirmişdir.

İlham Əliyev dövlət müstəqilliyinin başlanğıc illərinin çətinliklərindən yenicə çıxmaqda Azərbaycan Respublikasını nəinki müstəqillik qazanmış keçmiş sovet respublikaları sırasında ön mövqeyə çıxarmış, hətta ölkəmizi hərtərəfli şəkildə irəli apararaq inkişaf etməkdə olan ölkədən inkişaf etmiş respublika səviyyəsinə çatdırmışdır.

Heydər Əliyev sovet hakimiyyəti illərində Kreml hakimiyyətinə çox yaxın olan Ermənistanın bütün səylərinə və təzyiqlərinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamışdır. Ulu öndər eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1990-1993-cü illərdə muxtar respublikanı Ermənistanın işğalından xilas etmişdir. Dahi şəxsiyyət həmçinin dövlət müstəqilliyinin başlanğıc mərhələsində Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsini və ölkəmizin parçalanmasını aradan qaldırmışdır.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ermənistan tərəfindən ələ keçirilmiş Qarabağ ərazilərini işğaldan azad etmiş, xalqımıza tarixi Zəfər qazandırmışdır. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Respublikasının işğalçı Ermənistanı Qarabağ ərazisindən çıxarmağa nail olması, itirilmiş torpaqlarımızı geri qaytarması misilsiz tarixi xidmətdir.

Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafında müstəsna rolu olan "Əsrin müqaviləsi"ni imzalatmaqla respublikanın gələcək inkişafının möhkəm təməlini qoymuşdur. Haqlı olaraq bu müqaviləyə "Heydər Əliyev kontraktı" da deyilir.

Prezident İlham Əliyev isə Bakı-Tbilisi-Ceyhan neft magistralını, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini çəkdirməklə müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafında inqilab yaratmağa nail olmuşdur. Həmin beynəlxalq neft-qaz kəmərlərinin çəkilməsi və işə salınması ilə Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin taleyi həll edilmişdir. Bundan sonra Şahdəniz qaz yataqlarının kəşf edilməsi, TANAP və TAP beynəlxalq magistrallarının çəkilməsi, Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəql edilməsi ilə Azərbaycanın iqtisadi inkişafında yeni bir zirvə fəth edilmişdir.

Heydər Əliyev müstəqil dövlətimizin ordu quruculuğunun təməllərini atmış İlham Əliyev Azərbaycan ordusunu dünyanın əlli ölkəsinin ordusundan biri səviyyəsinə qaldırmışdır.

Heydər Əliyev doxsanıncı illərin başlanğıcında I Qarabağ müharibəsini uduzmuş pərakəndə partizan dəstələrini ləğv etmiş, əvəzində müstəqil dövlətin Müdafiə Nazirliyini və onun tabeliyində müxtəlif təyinatlı ordu sistemini yaratmışdır.

İlham Əliyev Azərbaycan ordusunu ən yüksək hərbi texnologiya ilə və peşəkar hərbi kadrlarla təchiz olunmuş, vətənpərvərlik ruhunda tərbiyə edilmiş əsgərlərdən ibarət sivil bir ordu səviyyəsinə çatdırmışdır.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövründə Horadiz şəhəri və ətrafı ordumuz tərəfindən yağı düşməndən təmizlənmişdir. Bu, Qarabağı hərbi yolla qaytarmağın ilk mühüm sınağı olmuşdur.

Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilmiş "Dəmir Yumruq" əməliyyatı ilə rəşadətli Azərbaycan Ordusu II Qarabağ - Vətən müharibəsində Ermənistanın təcavüzü nəticəsində düşmənin əlinə keçmiş Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Lələtəpə-Cocuqmərcanlı qalibiyyət yürüşünün başlanğıcı, Günnüt-Naxçıvan uğurlu davamı, Qarabağ - Şuşa zirvəsi olmuşdur.

Heydər Əliyev sovet hakimiyyəti illərində Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı proqramını həyata keçirməklə bu regionu həm inkişaf etdirməyə çalışmış, həm də orada vaxtilə ermənipərəst qüvvələr tərəfindən məkrli şəkildə azərbaycanlı əhalinin azaldılması sahəsində yol verilmiş ədalətsizliyi aradan qaldırmaq istiqamətində məqsədyönlü iş aparmışdır.

Müzəffər Prezidentimiz İlham Əliyev isə II Qarabağ Vətən müharibəsini Zəfərlə başa çatdırdıqdan sonra Qarabağ ərazisində Böyük Qayıdış hərəkatına start vermişdir. Bu, ölkə daxilində yeni bir ölkə yaratmaq qədər məsuliyyətli və şərəfli bir vəzifədir, tarixi hadisədir.

Uzaqgörən müdrik dövlət rəhbəri Heydər Əliyev ölkədaxili sabitliyi qorumaq üçün millətlərarası münasibətlərin dövlət tərəfindən tənzimləndirilməsinə xüsusi diqqət yetirmiş, Dini İşlər üzrə Dövlət Komitəsini yaratmaqla ölkəmizdə yaşayan müxtəlif dinlərə məxsus insanların həmrəyliyini diqqət mərkəzində saxlamışdır.

Prezident İlham Əliyevin isə böyük uğurla Azərbaycanda həyata keçirdiyi multukulturalizm və tolerantlıq siyasəti ilə ölkəmizdə azsaylı xalqların bərabərhüquqlu inkişafının, onların mədəniyyətinin inkişaf etdirilməsinin strategiyası müəyyən edilmişdir. Bu gün Azərbaycan Heydər Əliyev - İlham Əliyev siyasəti nəticəsində çoxsaylı xalqların monolit birliyindən təşkil olunmuş sarsılmaz bir dövlətdir. Birinci və İkinci Qarabağ müharibəsində azərbaycanlılarla birlikdə ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrinin də qəhrəmanlıqla döyüşmələri, şəhidlər vermələri, ölkəmizin Prezidentinin apardığı müdrik siyasəti ürəkdən dəstəkləmələri müstəqil dövlətimizin uğrla davam edən multukulturalizm və tolerantlıq siyasətinin bəhrələridir.

Azərbaycan Respublikası müstəqillik yollarında əbədilik səfərini uğurla davam etdirməkdədir.

İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.