"Cavad Zərifin İran xarici işlər naziri başa çatmaq üzrə olan səlahiyyətləri çərçivəsində sağollaşmaq üçün İrəvana və Bakıya son rəsmi səfərə gəldi. Bu, onun vida səfəri idi".
Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, İran-Azərbaycan münasibətlərdə çoxlu spekulyasiyalar var:
"Zərif bu səfərlə Azərbaycan-İran, İran-Ermənistan münasibətləri çərçivəsində yekun səfərini reallaşdırdı. Bu səfər zamanı Azərbaycan-İran münasibətləri konseptual olaraq ümumi müzakirə olunub, perespektivlərlə bağlı fikir mübadiləsi aparılıb. Yəni tərəflər konkret insidentlərlə bağlı çox güman ki, fikir mübadiləsi aparmayıblar. Ümumi mənzərəyə nəzər salıblar və bu zaman həm Azərbaycan dövlət başçısı, həm İran XİN rəhbəri müsbət dinamikanı ön plana çəkiblər və bu dinamikanı ön planda saxlamaq barədə fikir bildiriblər. Çünkü yeni iqtisadi, siyasi reallıqlar meydana çıxıb və bu reallıqlarda Azərbaycanın da, İranın da maraqları var və gərginliyi nə İran tərəfi istəmir, nə Azərbaycan tərəfi istəmir. İstəmirlər ki, bu iki ölkə arasında konflikt yaşansın.
Burada praktiki məsələlər var. İran istəyirki bölgədə yol nəqliyyat infrastrukturunu açsın və onu öz xeyirinə işlətsin. Hər iki tərəf müəyyən sahələrdə birgə layihələr həyata keçirtsin, o cümlədən yol-nəqliyyat sahəsində, Araz çayının infrastrukturunun yaradılması ilə bağlı "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarında, eyni zamanda azad olunmuş torpaqlarda birgə layihələrin həyata keçirilməsini istəyir. Bəs, bunu kim istəmir?! - Bunu Ermənistan istəmir.
Son informasiyalardan birində İran generallarının Ermənistana səfəri barədə xeyli müzakirə edildi. Çox güman ki, generalların İrəvan səfəri erməni hərbiçilərin 44 günlük Vətən müharibəsi zamanı İran tərəfinə keçməsi ilə bilavasitə bağlı idi. Həmin erməni hərbiçilərinin təhlükəsizliyi, qaytarılması ilə bağlı bu səfər zamanı müzakirələr gedib. Düzdür, erməni tərəfi bu əsgərlərinin İran ərazisinə keçməsini təkzib edir, amma əgər bu informasiyalar əgər vasra, deməli onun əsası da var. Amma İran generallarının İrəvan səfəri guya ki, İrann yüksək hərbi rütbəli nümayəndələri təklif ediblər ki, biz sizə hərbi yardım etmək istəyirik. Bu səfər təhrif olunmuş formada çatdırılıb. Amma elə bir şey olmayıb. Çünkü İran generallarının nümayişkaranə şəkildə Ermənistana səfər edib və desinlər ki, dəstək verəcəyik, bu, həqiqət deyil. Onlar Azərbaycan Ordusuna qarşımı çıxacaqlar? Bu, cəfəngiyatdır, mümkün olan bir şey deyil. Ona görə, informasiya təhrif olunmuş formada çatdırılır. Real proseslər bir qədər kölgədə qalır.
Cavad Zərifin son Bakı səfəri zamanı Azərbaycan Prezidentinin və İranın XİN rəhbərinin çıxışı onu göstərir ki, əslində arada elə bir konseptual problemlər yoxdur. Əgər iki ölkə arasında problemlər qabarıq şəkildə olsaydı, Azərbaycan Prezidenti İran XİN rəhbərini bu cür qəbul edərdimi?! Ona görə, mən düşünürəm ki, ikitərəfli münasibətlərdə çoxlu spekulyasiyalar var".
Təhməz Əsədov
Milli.Az