Siyasət

Putin Dağlıq Qarabağla bağlı müşavirə keçirib

20 Noyabr 2020 21:26
Baxış: 1 823

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiya Federasiyasının daxili təhlükəsizliyi üçün əhəmiyyətindən danışıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə V.Putin Rusiyanın Dağlıq Qarabağda sülhməramlı missiyası ilə bağlı müşavirədə deyib.

Rusiya dövlət başçısı bildirib ki, ölkəsi üçün bu tip münaqişələr və onların həlli xüsusi əhəmiyyət kəsb edir:

"Rusiyada milyonlarla erməni və azərbaycanlının yaşadığını nəzərə alaraq, bizim üçün bunlar boş sözlər deyil".

V.Putin bildirib ki, Rusiya Dağlıq Qarabağda humanitar problemlərin həllində YUNESKO-nun və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) qoşulmasına ümid bəsləyir:

"Xüsusilə həm Azərbaycan, həm də Erməni tarixi abidələrinin və dini ziyarətgahların qorunması barədə demək istərdim". Rusiya prezidenti qeyd edib ki, bu məsələ "vacib bir əxlaqi, insani ölçüyə sahibdir".

V.Putin əlavə edib ki, Rusiya yaxın gələcəkdə Dağlıq Qarabağda humanitar problemlər daxil olmaqla aktual problemləri həll etmək üçün nümayəndə heyəti göndərəcək.

Rusiya lideri "həm Ermənistan, həm də Azərbaycan həmkarları ilə davamlı təmasda olduğunu" xatırladıb:

"Hər iki liderlə bir sıra nazirlik və qurumların rəhbərlərindən ibarət Rusiya nümayəndə heyətinin yaxın vaxtlarda Ermənistana və Azərbaycana göndəriləcəyinə dair razılığa gəldik".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.