Siyasət

İslam dünyası daim Azərbaycanın yanındadır

9 Aprel 2021 00:03
Baxış: 983

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Azərbaycanda səfərdə olan Təmas Qrupu mətbuat konfransı keçirdi. Nümayəndə heyəti Ağdam və Gəncəyə səfərləri ilə bağlı təssüratlarını media nümayəndələri ilə bölüşdülər.

Bu konfransda çıxışlar zamanı Azərbaycan haqqında səsləndirilmiş pozitiv fifkirlər, işğalçı Ermənistanın dini abidələrimizi dağıtması və talan etməsinə dair rəylər xüsusilə diqqət çəkdi. Eləcə də İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsində Azərbaycanın və Prezident İlham Əliyevin rolu ayrıca vurğulandı. Təmas Qrupu üzvləri əsasən də İslam dünyasında müşahidə olunan kataklizmlər, İraq, Liviya, Yəmən, Suriya, Fələstin və digər müsəlman ölkələrində yaşanan problemlər fonunda Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsinin nümunəvi əhəmiyyəti barədə dəyərli fikirlər səsləndirdilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, sözügedən konfransda bir neçə İƏT nümayəndəsinin fikirlərinə diqqət etsək, Ermənistanın Azərbaycana qarşı vandalizm siyasətinin miqyasını, eləcə də təşkilata üzv dövlətlərin ölkəmizə bəslədiyi rəğbəti bir daha görmüş olarıq;

İşğalçılar yalnız dirilərə deyil, ölülərə qarşı da vandallıqlar ediblər

İƏT-in Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavaesa Senqendo:
- İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ məsələsində daim Azərbaycanı dəstəkləyib. Bu dəstək təkcə Azərbaycanın İƏT-ə üzv olması ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqedə olmasına görədir. Azərbaycan öz ərazilərini işğaldan azad etməli idi. Biz bundan sonra da Azərbaycana öz dəstəyimizi göstərəcəyik. 2016-cı ildə Təmas Qrupu yaradıldı. Biz indi ilk dəfə azad edilmiş ərazilərə səfər etmək imkanı qazandıq və həmin ərazilərdə dağıntıları gördük, binalara, məscidlərə qarşı ermənilərin törətdiyi vandallıqların şahidi olduq. Bu, çox məyusedici, kədərli bir mənzərədir. Eyni zamanda, məscidlərdə donuz, inək saxlanmasının şahidi olduq, qəbiristanlıqların, məzarların dağıdılmasını gördük. Bu onu göstərir ki, işğalçılar yalnız dirilərə deyil, ölülərə qarşı da vandallıqlar törədiblər. Şükürlər olsun ki, həmin ərazilər işğaldan azad edilib və inanırıq ki, o ərazilər bərpa ediləcək, yenidən qurulacaq və insanlar öz doğma torpaqlarına qayıdacaqlar.

"Ağdamın yer üzündən silinməsinin şahidi olduq"

İƏT daimi nümayəndəsi, Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri Dya-Eddine Said Bamakhrama:
- İƏT 57 ölkədən ibarətdir. Biz ilk dəfə işğaldan azad edilmiş ərazilərə getdik. Biz orada dağıntıların, Ağdamın yer üzündən silinməsinin şahidi olduq. Gəncə şəhərində olduq. Raketlərin Gəncəyə vurduğu dağıntıları gördük. Məqsədimiz vəziyyəti yerində görmək, Azərbaycan hökuməti ilə müzakirələr aparmaq idi. Azərbaycan hökumətinə dəstək göstərəcəyik ki, həmin ərazilərdə həyatı yenidən bərpa etmək mümkün olsun. Biz üzv dövlətlərlə təmasları davam etdirəcəyik ki, Azərbaycana müvafiq dəstək göstərə bilək, orada məktəbləri, məscidləri bərpa edək. Biz şadıq ki, Azərbaycan öz torpaqlarını geri qaytardı.

Pakistan daim Azərbaycanın yanında olacaq

Pakistanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx:
- Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfəri bir təşkilat olaraq bizim üçün də çox əhəmiyyətlidir. 30 il ərzində İƏT bu məsələyə xüsusi diqqət yetirib və daim bunu öz gündəliyində saxlayıb. Biz bu uğurdan qürur duyuruq. Ölkə olaraq onu deyə bilərəm ki, Pakistan Azərbaycanı daim dəstəkləyib. Gələn il İslamabadda İƏT ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək və bu görüş zamanı bu regionda sülhün davamlı olması üçün fəaliyyət planı hazırlanmalıdır. Fəaliyyət planı digər İslam ölkələrində də münaqişələrin həlli üçün bizdə bir birlik yaradır. Azərbaycanın əldə etdiyi nailiyyətlər İslam dünyasında digər münaqişələrin də həllinə ümidlər verir. Pakistan daim Azərbaycanın yanında olacaq. Biz bundan sonra da sülhün bərqərar olması üçün öz dəstəyimizi göstərəcəyik. Zəfəriniz mübarək! Qarabağ Azərbaycandır.

Bütün İslam dünyası Azərbaycanın yanındadır

İƏT Təmas Qrupunun nümayəndə heyətinin üzvü Mehmet Metin Eker:
- İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana öz səmimi dəstəyini göstərib. İslam dünyası bu məsələdə Azərbaycanın yanında yer aldı. Qərb dünyasında Azərbaycanın qələbəsi ilə bağlı bəzi xoşagəlməz fikirlər oldu, ancaq müsəlman dünyası Azərbaycanı dəstəklədi.
Ağdama səfər edərkən çox kədərli bir mənzərənin şahidi olduq. Ağdamda tək bir bina salamat qalmayıb. Ermənilər təkcə insanlara deyil, təbiətə, mədəniyyətə qarşı da düşmənçilik, vandallıq nümayiş etdirib. Məscidləri, dini abidələri məhv etmək mədəniyyətə qarşı vandallıqdır. Azərbaycanın bu müharibədə qələbəsi İslam dünyasının qələbəsidir. Azərbaycanın bu qələbəsi İslam dünyasında zülmlərin aradan qaldırılması üçün səbəb olacaq. İndi qarşıda duran əsas məsələ Qarabağda təhlükəsizliyi tam bərpa etmək və orada həyatı təmin etməkdir. Bütün İslam dünyası bu məsələdə də Azərbaycanın yanında olacaq.

Azərbaycana qarşı törədilən cinayətlər beynəlxalq məhkəmələrə çıxarılmalıdır

Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) səfirinin müavini Əbubəkir Cah:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər bizim üçün böyük bir imkan oldu. Biz kifayət qədər dağıntıların şahidi olduq. Burada ədalətsizlik baş vermişdi və bu ədalətsizliyin aradan qaldırılması üçün Azərbaycan mücadiləyə qalxdı və qalib gəldi. Biz işğaldan azad edilmiş ərazilərdə hər şeyin, məscidlərin dağıdılmasının şahidi olduq. Həmin ərazliərdə həyatı tamamilə məhv etmək cəhdləri olub, lakin buna nail olmayıblar. Həmin ərazilərdə yenədə ocaqlar yanacaq, o ərazilər bərpa olunacaq və insanlar öz doğma torpaqlarına qayıdacaqlar. İƏT olaraq biz Azərbaycanla həmrəylik nümayiş etdirməli, eyni zamanda Azərbaycana qarşı törədilən bu cinayətlərin beynəlxalq məhkəmələrə çıxarılmasına nail olmalıyıq. Bu digər işğalçılara da nümunə olmalıdır ki, kiminsə ərazisini işğal edib oranı dağıtmaqla canını qurtara bilməyəsən.

İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünü bütün dünyaya çatdırmağa nail oldu

Əfqanstanın İslam Əkəkdaşıq Təşkilatındakı daimi nümayndəsi Şafiq Samim:
Biz bütün yaşayış məntəqələrinin və məscidlərin dağıdılmasının şahidi olduq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyirik. Bu müharibə ərəfəsində və müharibə zamanı Prezident İlham Əliyev Azərbaycan xalqının Ermənistan tərəfindən təcavüzə məruz qalmasını bütün dünyaya çatdırmağa nail oldu. Biz eyni zamanda, Gəncə şəhərini ziyarət etdik və orada dinc sakinlərin bombalanmasını gördük. Mən Əfqanıstanda bu barədə məlumat yayılmasına, televiziyalarda göstərilməsinə nail olmağa çalışacam.

Beləliklə, bu mətbuat konfransında bir daha şahid olduq ki, İƏT ölkələri bütün məsələrdə Azərbaycanı dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Təbii ki, bütün bunlar Azərbaycanın apardığı uğurlu və balanslı siyasətin, eləcə də regionda və dünyada qazandığı dərin nüfuzun nəticəsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.