Siyasət

Qarabağ zəfəri Bakının qüdrətini necə artırdı: bölgə dəyişir

19 Fevral 2021 14:05
Baxış: 1 080

"Sentyabrın 29-da başlayıb noyabrın 9-da başa çatan İkinci Qarabağ Müharibəsindəki zəfər Azərbaycanın siyasi, sosial, geosiyasi mövqelərini və vəziyyətini dəyişib. Qələbə ölkə əhalisinin əhval-ruhiyyəsini dəyişib - azərbağycanlılar özlərini qalib hiss edirlər. Bununla yanaşı qələbə Azərbaycanın diplomatik çəkisini artırıb, region dövlətləri ilə münasibətlərinə köklü təsir göstərib".

Tanınmış amerikalı analitik və siyasi ekspert Pol Qoblun nüfuzlu "The Jamestown Foundation"nun "Eurasia Daily Monitor" dərgisində "Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin artması Rusiya və İranla münaqişə yarada bilər" (Growing Azerbaijani-Central Asian Ties Likely to Trigger Conflicts With Russia and Iran) başlıqlı məqaləsi dərc olunub.

Konseptual təhlil formatında olan məqalə diqqətimizdən yayınmadı, çünki müəllif regionla bağlı müfəssəl bilgilərə və ən başlıcası, proqnozlaşdırma qabiliyyətinə malikdir.

Avrasiyada etnik və dini məsələlər üzrə tanınmış mütəxəssis kimi tanınan Pol Qobl Azərbaycan Diplomatik Akademiyasının tədqiqatalar və nəşrlər üzrə direktorudur. Əvvəllər o, Tallinndəki Odentes Universitetində sosial və humanitar elmlər kafedrasında, habelə Estoniyanın Tartu şəhərindəki Avropa Kollecində baş elmi işçi kimi çalışıb.

2004-cü ilə qədərsə ABŞ Dövlət Departamentində, Mərkəzi Kəşfiyyat İdarəsində, "Azadlıq/Azad Avropa" radiostansiyasında və Karneqi Fondunda fəaliyyət göstərib.

Cənubi Qafqazdakı proseslərə əla bələd olan Pol Qobl hesab edir ki, işğalçı Ermənistanın 28 il ərzində miflər və bəyanatlar üzərində köklənmiş aqressiyasına son qoyan Bakı qətiyyətli addımlar atmaq imkanlarını nümayiş etdirdi: "Mühüm olan digər məqam isə odur ki, Azərbaycan Qafqaz və Mərkəzi Asiya ölkələrinə göstərdi - həm də Türkiyə ilə genişlənən əlaqələrinə görə Bakı mütləq şəkildə hesaba alınmalı qüvvədir. Bundan başqa, Azərbaycan-Türiyə alyansı ona qoşulacaq hər dövlətə dünyaya yol açır. Bu reallıq da Xəzərdən şərqdə olan ölkələri qərbə, Azərbaycan tərəfə baxmağa, iqtisadi planlarında və hesablarında Azərbaycana xüsusi yer ayırmağa vadar edir".

Qobl hesab edir ki, bütün bunlar eyni zamanda Rusiya və İranı qayğılandırır, çünki bu ölkələr ərazilərindən keçməyən Şərq-Qərb ticari maşrutlarına qarşı çıxır, Rusiya ilə İranı birləşdirən Şimal-Cənub dəhlizlərinə üstünlük verilməsini istəyirlər.

"Nəticədə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsindəki son uğurları Bakı və onun türk tərəfdaşları ilə Xəzərdə daha güclü hərbi-dəniz qüvvələrinə malik Rusiya və İran arasında yeni münaqişələrə zəmin yarada bilər", - P.Qobl yazıb.

Qoblu fikrincə, İkinci Qarabağ Müharibəsindəki möhtəşəm zəfərdən sonra Bakının regional proseslərə təsir imkanlarının genişlənməsinin bariz nümunələrindən biri Xəzərin təkindəki neft-qaz yataqları blokunun Türkmənistanla birgə istismar barədə anlaşma imzalamasıdır. Müqavilə Bakı ilə Aşqabad arasındakı çoxillik mübahisələrə son qoymaqla yanaşı, Mərkəzi Asiyanın digər ölkələri ilə Azərbaycan arasında əlaqələrin intensivləşməsinə təkan verə bilər. Bunun simvolu Bakı və Aşqabadın indiyədək mübahisə predmeti olmuş yataqlar blokunu "Dostluq" adlandırmaqla bağlı birgə qərarlarıdır.

Həmin bloku Azərbaycan "Kəpəz", Türkmənistan isə "Sərdar" adlandırırdı.

Eyni zamanda, Bakı, Kabul və Aşqqabad bu yaxınlarda "Lazurit dəhlizi" (Trade & Transport Route or Lapis Lazuli Corridor) kimi tanınan, Türkmənistan və Azərbaycan vasitəsilə Əfqanıstana Türkiyəyə çıxış imkanı yaradan transregional marşrutla bağlı da razılaşıblar. Sözügedən tranzit marşrutu ilə bağlı anlaşma illərdən bəri hazırlansa da, məhz Qarabağ zəfərindən sonra müqavilə real konturlar aldı.

Bu, bir daha göstərir ki, Azərbaycanda mütləq şəkildə hesaba alınması gərəkən iqtisadi və geosiyasi gücə çevrilir.

P.Qobl şesab edir ki bəhs etdiyi iki məqam Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yaşanan olaylar arasında ümumi planda olanlardan ən vacibləridir. Bu baxımdan digər, potensial sarıdan daha önəmli məsələ Qazaxıstanla bağlıdır.

Rəsmi Astana son ayda Aktau limanının buraxılış gücünün radikal şəkildə artırıldığını bəyan edib. Məqsəd Qazaxıstanın dəniz nəqliyyatı ilə Azərbaycana daha çox mal və məhsul ixrac edə bilməsidir. Həmin məhsullar sonradan Türkiyəyə və Avropaya daşınacaqlar.

Belə Xəzəryanı ticarətlə bağlı müzakirələr Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanın 2018-ci ilin avqustunda dənizdəki sərhədlərin delimitasiyası ilə bağlı anlaşandan bəri davam etdirilir. Amma yenə də, ekspertlər hesab edirdilər ki, müzakirələr konkret nəticə verməyəcək - 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli bəyanatı imzalayan günədək...

"Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında dəniz ticarətinin aktivləşməsini Moskva və Tehran razılıqla qarşılamırlar, çünki marşrutlar Rusiya ilə İrandan yan keçməklə yanaşı, bölgə dövlətlərinə daha geniş fəaliyyət məkanı və imkanları yaradır.

"Narazılıqlarını, habelə arzuladıqları rolu və yeri almayacaqları təqdirdə marşrutlara mane ola biləcəklərini nümayiş etdirmək üçün Rusiya və İran bu yaxınlarda Xəzərdə birgə hərbi-dəniz təlimləri keçirdilər. Təbii, bu addımlar Mərkəzi Asiya və Azərbaycan arasında ticarətin qarşısını almaq üçün Moskva ilə Tehranın hərbi gücə əl atacaqları anlamına gəlmir. Təlimlər sadəcə, Qarabağ Müharibəsindəki qələbədən sonra Azərbaycanın regional dövlətlər, xüsusilə də Türkmənistan və Qazaxıstan üçün daha cazibədar tərəfdaşa çevrilməsinin Moskva ilə Tehranda qıcıq doğurmasının nişanəsidir", - P.Qobl yazıb.

Bundan başqa, P.Qoblun fikrincə, 2-ci Qarabağ Müharibəsindəki qələbə İranda sayları 30 milyona çatan azərbaycanlılara da təsir edib və bu, rəsmi Tehranı qayğılandırır: "Bəzi ekspertlərsə hesab edirlər ki, Azərbaycanın qələbəsi postsovet məkanında separatizmlə qarşılaşmış dövlətlərdə Bakının təcrübəsindən yararlanmaq fikri yaradıb. Lakin Bakının döyüş meydanındakı qələbəsinin ən mühüm nəticəsi odur ki, Mərkəzi Asiya ölkələri Qərbə körpü qismində Azərbaycanı görürlər. Bu isə regionun türk dövlətlərində Azərbaycanın, sonra da Türkiyənin nüfuz imkanlarını daha da artıra bilər".

... Məşhur siyasi ekspert Pol Qobl ölkəmizin Qarabağ zəfərinin regional proseslərə və xüsusilə də Azərbaycanın geosiyasi çəkisi ilə roluna ciddi təsir göstərən amil olduğunu vurğulamaqda haqlıdır. Lakin onun bəzi fikirləri, yumşaq desək, mübahisəlidir.

"Lazurit dəhlizi" (Trade & Transport Route or Lapis Lazuli Corridor) Əfqanıstan, Trkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən tranzit marşrutdur.

Əfqanıstanın Herat şəhərində başlayan marşrut Aşqabad-Türkmənbaşı-Bakı-Tbilisi-Ankara-İstanbul istiqamətindədir. Marşrutun bir qolu isə Gürcüstanın Poti limanına çıxır.

Bu ilin yanvarında Əfqanıstan, Türkmənistan və Azərbaycan arasındakı üçtərəfli videokonfransda "Lazurit dəhlizi" çərçivəsində əməkdaşlığın yol xəritəsi təsdiqlənib.

Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın intensivləşməsinin Rusiya və İranı narahat etməsinə gəldikdə isə, Pol Qoblun və onun bəzi həmkarlarının narahatlığı bir qədər izafi təsir bağışlayır.

Belə ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdırdığı yeni strateji təşəbbüsünü - Azərbaycan, Türkiyə, Rusiya, İran və İrəvan istərsə, Ermənistandan ibarət regional tərəfdaşlıq platformasının yaradıldığını bəyan etdi.

Təşəbbüs gerçəkdən də, stareji olmaqla yanaşı, mövcud gərgin dünya düzəni şəraitində həddən ziyadə gərəklidir.

Cənubi Qafqazda regionda sülh və inkişaf üçün birgə fəaliyyətin yeni kooperasiya formatlarına zərurət duyulur.

Problemi bölgə dövlətləri yalnız birlikdə həll edə bilərlər. Vaşinqtonda və Avropa paytaxtlarında səslənən çoxsaylı bəyanatlara rəğmən, kollektiv Qərb çətinliklər məngənəsindəki Cənubi Qafqazın problemlərinin həllində yardım göstərmək niyyətində deyil.

Azərbaycan və Türkiyə prezidentlərinin strateji təşəbbüsü də propoqanda yox, obyektiv zəminləri olan platforma təklifidir.

Səbəblər çoxdur.

Məsələn, 2008-ci ildə Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Türkiyə inteqrasiya modeli formalaşmağa başladı. Həmin modelin bazisində reallaşmış layihələrlə yanaşı, bölgə ilə məhdudlaşmayan perspektiv iqtisadi və nəqliyyat-loqistik layihələr var. Çinin "Bir kəmər bir yol" geostrateji layihəsinə qatılmaq şərti ilə həmin marhrutların əla perspektivləri mövcuddur. Məhz bu səbəbdən "Altılar platforması" bölgə dövlətlərinin "maraq dərnəyi" yox, Cənubi Qafqazla bahəm, Rusiya və İranın yeni texnoloji bazada iqtisadi inkişafına təkan vermək üçün real şansdır.

Cənubi Qafqazda regional inteqrasiya və kooperasiyaya ciddi ehtiyac duyulur. Bakı və Ankaranın təşəbbüsü sözügedən problemin həlli üçün yaxşı imkanlar formalaşdırır.

Fars Körfəzini də Xəzər və Qara dənizlərlə "bağlamaq" üçün yeganə gerçək imkan Azərbaycanla kommunikasiya layihələrinin daha fəal reallaşdırılmasıdır.

Rusiya və İran bunu anladıqlarından Bakının Ankara ilə əlaqələrinin, habelə Mərkəzi Asiya dövlətləri ilə daha sıx təmasların formalaşmasına mane olan deyillər. Tam əksinə, bəhs etdiyimiz məcradakı inteqrasiya Moskva və Tehranın da geosiyasi maraqları ilə yanaşı, iqtisadi mənafelərinə cavab verir.

Azərbaycan regional inteqrasiya layihələrini gerçəkləşdirərək bölgə dövlətləri, o cümlədən Mərkəzi Asiya ölkələri ilə daha sıx, dayanıqlı və genişmiqyaslı əlaqələrdə maraqlıdır.

Bakı "Birlikdə güclənək, inkişaf edək" təşəbbüsü ilə çıxış edib.

Bu təşəbbüsün digər bölgə ölkələri tərəfindən qəbul edilməsi onların seçimidir, çünki qərarın necəliyindən asılı olmayaraq Azərbaycan güclənir, qüdrətini artırır.

Rusiya və İran layihələrdən faydalanmaq, Bakı ilə əlaqələri daha da aktivləşdirmək marağında olduqlarını daim bəyan ediblər.

Belədirsə, onların bəyanatlardan real işlərə keçmələri üçün əsl zaman indidir.

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.