Siyasət

"Moskva ilə İrəvan arasındakı razılaşma pozulub"

6 Aprel 2021 12:05
Baxış: 2 142

"Əslində Şuşada qalıqları tapılan "İsgəndər-M" modifikasiyalı raketlə bağlı açıqlamanı Ermənistan tərəfi verməlidir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politlloq bildirib ki, "İsgəndər" raketlərindən istifadə edən Ermənistanın məqsədi regionu məhv etmək və kütləvi qırğınlara səbəb olmaq idi:

Birincisi, "İsgəndər" raketləri çox dağıdıcı və öldürücü xüsusiyyətlərə sahib olduğu üçün Ermənistan tərəfi Rusiyadan tədarük etdiyi bu silahdan Qarabağ müharibəsində istifadə etməməli idi. Çünki bu münaqişənin predmeti Azərbaycan əraziləridir və Azərbaycan tərəfi də Ermənistan torpaqlarında heç bir iddiasının olmadığını ən yüksək səviyyədə bəyan etmişdir. Deməli, Ermənistan əraziləri təhlükə altında olmadığı halda, bu silahın Azərbaycana qarşı istifadəsi Moskva ilə İrəvan arasındakı razılaşmanın pozulmasıdır. Məlumat üçün qeyd edim ki, Rusiya bu silahı yalnız Ermənistana ixrac edib, yaxud hədiyyə edib. 

İkincisi, qalıqları tapılan "İsgəndər" raketi "M" modifikasiyasına daxildir. Ermənistan isə rəsmi açıqlamalara görə, Rusiyadan "E" modifikasiyalı "İsgəndər" raketlərini tədarük edib. Sual yaranır ki, əgər Ermənistan ordusunun arsenalında bu silahdan yoxdursa, onda Azərbaycana qarşı raket haradan atılıb? İndiyə kimi, Ermənistan ordusunun hərbi təlimlərində "İsgəndər-M" raketlərinə rast gəlinməyib. Ya Moskvadan, ya da İrəvandan aydınlıq gətirilməlidir ki, bu silah Ermənistana nə vaxt verilib? Əgər verilibsə, Rusiya bu istiqamədə həyata keçirdiyi siyasətə yenidən baxmalıdır. 

Ümumiyyətlə, "İsgəndər" raketlərindən istifadə Ermənistan dövlətinin anti-humanist xarakterindən xəbər verir. Çünki "İsgəndər" raketləri dünyanın ən dağıdıcı və öldürücü silahlarından biri hesab olunur. Görünür, Ermənistanın məqsədi regionu məhv etmək və kütləvi qırğınlara səbəb olmaq imiş. Bu fakt onu göstərdi ki, Ermənistana silah hədiyyə edən ölkələr bu siyasətin bütün region üçün böyük təhdid yaratdığını dərk etməlidirlər.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.