Siyasət

Mirmahmud Mirəlioğlu: "Müxalifətin birgə aksiyaları ilə bağlı razılaşma əldə olunub"

27 Aprel 2010 12:57
Baxış: 247
- DUİ Sədrlər Şurasının son toplantısında 102 seşki dairəsi üzrə namizədlərin müəyyənləşdirildiyi açıqlandı. Əməkdaşlıq etdiyiniz Müsavat Partiyası ilə namizədlərin razılaşdırılması prosesi də başlayıbmı?

- Namizədlərin razılaşdırılması prosesinə artıq başlanıb. Müsavat Partiyası ilə bu istiqamətdə məsləhətləşmələrimiz olub. Sabah da bununla bağlı növbəti görüşümüz olacaq. Hazırda DUİ olaraq, Müsavat olaraq əksər dairələr üzrə öz namizədlərimiz müəyyənləşib. İlkin qərar belədir ki, hər dairə üzrə bu namizədləri razılaşdıraq. Amma mətbuatda hansısa dairələr üzrə konkret razılaşmaların olması barədə yazılanlara gəldikdə isə, bildirim ki, hələlik ümüumi məsləhətləşmələr mərhələsindəyik, hansısa konkret dairələr üzrə razılaşmalar yoxdur. Əlbəttə, belə bir razılaşma nəzərdə tutulur. Konkret nəticə əldə edilən kimi, bunu heç kimdən gizli saxlamayacaq, mətbuata da, seçicilərə də açıqlayacağıq. Hər kəs biləcək ki, hansı dairədə müdafiə etdiyimiz namizəd və ya dostlarımızın namizədi kimdir.

- Digər siyasi qüvvələrlə də bu istiqamətdə hansısa danışıqlarınız olubmu?

- Növbəti mərhələdə yəqin ki, "Azadlıq" bloku da bu məsləhətləşmələrdə iştirak edəcək. Bu fikri şəxsi ehtimalıma əsasən deyirəm. Çünki Əli Kərimli ilə iki dəfə görüşmüşəm. Mənim görüşümdən sonra Əli Kərimli də İsa Qəmbərlə bir dəfə görüşüb. Biz nəzərdə tuturuq ki, növbəti mərhələdə birgə məsləhətləşmələr olsun. Qismət olarsa, inşallah, buna da nail olacağıq.

- DUİ bir müddət əvvəl müxalifətin birgə kütləvi aksiyaların keçirilməsi ilə bağlı təklif irəli sürmüşdü. Bir neçə müxalifət partiyası arasında keçirdiyimiz sorğu zamanı bəlli oldu ki, onlara konkret rəsmi təklif verilməyib.

- Məsələn hansı partiyalar?

- ADP, Ümid, "Azadlıq" bloku...

- Bu təşəbbüs DUİ-yə məxsusdur. DUİ tərəfdən digər qüvvələrlə aparılan məsləhətləşmə və razılaşmalarda isə şəxsən özüm iştirak etmişəm.  Əli Kərimli ilə birgə kütləvi aksiyaların keçirilməsi və birgə təşkilat komitəsinin yaradılması ilə bağlı artıq ilkin razılaşma əldə olunub. Müsavat partiyası ilə də DUİ-nin bu istiqamətdə artıq konkret razılaşması var. Yəqin ki, DUİ, Müsavat və "Azadlıq" bloku arasında bu istiqamətdə məsləhətləşmələr, sonrakı mərhələdə isə konkret addımlar olacaq. Mən buna inanıram, çünki danışıqlar müsbət nəticə verib.

Aydın A.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.