Siyasət

Qələbə Bizimdir!

21 Noyabr 2020 11:02
Baxış: 592

Artıq 20 ildir ki, noyabr ayının 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Ədliyyə sisteminin intibahı, Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması da məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkəmizdə məhkəmə-hüquq islahatlarına başlanılmış, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görülmüş, habelə şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır.

Ulu Öndər Heydər Əliyevin ənənələrini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ədliyyə orqanlarının işinin təkmilləşdirilməsinə, müasirləşdirilməsinə daim diqqət və qayğı göstərir. Ölkə Rəhbərinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni tarixi şəaitdə Ədliyyə Nazirliyini dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevirmişdir.

Qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanda digər sahələrdə də məqsədyönlü surətdə davam etdirilir. Bu gün biz qürur hissi ilə deyirik ki, dövlət başçımızın bilavasitə rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf ölkəmizi regionun lider dövlətinə çevirmiş, Azərbaycan dünyada analoqu olmayan inkişaf sürətinə nail olmuşdur.

Bunun bariz nümunəsi kimi sentyabr ayının 27-dən Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzünə cavab olaraq ordumuzun əks-hücum əməliyyatlarının uğurla başa çatmışdırılmasını göstərmək olar. 44 gün çəkən sülhə məcburetmə əməliyyatları nəticəsində müzəffər ordumuz Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi uğura imza atmışdır. 30 illik bir müddətdə mənfur düşmən işğalında olan torpaqlarımızın böyük hissəsi hərb tarixinə düşəcək uğurlu əməliyyatlarla işğaldan azad edilmişdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi ordumuz qarşısında dayana bilməyəcəyini anlayaraq təslim olmağa məcbur edilmiş, Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin birgə üçtərəfli bəyanatını imzalamaq məcburiyyətində qalmışdır. Sülhə məcburetmə əməliyyatı öz hədəfinə çatmışdır. Ordumuz iki aydan da qısa vaxt ərzində bütün əməliyyatlardan uğurla çıxmış, bir addım da geri çəkilməyərək şanlı tarix yazmışdır.

28 ildir həsrətində olduğumuz, Azərbaycanın mirvarisi bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərinin 8 noyabr tarixində düşmən işğalından azad edilməsi, orada şanlı bayrağımızın dalğalanması, bir gün sonra qeyd etdiyimiz dövlət bayrağı gününün heç vaxt olmadığı qədər böyük coşğuyla qeyd edilməsinə səbəb olmuşdur. Şuşanın işğaldan azad edilməsi günü bizim şanlı qələbə, zəfər günümüzdür. Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.

Ali Baş Komandanın Şuşanın işğaldan azad edilməsi xəbəri xalqımıza böyük sevinc gətirdi. Həmin gün yaşadığımız fəxarət hissini sözlə ifadə etmək isə mümkün deyil. Qeyrət rəmzimiz olan Şuşanın işğaldan azad olunmasının verdiyi qürür dövlətimiz var olduqca bizlərlə yaşayacaqdır.

Müharibədə təcrübəli və savadlı zabit heyətinə, döyüşkən əsgərlərə malik ordumuza qarşı döyüşlərdə heç bir hərbi uğur qazanmayan Ermənistan Silahlı Qüvvələri dinc əhalimizi hədəf almış, təmas xəttindən kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Heç bir beynəlxalq norma tanımayan, beynəlxalq hüquqa hörmət etməyən düşmən yaşayış evlərini, məktəbləri, ictimai binaları, əhalinin sıx olduğu şəhər meydanlarını, hədəfə almış, qadağan edilmiş silahlar və ağır artilleriya atəşi nəticəsində çoxsaylı günahsız, mülki insanlar həlak olmuş və yaralanmışdır.

İnsan hüquqların kobud pozuntularına ən çox silahlı münaqişələr və müharibələr zamanı rast gəlinir. Müharibə elə bir vəziyyətdir ki, bu zaman bütün hüquqlar üçün potensial təhlükə yaranır, onların təminatı sual altına düşür. Müharibə edən ölkələrdən biri Ermənistandırsa, bu zaman ümumiyyətlə insan hüquqlarından danışmaq çətindir. Çünki hər nə qədər çətin situasiya da olsa, beynəlxalq hüquq normalarına riayət etməklə mülki şəxsləri müharibənin yaradacağı çətinliklərdən sığortalamaq olar. Ancaq Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizə qarşı yönələn erməni təcavüzü bunu bir daha açıq-aydın dünya ictimaiyyətinə göstərdi ki, Ermənistan hökuməti heç bir insan hüququna, beynəlxalq humanitar hüquqa hörmət etmir. XXI əsrdə, təmin olunması bütün dövlətlərin ən ali məqsədi olan insan hüquqlarının prioritet olduğu bir dövrdə, bütün dünyanın gözü qarşısında törədilən bu müharibə cinayətləri kəskin şəkildə pislənməlidir.

Ermənistanı daha da azğınlaşdıran, sülh və insanlıq əleyhinə yönəlmiş yeni-yeni qatı cinayət əməlləri törətməyə sövq edən əsas amillərdən biri də həmin işğalçı dövlətin ötən dövr ərzində Azərbaycana qarşı törətdiyi müharibə və terror cinayətlərinə görə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hüquqi sanksiyaya məruz qalmaması, ölkəmizin ərazi bütövlüyünü tanıyan, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz azad olunmasının, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının hüquqi vəziyyətini müəyyən edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası üzrə təsirli tədbirlərin görülməməsi ilə bağlıdır.

Ancaq bu günlər içərisində bir daha şahidi olduq ki, dünya ictimaiyyəti, xüsusilə insan haqları "carçısı" olan Avropanın və dünyanın ən inkişaf etmiş ölkələri bu məsələdə ikili standartlara yol verir, kiçik istisnaları çıxmaq şərti ilə kütləvi insan tələfatları ilə nəticələnən insan hüquqlarının kobud pozuntularına göz yumur. Lakin bu günlər ərzində beynəlxalq ictimaiyyət eyni zamanda xalqımızın öz haqqı uğrunda mübarizəsinə, beynəlxalq qətnamələrin ordumuz tərəfindən icra edilməsinə şahidlik etdi.

Xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş döyüşlər ordumuzun uğurlu əməliyyatları nəticəsində Azərbaycanın uzun illərdir işğal altında olan şəhər, qəsəbə və kəndlərini, çoxsaylı strateji yüksəkliklərini, xüsusilə də Qarabağın incisi, mədəniyyət beşiyi, ölkəmizin qədim tarixə malik şəhərlərindən olan Şuşanı işğaldan azad edən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa etməklə öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Artıq müstəqil dövlətimizin üçrəngli, ay-ulduzlu dövlət bayrağı respublikamızın bütün guşələrində olduğu kimi, Şuşada və işğaldan azad edilmiş digər torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.

Bu, Azərbaycan tarixinin ən möhtəşəm qələbəsidir. Bu qələbə sayəsində ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoyacaq, insanların sülh, rifah içərisində yaşamaq, inkişaf etmək hüquqları təmin olunacaqdır.

Onu da qeyd edim ki, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı törətdilən cinayətlər, o cümlədən hər bir insanın təhlükəsiz yaşamaq hüququnun pozulmasına yönələn müharibə cinayətləri, terror barədə həqiqətlərin, insan hüquqlarına dair beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə, Ədliyyə Nazirliyi tərəfindən üç dildə (Azərbaycan, rus və ingilis dillərində) "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması da yaradılıb. Yayılan məlumatlara görə, daim yenilənən həmin platformada Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial şəbəkələrdəki müraciətləri və media qurumlarındakı çıxışları, erməni işğalından azad olunmuş ərazilərimiz haqda verilən xəbərlər, ölkə rəhbərinin imzaladığı fərman və sərəncamlar, bayrağımızın ucaldılması mərasimləri, Qarabağın və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələrə dair fotoqalereyalar, DQ münaqişəsinə dair tarixi sənədlər, hətta Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri və digər materiallar yerləşdirilib.

Torpaqlarımızın 20%-nin işğal olunması ilə nəticələnmiş birinci Qarabağ müharibəsi nəticəsində bir milyondan çox soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşmüş, həmin şəxslər əksər hüquqlarından məhrum olunmuşlar. Təcavüz nəticəsində 20 mindən çox soydaşımız həyatlarını, minlərlə insan sağlamlıqlarını itirmişdir. Azərbaycan vətəndaşları iqtisadi, sosial, mədəni hüquqlarından məhrum edilmiş, maddi-mədəni sərvətlərimiz dağıdılmış, tarixi-mədəniyyət abidələri yararsız hala salınmış, ərazilərimizdə ekoloji terror törədilmişdir. Bu illər ərzində meşələrimiz talan edilmiş, nadir meşə ağaclarımız qırılaraq xarici ölkələrə ixrac edilmiş, faydalı qazıntılarımız mənimsənilmişdir. Faydalı qazıntı yataqlarımızın istismarında ekoloji tələblərə belə riayət edilməmişdir, bütün regionun ətraf mühitinə zərər vurulmuşdur.

Ermənistan bu 30 ildə çaylarımızı zəhərli və kimyəvi tullantılarla çirkləndirmiş, içməli su və təsərrüfat təyinatlı çaylarımızın qarşısını kəsərək minlərlə insanın suya olan tələbatının ödənilməsinin qarşısını almış, bununla da ölkəmizə qarşı hərbi təcavüzlə yanaşı "ekoloji terror" da törətmişdir. Bununla bağlı Avropa Şurasının Parlament Assambleyasında "Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib" adlı qətnamə qəbul edilmişdir. Həmin qətnamədə qeyd edilir ki, suya maneəsiz çıxış hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətlidir və sərhədlərin mövcudluğunun bu istifadəni məhdudlaşdırmadığını vurğulamaqla qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz. Daha sonra qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalının Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problem yaratdığı qeyd edilmişdir.

Ermənistan ekoloji terroru davam etdirməklə, Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etmişdir. Eləcə də, Kəlbəcərdə və Ağdamda yanğınlar törətməklə, meşələri qırmaqla ekoloji cinayətlərini davam etdirirlər. Bütün bunlar Ermənistan rəhbərliyinin həm də ekologiya və təbiət qatili olduğunu göstərir.

Ötən əsrin 80-ci illərindən etibarən insan hüquqları təsnifatına 3-cü nəsil insan hüquqları kimi qeyd edilən bəzi hüquqlar əlavə olunmuşdur. Bunlara misal olaraq, inkişaf hüququ, sülh hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ kimi hüquqları göstərmək olar. Yeni nəsil hüquqların yarandığı bir dövrdə özünü qədim sivilizasiyaya malik xalq kimi qələmə verən ermənilərin ölkəmizə qarşı təcavüzü əslində dünyada baş verən müsbət meyllərdən, dayanıqlı inkişafa aparacaq proseslərdən nə qədər kənar qaldıqlarının bariz nümunəsidir. Təkcə Xocalı faciəsinin törədilməsi mənfur qonşumuzun nəinki bu hüquqlara, ümumiyyətlə insan həyatına qiymət vermədiklərini sübut edir.

Azərbaycanlılara qarşı erməni təcavüzü, soyqırım və işğalçılıq siyasəti 100 ildən artıq bir dövrə təsadüf edir. Ötən əsrin əvvəllərindən başlayaraq xalqımızın nümayəndələri tarixi torpaqlarından qovulmuş, azərbaycanlılara qarşı ölkəmizin müxtəlif şəhərlərində soyqırım aktları törədilmişdir. Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Respublikasının Sovet İttifaqının dağılmasından sonra ölkəmizə qarşı yeni torpaq iddiaları nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğala məruz qalmışdır.

1994-cü ildən imzalanmış atəşkəsə baxmayaraq Ermənistan hakimiyyəti dəfələrlə bu razılaşmanı pozmuş, cəbhə bölgəsində müxtəlif təxribatlar törətmişdir. Lakin hər dəfə düşmənə layiqli cavab verilmiş, onun yeni ərazilər işğal etmək cəhdləri ordumuz tərəfindən qətiyyətlə alınmışdır.

Ən son belə təxribat cəhdi bu ilin 27 sentyabr tarixinə təsadüf etmişdir ki, onun da nəticəsi artıq hamıya məlumdur.

Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları birgə Bəyanata əsasən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xalqımızın tarixi qələbəsi ilə son qoyulmuşdur. Əldə olunan qələbələr Ermənistanı işğal altında olan əraziləri siyasi yolla qaytarmağa məcbur edir. Ali Baş Komandan eyni zamanda bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulan hüquq və azadlıqlarını bərpa etdi.

30 ilə yaxın bir müddətdə davam edən məcburi köçkünlük vəziyyəti artıq tarixə qovuşur. Mülkiyyət hüquqları başda olmaqla əksər hüquqları kobud şəkildə pozulmuş soydaşlarımızın problemləri hər zaman dövlətimizin diqqətində olmuş, çadır şəhərcikləri ləğv edilərək orada müvəqqəti məskunlaşmış şəxslər üçün müasir yaşayış məskənləri salınmış, sosial layihələr həyata keçirilməklə humanitar fəlakətin nəticələri aradan qaldırılmışdır. Məcburi köçkünlərin hüquqları bərpa olunur, onlar öz doğma yurd-yuvalarına qayıdırlar.

10 noyabrda imzalanmış Bəyanat təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda blokada şəraitində qalan Naxçıvan bölgəmizlə uzun illərdən sonra quru əlaqəmizin yaradılmasına gətirib çıxaracaq. Muxtar Respublikası ilə açılacaq nəqliyyat dəhlizi insanların sərbəst hərəkət etmək azadlıqlarının bərpası ilə yanaşı, iqtisadi cəhətdən bölgənin inkişafına, inasnların rifah halının yüksəlməsinə şərait yaradacaqdır.

İşğaldan azad olunmuş ərazilərimiz, digər bölgələrimiz kimi inkişaf edəcək, ora həyat qayıdacaq, infrastruktur layihələri gerçəkləşdiriləcək, yeni iş yerləri yaradılacaq, Azərbaycan xalqının ləyaqətli həyat sürməsi üçün bütün zəruri şərait yaradılacaqdır. Şərqdə ilk demokratik respublikanı quran, qadınlara seçki hüququnu tanıyan xalqın nümayəndələri, İlham Əliyev kimi güclü liderinin öndərliyində insan hüquqları sahəsində daha böyük uğurlara imza atacaqdır.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın müzəffər Ali Baş Komandan, Birinci vitse-prezident və qüdrətli Azərbaycan Ordusu !

Orxan Məmmədli
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

TREND

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.