Siyasət

Ölkə mediası ağır gündədir: təcili tədbirlər görülməlidir

11 Yanvar 2021 16:53
Baxış: 2 150

"Adının çəkilməsini istəməyən Məmməd kişinin dediyinə görə", "Ordumuz daha bir uğur qazanıb: rəsmi məlumat olmadığından, hələlik açıqlaya bilmirik", "Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, rəisin haqqında deyilənlər çoxdur", "Ermənistan mediasına istinadən bildiririk ki" və s... Tanış ifadələrdir, deyilmi?

İkinci Qarabağ Savaşı cəmi 44 gün davam etsə də, mediamız üçün rentgen müayinəsinə çevrildi. Bəlli oldu ki, ölkənin kütləvi informasiya vasitələri ümumən ağır durumdadır. Jurnalistlər arasında qeyri-peşəkarlıq, media strukturlarına rəhbərlik edən şəxslərin müasir dövrün tələblərindən bixəbərliyi, mənasız və ürək bulandıran pafosçuluğun gerçək vətənpərvərliyi üstələdiyi yazılar, sistemsizlik, ən başlıcası isə media strukturlarının rəhbərlərinin tam əksəriyyətinin sosial şəbəkələrdə işin nə demək olduğunu əsla anlamamamaları bəlli oldu.

Ermənistanın və dünya ermənilərinin, habelə Azərbaycana düşmən kəsilmiş ölkələrin güclü, nüfuzlu KİV-lərinin bizə qarşı informasiya savaşı apardığı, Azərbaycanı hədəfə aldığı savaş günlərində mediamız toplam olaraq hibrid savaşın tələblərinə cavab vermədiyini göstərdi.

Əslində, vəziyyət onsuz da məlum və aşkardı, lakin savaş günləri kütləvi informasiya vasitələri sahəsindəki problemlərin ağırlığını və miqyasını dəqiq göstərdi.

Xüsusilə də internet-mediasıdakı anarxiya, tam xaos və özbaşınalıq, "reket" adlandırlan və əslində dilənçiliklə, şantajla məşğul olan jurnalistlərin sayının azalmaq əvəzinə, daha da artması kimi olaylar mediamızdakı eybəcər durumu ortaya qoydu.

Problemlər çoxdur, lakin onları həll etmək, indiki vəziyyətdən qurtulmaq və inkişaf etmək üçün emosional dəyərləndirmələrlə yanaşı, analitik təhlilə və ələlxüsus da qanunverici bazaya zərurət var.

"Kütləvi informasiya vasitələri haqqında" qanun günün tələblərinə və indiki durumun çağıışlarına cavab verməməklə yanaşı, tam bir anaxronizm təsiri bağışlayır.

Qanunun tələbləri, bəndləri və məzmunu ötən əsrin sonları üçün aktual idisə, 2021-ci il Azərbaycan mediası üçün ballast, gərəksiz yük təsiri bağışlayır.

Məsələn, sözügedən qanunda sosial şəbəkələr və onlayn media barədə faktiki olaraq heç nə yoxdur. Halbuki sosial şəbəkələr onlayn medianı, onlayn media isə ənənəvi KİV-i operativlik, populyarlıq və məlumatın yayılma arealı baxımından çoxdan geridə qoyub.

Sosial medianın və internet jurnalistikasının tənzimlənmədiyi, bəhs olunan sahələrlə bağlı qaydaların və tələblərin əks olunmadığı qanunun yeri arxiv olmalıdır.

1999-cu ildə qəbul edilmiş bu qanun KİV-in ənənəvi çap mediası, yəni qəzetlər, həmçinin telekanallar və radiostansiyalardan ibarət dövrdə aktual idi. Sonrakı illərdə qanuna bəzi dəyi.ikliklər olundu, lakin hazırda mediaresursların internet məkanında fəaliyyəti heç bir halda tənzimlənmir.

Məsələn, sözügedən qanunda kütləvi informasiya vasitələri mündəricatına sonradan informasiya agentlikləri və onlayn-media da əlavə olunub. Lakin qanunda hələ də onlayn medianın və sosial şəbəkələrin nüansları əks olunmayıb.

Əksər hallarda informasiya onlayn resursların sosial şəbəkədə məhz informasiya məcrasında əlavələrinin, yəni profillərinin və Telegram kanallarının olmasının mümkünlüyü ümumiyyətlə, qanunda əks olunmayıb.

Əfsuslar olsun ki, ölkədə bəzi dövlət qurumları hələ də internet medianı tammənalı kütləvi informasiya vasitələri kimi qəbul etmirlər. Halbuki hazırda məhz internet-media informasiyanın cəmiyyətin əhəmiyyətli hissəsinə çatdırılmasında əsas element rolunu oynayır.

KİV haqqında qanunda isə Facebook səhifələri, qruplar, Telegram kanalları, bloqinq barədə bir kəlmə də olmadığından minlərlə izləyicisi, təqibçisi və abunəçisi olan sözügedən resurslar öz bildikləri kimi fəaliyyət göstərir, hərəkət edirlər.

Təbii ki, bu zaman informasiyanın dəqiqliyi və dürüstlüyü, kontentlə bağlı müəllif hüququna riayət ediliməsi, jurnalist etikası və s. kimi məsələlər arxa plana keçir.

İndi Azərbaycanda xəbər saytı yaratmaq ən asan işlərdən biridir. Kiçik məbləğə domen al, ucuz qiymətə sayt sifariş ver - vəssəlam, jurnalistikanın qayda və normalarına riayət etmədən çalışmaq olar.

Bundan isə informasiyanın son istehlakçısı olan oxucu auditoriyası ziyan görür.

Dünya praktikasından bəhrələnə bilərik. Məsələn, 6 il əvvəl Rusiyada qəbul edilmiş qanuna görə, blorqerlərlə sosial şəbəkələrdə populyar olan şəxslərin profilləri, səhifələri və akkauntları KİV sayılır.

Onlar KİV qismində qeydiyyatdan keçməli, qanuna riayət etməlidir.

Almaniyada iki il əvvəl qəbul edilmiş qanuna görə, təhqiredici və aşağılayıcı məzmunlu yazılarla şərhlərin 24 saat ərzində pozulmayacağı təqdirdə sosial şəbəkələri çox böyük məbləğdə cərimələr gözləryir.

Filippində 3 il əvvəl qəbul edilmiş qanuna görə, sosial şəbəkələrdə və onlayn mediada yalan, dezinformasiya məzmunlu xəbərlərin bilərəkdən yayılması cinayət məsuliyyəti sayılırp.

Türkiyədə 2014-cü ildə qəbul edilmiş "İnternetdə dərc və onun nəticələri haqqında" qanuna görə, yalan və dezinformasiya yayan saytlar məhkəmə qərarına zərurət duyulmadan qapadıla bilər.

Gördüyümüz kimi, internetdə inforrmasiya məkanının qanunlar çərçivəsində tənzimlənməsi ilə bağlı fərqli ölkələrdə müxtəlif praktika var. Amma belə tənzimlənmənin mövcduluğunu zaman tələb edir.

KİV barədə qanunun mastodonta dönməsi həm də mediamızda Azərbaycan dilinin qaydalarına riayət olunmması,  jurnalistikanın nüfuzu aşağı düşməsi, mass-mediaya qeyri-peşəkarların, bisavadların və diletantların, bəzi hallarda isə fırıldaqçılarla cinəyətkarların axın etməsinə rəvac verən vəsilələrdən sayıla bilər.

Halbuki mass-mediamızdakı bu acınacaqlı vəziyyət ölkənin informasiya təhlükəsizliyinə çox ciddi təhdiddir. Unutmayan ki,  düşmənin və Azərbaycana qarşı qərəzli, ikili standartlara əsaslanan mövqe tutmuş ölkələrin bitmək bilməyən və bundan sonra daha da aktivləşəcək təxribatları ilə üzbəüzük.

Ölkə mediasında və xüsusilə də sosial şəbəkələrdə isə tam əks mənzərəni görürük.

Ermənistandakı və dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun mənsublarının Telegram kanalları, sosial şəbəkələrdəki akkauntları və profilləri, habelə İrəvandakı media strukturları tərəfindən yayılan məlumatlar hər hansı faktçekinq edilmədən, yoxlanmadan, az qala olduğu kimi sosial şəbəkələrimizdə və mediamızın bir çox strukturları tərəfindən tirajlanır, real vəziyyəti əks etdirən obyektiv məlumat kimi yayılır.

Bunun bir adı var - informasiya sahəsində xaos, özbaşınalıq və nəzarətsizlik.

Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, habelə çoxsaylı digər profil qurumlar çağdaş dövrün tələblərinə əsla cavab vermir.

Anaxronik qurumlara çevriliblər. Yeni, daha geniş səlahiyyətli, proseslərə operativ reaksiya verə biləcək struktura ehtiyac var.

Çap mediasındakı vəziyyətə gəldikdə isə, durum gerçəkdən də, acınacaqlıdır. Reklam bazarının olmamasından şikayətlənən qəzetlərin baş redaktorları işlərində zərrə qədər də olsun, dönüş və irəliləyiş etmək istəmirlər.

Reklamların olmamasından şikayətlənmək əvəzinə satış bazarını tətdiq etmək, yayımdakı problemləri araşdırmaq və ən nəhayət, rəhbərlik etdikləri qəzetlərin niyə oxunmamasını, alınmamasını təşkil etməkləri gərəkdiyi halda, onlar dövlət büdcəsindən ünvanlı maliyyə ayırmalarına bel bağlayırlar.

Belə yarıtmaz və zərərli praktikaya son qoyulmalı, oxunmayan, populyar olmayan, satılmayan qəzetlərə dövlət büdcəsindən bir manat da verilməməlidir.

Print mediasını, yəni qəzetləri bəhs etdiyim maliyyə dopinqi vasitəsilə yaşatmaq mümkün deyil. Son illərin təcrübəsi göstərir ki, KİVDF vasitəsilə qəzetlərə hər il ayrılan külli miqdarda vəsait çap mediasındakı acınacaqlı vəziyyəti, bitmək bilməyən geriləməni və reqressi dayandırmayıb. Tam əksinə, bu pullar yardım alan qəzetlərin baş redaktorlarında səbəbsiz arxayınlıq, apatiya, süstlük yaradıb, onları "dövlət yardım edəcək" əminliyində rahatlaşdırıb.

Fəqət dövlət niyə vətəndaşların ödədikləri vergilər hesabına məntiqsiz davranan, səbatlı marketinq siyasəti yürütməyən, inkişafa çalışmayan qəzetlərə yardım etməlidir?! Paradoks deyilmi bu?!

Situasiya təxirəsalınmaz müdaxiləni, mass-mediadakı vəziyyətin sistemləşdirilməsini, KİV haqqında yeni qanunun hazırlanaraq qəbul edilməsini, mediadakı problemləri həll edərək vəziyyəti tənzimləyə biləcək yeni strukturun yaradılmasını tələb edir.

Nə qədər ki, gec deyil...

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.