Siyasət

"Co Bayden qondarma "erməni soyqrımı"nı tanıya bilər" - Türkiyəli ekspert - ÖZƏL

23 Aprel 2021 12:20
Baxış: 1 282

Türkiyəli məşhur hərbi-siyasi ekspert Ceyhun Bozkurtun Milli.Az-a müsahibəsini təqdim edirik:

Erməni lobbisinin ABŞ-ın yeni prezidenti Co Baydendən qondarma "erməni soyqrımı" ilə bağlı böyük gözləntiləri olduğu heç kimı sirr deyil. Necə düşünürsünüz, ABŞ qondarma "erməni soyqrımı"nı tanıyacaq?

- ABŞ-də hər il 24 apreldə erməni diasporasının, erməni lobbisinin təşəbbüsü ilə qondarma "soyqrım"ın tanınması məqsədilə Amerika dövlət başçısının bu mövzuda bir açıqlama edib, etməyəcəyi diqqətlə izlənilir. Hər il bu mübahisə olur. Klinton dönəmində də, Corc Burş dönəmində də, Barak Obama dönəmində də bu mövzu diqqət mərkəzində oldu. Bu il bir fərqlilik var. Bu mövsüm Co Baydenin siyasəti ilə Türkiyənin siyasətinin ciddi şəkildə bir-birinə qarşı olması, Co Baydenin Türkiyəyə qarşı sərt bir görüntü yaratması, Türkiyənin dostluq əlini sıxmaması, sanksiya məsələsi, "C-400" məsələsi, Şərqi Aralıq mövzusu, Egey, Qara dəniz, terrorla mübarizə mövzularında olduğu kimi erməni məsələsində də ciddi bir qarışıqlıq var. Buna görə Türkiyəyə ciddi bir şəkildə mesaj vermək məqsədi ilə bu il (24 aprel) keçmişdə Amerika rəhbərlərinin böyük fəlakət olaraq tanımadığı qondarma "erməni soyqrımı"nı Co Baydenin bir şəkildə yalan olaraq "soyqrım" kimi tanıyacağı deyilir. Bunda bir az sadaladığım saydığım səbəblərə görə qarşı-qarşıya qalmağın təsiri var. 

ABŞ Türkiyədən "erməni soyqrımı" ilə Cənubi Qafqazda itirdiyi mövqeyinin qisasını almaq barədə düşünə bilərmi?

- Məncə onu gözdən qaçırmamaq lazımdır: Amerikada yəhudi lobbisindən sonra ən önəmli, böyük lobbilərdən biri erməni lobbisidir. İkincisi, eyni zamanda Amerika erməniləri həmişə bölgədəki siyasətləri üçün istifadə etmək istəyir. Bu çərçivədən də Cənubi Qafqazda Ermənistandan Rusiyaya, Türkiyəyə, Azərbaycana qarşı istifadə etmək istəyir. Keçən ilin sonlarında bilirsiniz, bir zərbə aldılar. 44 günlük müharibədə Qarabağ erməni işğalından azad edildi. Ermənilər orada da ciddi bir itki ilə üz-üzə qaldılar. Və Qarabağda Vətən müharibəsi nəticəsində işğal edilən torpaqları erməni tapdağından qurtardıq. Buna bağlı olaraq Amerika da Cənubi Qafqazdakı mövqeyini itirdi. Yəni Ermənistanın məğlubiyyəti Amerikanın mövqeyini itirməsi idi. İndi burada da bu mövqeyi bərpa etmək üçün bu məğlubiyyətin intiqamı ilə belə bir ifadə ("erməni soyqrımı) işlədə bilər. 

Bayden bu ifadəni işlədərsə Türkiyə-ABŞ münasibətlərində nələr dəyişə bilər?

- Türkiyə-Amerika diplomatik münasibətləri onsuz da yaxşı deyil. Türkiyə açıq şəkildə Amerika ilə müttəfiqliyi ciddi şəkildə təhlil etməyə başlayar. Şərqi Aralıq dənizi, Egey kimi mövzularda, Kiprdə Türkiyə müstəqil siyasətə daha çox yer ayırar, Qara dənizdə Ukraynayla münasibəti pozmadan Rusiya ilə əlaqəyə keçə bilər. Çünki biz Qara dənizdə süllh olmağını istəyirik, amma ABŞ-ı siyahıya daxil etmərik. Bu nöqtədə bir gərginlik ola bilər. Terrorla mübarizəmizi onsuz da daha güclü şəkildə davam etdirəcəyik. Amma burada Amerikanın istədiyi addımları atmarıq.

NATO daxilindəki münasibətlərdə ciddi problemlər yarana bilər. "C-400" qərarını onsuz da heç bir şəkildə çək-çevir etmirik, belə də davam edərik. Türkiyə bu mövzularda Amerika ilə dialoqa başlamaq istəyirdi. Bu dialoq kanalları zərər görər.

Bölgədə Türkiyə ilə əlaqəsi güclü olan Amerikamı, yoxsa münasibəti zəif olan Amerikamı xeyirli olar?

- Türkiyə ilə əlaqəsi güclü olan Amerika xeyirli olar. Türkiyə ilə münasibəti zəiflədikdə də Amerikanın bölgədəki təsir gücü azalar. Bu məsələ Cənubi Qafqaza da, Suriyaya, İraqa da, Şərqi Aralıq dənizi, Qara dəniz, Egey dənizinə və Şimali Afrikaya da aid edilə bilər. Bu nöqteyi nəzərdən baxanda əslində, Bayden belə bir ifadə işlədərsə, bu məsələdən daha çox ziyan görən tərəf Amerika olar. Çünki Türkiyənin hüquqi olaraq da əli hər baxımdan güclüdür. Buna görə də itirən Amerika olar.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.