Siyasət

Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH

27 Noyabr 2020 17:50
Baxış: 1 523

Bəşər tarixində baş verən bütün müharibələr böyük dağıntılar, faciələr, insan ölümləri, psixoloji sarsıntılarla müşayiət olunub. Ancaq haqq, ədalət uğrunda, işğalçıya, qəsbkara qarşı aparılan müharibələr nə qədər ağır itkilərlə müşayiət olunsa da, öz torpağı, Vətəni uğrunda ölüm-dirim mübarizəsi aparan xalqların qürur mənbəyinə, qəhrəmanlıq səlnaməsinə çevrilib, onların real zamandakı və tarixdəki yerlərini müəyyənləşdirib.

Milli.Az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli deyib ki, bu baxımdan, Vətən Müharibəsi adlandırdığımız ikinci Qarabağ savaşının qəhrəmanları öz adları ilə yanaşı, Azərbaycan xalqının və dövlətinin də adını haqq, ədalət uğrunda savaşan və qalib gələn millətlərin sırasına yazaraq, qürurumuzu bayrağımızın ucaldığı bütün yüksəkliklərə qaldırıblar:

"Uzun illərdən bəri düşmənlərimiz və onların havadarları tərəfindən təhrif olunmuş şəkildə dünyaya təqdim olunan Azərbaycanlı obrazının gerçək cizgiləri məhz Azərbaycan ordusunun rəşadəti, şəhidlərimizin müqəddəs qanı sayəsində daha qabarıq görünməyə başlayıb. Hazırda bu günün və gələcəyin Qalib Azərbaycanlıları olaraq, tarixi obrazımızı özmüzə qaytardıqlarına görə Azərbaycan xalqının əbədi qəhrəmanlıq abidəsinin memarlarına - Ali Baş Komandana, şəhid və qazilərimizə Azərbaycan ordusunun hər bir əsgər və zabitinə borcluyuq.

Xüsusi olaraq qeyd etməliyəm ki, 30 illik bir fasilədən sonra öz tarixi torpaqlarını azad etmək çox nadir xaqlara nəsib olan xoşbəxtlikdir. Bu həm də bizim döyüş ruhumuzdan, əzmkarlığımızdan, məğlubiyyətlə barışmamaq qürurumuzdan, qətiyyətimizdən, yenidən toparlanmaq bacarığımızdan xəbər verir. İkinci Qarabağ savaşında Azərbaycanın rəşadətli əsgər və zabitlərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələri dünya hərb tarixinə əbədilik həkk olunacaq, başımızı hər zaman uca edəcək.

Dağlıq Qarabağın bir çox əraziləri müdafiə üçün ideal şəraitə malik olduğuna görə, ordumuz üçün əlavə çətinliklər qaçılmaz olub. Ermənistan uzun illər işğal etdiyi ərazilərdə müdafiə səddləri qurub, istahkamlar tikib. Düşmən işğalı davam etdirmək və qarşı tərəfə maksimum itki vermək üçün bütün mümkün vasitələrdən yararlanıb, yeraltı yollar, lağımlar salıb, bəzən ağır artilleriya atəşinin, raketlərun belə dağıda bilmədiyi bunkerlər yaradıb.

Düşməni və havadarlarını sarsıdan da uzun illərdən bəri görülən hazırlıqların, qurulan istehkamların və bu istehkamların arxasında daldalanan "məğlubedilməz erməni əsgəri" mifinin Azərbaycan əsgəri tərəfindən yerlə bir edilməsidir. Azərbaycan Ordusu düşmənin öz çoxsaylı havadarlarının köməyi ilə bir neçeə il ərzində işğal etdiyi və 30 ilə yaxın zaman şərçivəsində möhkəmləndiyi torpaqlarımızı 44 gün ərzində və minimum itkilərlə azad edib. Azərbaycan ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın da nümunəsini ortaya qoyu".

E.Mirzəbəyli vurğulayıb ki, bu gün müharibədə 2-3 min əsgər və zabitinin həlak olduğunu iddia edən Ermənistan hökumətinin növbəti dəfə öz ictimaiyyətini aldatdığı aydın görünür:

"Hərbi əməliyyatlarda dronların istifadəsi zamanı yüzlərlə düşmən texnikasının sıradan çıxarıldığı, qrup halında şəxsi heyətin məhv edildiyinə dair çoxsaylı kadrlar var. Təkcə bu kadrların təhlili, habelə kadrlara düşməmiş çoxsaylı əməliyyatlar zamanı düşmənin böyük itkilər verməsi sübuta yetirir ki, Ermənistanın itkiləri ən azı 10 min nəfər civarındadır. Döyüş əməliyyatlarının ən qızğın vaxtlarında Ermənistan tərəfinin xəstəxanalarındakı çarpayı sayı və digər məqamlarla bağlı açıqladığı statistik göstəriciləri hesablamaqla, hələ oktyabrın ikinci ongünlüyündə düşmən ölkənin 10 min nəfər yaxın yaralı hərbçisinin olduğunu yazmışdım. Amma unutmaq lazım deyil ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki Ermənistan hərbi birləşmələrinin şəxsi heyətinin əhəmiyyətli hissəsini muzdlular təşkil edib. Ermənistan hökuməti isə, ancaq Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində xidmət edən Ermənistan vətəndaşı olan hərbçiləri nəzərə alır.

Açıqlanan rəqəmlərdə Dağlıq Qarabağ erməniləri və xaricdən gələn çoxsaylı muzdlular məsələsinə toxunulmur, onlar hesablanmır. Bu mövzuda danışmaq ağır olsa da müharibənin özü ilə bərabər böyük dəhşətlər gətirdiyini də unutmaq lazım deyil. Azərbaycan Ordusu dağlıq ərazilərdə, dərin meşəliklərdə əməliyyatlar aparıb, zabit və əskərlərimiz şiddətli döyüşlərdə iştirak ediblər. Bir sıra hallarda həlak olmuş hərbçilərimizi mürəkkəb coğrafi şəraitə malik ərazilərdən çıxartmaq mümkün olmayıb. Hər birimizin doğması, əzizi olan qəhrəmanlarımızın nəşinin bu ərazilərdən çıxarılması, nə qədər ağrılı olsa da vaxt tələb edir.

Digər tərəfdən, Birinci Qarabağ müharibəsindən də ermənilərin xüsusi qəddarlığı, əsir götürülmüş, həlak olmuş vətəndaşlarımız və hərbçilərimizlə insanlığa sığmayan, amansız davranışları onu deməyə əsas verir ki, bəzi hallarda həlak olmuş hərbçilərimizin taleyi haqqında məlumat əldə etmək bizim üçün müəyyən çətinliklər yarada biləcək. Unutmaq lazım deyil ki, döyüş əməliyyatlarında müasir və dağıdıcı silahlardan istifadə olunub. Bu baxımdan şəhidlərimizin arasında itkin düşən, dağıdıcı silahların təsirinə məruz qalaraq tanınmaz halda olan əsgər və zabitlərimizin olması da mümkündü . Təəssüf ki, müharibənin acı reallıqları belədir. Amma şübhə etmirəm ki, Azərbaycan dövləti öz qəhrəmanlarına, onların layiq olduğu sayğını, ehtiramı göstərmək üçün bütün imkanlardan istifadə edəcək.

Bu səbəbdən də, müharibədə əzizləri itkin düşən, cəsədləri tanınmaz halda olan qardaşlarımızın, övladlarımızın doğmaları, nə qədər çətin olsa da səbr və təmkin nümayiş etdirməli, Azərbaycan xalqının hər bir nümayəndəsinin onların ağrı-acısına şərik olduğundan əmin olmalıdırlar. Azərbaycanın ırazi bütövlüyü uğrunda şəhid olan, qazi olan vətəndaşlarımızın hər biri bizim doğmalarımız, əzizlərimizdir. Dövlətimiz, xalqımız şəhidlərimizin xatirəsini hər zaman əziz tutacaq, onların doğmalarının, yaxınlarının daim diqqət mərkəzində olmaları üçün mümkün olan hər şeyi edəcək. Bunu Birinci Qarabağ müharibəsinin təcrübəsi də sübuta yetirir. Bu gün bizim ən böyük təsəllimiz bu ağır müharibədən şərəflə çıxmağımızdır. Şəhidlərimiz qanı yerdə qalmayıb! İşğaldan azad edilən torpaqlarımız şəhid və qazilərimizin qanı ilə yuyulub, müqəddəsləşib. Şəhidlər ölmür, onlar nicatı uğrunda canlarını fəda etdikləri xalqın yaddaşında daim yaşayırlar!".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.